03 dekabr 2019 11:08
754

Büdcə daxilolmaları əlavə maliyyə resurslarını formalaşdırır

Sosial və investisiyayönümlü dövlət büdcəsinin möhkəmlənməsi, iqtisadi, sosial islahatların coğrafiyasının genişlənməsi ölkə vətəndaşlarının həyat tərzini gündən-günə yaxşılaşdırır. Davamlı, dinamik inkişaf sayəsində infrastruktur layihələrinin, sosial islahatların tətbiqi genişlənir, bölgələrin siması dəyişilir, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı və iştirakı artır.

Son illərdə ölkədə davam etdirilən siyasət nəticəsində sənayedə, aqrar sahədə qazanılan uğurlar, ölkə iqtisadiyyatına qoyulan sərmayələrin çoxalması, xarici şirkətlər tərəfindən respublikamıza marağın, ayırdıqları investisiyaların artması, Azərbaycan brendi ilə tanınan məhsulların dünya bazarlarında tanınması möhkəmlənən dövlət büdcəsindən məqsədyönlü istifadənin nəticəsidir. Respublikada özəl sektorda artımın 3, qeyri-neft sənayesi üzrə isə 15 faiz olması, valyuta ehtiyatlarının 50 milyard dollara çatması, iqtisadiyyata ayrılan investisiyaların artımı möhkəmlənən dövlət büdcəsi ilə birbaşa əlaqəlidir.

Dövlət siyasətinin əsasında dayanan iqtisadiyyatın neft amilindən asılılığının azaldılması , qeyri-neft sektoruna diqqətin artması, sahibkarlığın, biznes mühitinin formalaşması üçün aparılan islahatların səmərəsi büdcədə yaranan potensial nəticəsində mümkün olmuşdur. Maliyyə imkanları hesabına sahibkarlara 130 milyon manat güzəştli kreditlərin ayrılması, iqtisadiyyatın inkişafının əsas göstəricisi olan inflyasiyanın ölkə üzrə 2 faizdən bir qədər çox olması ən inkişaf etmiş ölkələrlə müqayisədə belə sevindirici rəqəmdir.

Prezident İlham Əliyevin imzaladığı və 2019-cu ilin ilk aylarından həyata keçirilən sərəncamlara uyğun hazırlanan sosial paketlərin tətbiqi ilə 4,2 milyondan artıq insanın maddi vəziyyəti yaxşılaşıb. Minimum əməkhaqqı, minimum pensiya 250 manata çatdırılıb. Ölkə üzrə infrastruktur layihələrinin həyata keçirilməsi ilə respublika üzrə əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsi yüksəlib. Təkcə 9 ayda 903 kilometrdən çox avtomobil yolu çəkilib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində məcburi köçkünlər üçün 100-dən çox qəsəbə salınmış, şəhərcik tikilmiş, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir.

Son 15 ildə artımla müşahidə olunan sosial və investisiyayönümlü büdcə vəsaitləri hesabına maaşlar təxminən 7, pensiyalar 10 dəfədən çox artıb. 3100-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Başqa sözlə deyilsə , büdcədən ünvanlı istifadə dövlətin sosial siyasətin uğurunu təsdiqləməklə, Azərbaycan vətəndaşlarının maraqlarına xidmət edir.

“Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır. Yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Demək olar ki, bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərirlər ki, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşübdür. İşsizliklə bağlı böyük işlər görülüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər ölkənin maliyyə imkanlarını, iqtisadi potensialını gücləndirir.

Büdcə daxilolmalarının artması yeni islahatların həllini gerçəkləşdirir.

Maliyyə resurslarından şəffaflıqla istifadə, vergi və gömrük orqanlarında tətbiq olunan əməliyyatlara yeni yanaşma nəticəsində əldə olunan əlavə vəsaitlər ilk növbədə sosial islahatların həllinə yönəlir.

Bu günlərdə Milli Məclisin komissiyalarının birgə iclasında “Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində ölkəmizin siyasi, iqtisadi, sosial sahələrini əhatə edən parametrlərin əhatə dairəsinin genişləndirilməsi üçün perspektivlər diqqətə çatdırılıb. Gələn il üçün dövlət büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddinin 29 milyard 488 milyon manat olması nəzərdə tutulur. Bu isə 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz artım deməkdir. 2020-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 29 faiz həcmində olmaqla nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 milyon manat çoxdur.

Büdcə vəsaitlərinin artımı iqtisadi sabitləşmə şəraitində islahatların tətbiqi imkanlarını şaxələndirir. Dünya bazarlarında mövqeyi möhkəmlənən , 186 ölkə ilə ticarət əlaqələri yaradan Azərbaycanda istehsal olunan ekoloji cəhətdən yüksək keyfiyyətli məhsullara xarici ölkələrdə artan tələbat sayəsində respublikamıza daxil olan sərmayələr dövlət büdcəsinin formalaşmasına müsbət təsir göstərir.

Ötən il keçirilən prezident seçkilərindən sonra reallaşan sosial islahatların tərkib hissəsi kimi daha çox diqqəti cəlb edən

12 mindən çox şəhid ailəsi üçün dövlət tərəfindən 11 min manat məbləğində vəsaitin ödənilməsi, məcburi köçkünlər üçün salınan şəhər və qəsəbələrdə yaradılan şərait, infrastruktur layihələrinin gerçəkləşməsi prosesinin davam etdirilməsi möhkəmlənən büdcə vəsaitləri hesabına mümkün olmuşdur. “Əlbəttə ki, islahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq. Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və inkişafı dayanıqlı və uzunmüddətli edək” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi cari ilin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər ölkəmizin iqtisadi potensialını gücləndirir, əlavə maliyyə imkanları qazandırır.

Vergi və gömrük orqanlarındakı şəffaflıq və yeni yanaşma nəticəsində büdcəyə daxil olan vəsaitlərin ilk növbədə sosial islahatların tətbiqinə yönəldilməsi eyni zamanda insan amilinə diqqətin ifadəsidir.

Qeyri-neft sektoruna göstərilən dəstək, ayrılan vəsait hesabına təkmilləşən yerli və xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur. Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanın 25-ci yerə layiq görülməsi, ən islahatçı 10 ölkə sırasında yer alması, əlavə gəlirlərin sosial məsələlərin həllinə yönəldilməsi inkişafın Azərbaycan modelinin təbliğinə geniş imkanlar yaradır. “Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu bizə imkan verir ki, bu məsələləri həll edək” söyləyən Prezident İlham Əliyevin proqnozlarının reallığını hər bir vətəndaş gündəlik həyatında hiss etdiyi kimi , bu amil beynəlxalq təşkilatların hesabatlarında da təsdiqlənir.

Xuraman İsmayılqızı, “İki sahil”