05 aprel 2019 11:11
3647

Buraxılış imtahanı verənlər bunları bilməlidirlər

Aprelin 7-də  Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında  yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçiriləcək. Şagirdlər  https://www.egov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər. Şəxsiyyəti təsdiq edən sənədində şəkili olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

Qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək  və bununla da ümumi nəticə müəyyənləşəcək. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanındakı nəticənin üstünə gələcək, sonda, ümumi balla müsabiqə keçiriləcək.

Buraxılış imtahanında hansı balı toplasanız, o bal da attestatınıza yazılacaq. Buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq hər şagirdə attestat verilir. Yəni çox aşağı nəticə göstərsəniz belə, attestat alacaqsınız.

Şagirdlər arasında çaşqınlıq yaradan əsas məsələlərdən biri də buraxılış imtahanında xarici dil seçimi ilə bağlıdır. Şagird məktəbdə ona tədris olunan xarici dil fənnindən buraxılış imtahanı verir. O, məktəbdə 2 və daha artıq xarici dil keçibsə, bu zaman həmin şagirdlər həftədə  daha çox dərs saatı olan xarici dil fənnindən imtahan verəcəklər. Qəbul imtahanlarında da abituriyentlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınacaq. Yəni məktəbdə sizə tədris olunan əsas xarici dil fənnindən buraxılış imtahanı verəcəksiniz və imtahanda topladığınız bal həm attestata yazılacaq, həm də qəbul imtahanında nəzərə alınacaq.

Abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı yaradılacaq. Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılacaq, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas  təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınacaq. Qeyd edək ki, cari ilin məzunları üçün əlavə xarici dil imtahanı aprelin 28-də keçiriləcək.

Rus bölməsində təhsil alan şagirdlər IX və XI sinif buraxılış imtahanlarında Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.

Buraxılış imtahanında  şagirdin səhv cavabları doğru cavabların nəticəsinə təsir göstərməyəcək. İmtahan saat 11:00-da başlanır. İmtahan 3 saat davam edəcək.

İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Şagirdlər isə bir sıra tövsiyələrə əməl etsələr, əldə edəcəkləri nəticə daha da uğurlu olar:

İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədi,  tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və transportir) gətirməyi unutmayın;

İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını, alışqan və digər əlavə vəsaitlər gətirmək qadağandır;

İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;

Cavab vərəqlərində və sual kitabçasında yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, imzanızla təsdiqləyin, uyğunsuzluq olarsa, nəzarətçiyə məlumat verin;

Sual kitabçasını və cavab vərəqlərini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;

“Sual kitabçası”ndakı test tapşırıqları cavablandırmaq üçün  3 saat vaxt ayrılır;

Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış hissədə qeyd olunmalı və yazılmalıdır;

“Cavab vərəqləri” 2 hissədən ibarətdir:

* I hissə - qapalı tipli tapşırıqlar üçün;

* II hissə - ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan tapşırıqlar üçün.

İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. Bu kimi hallar aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcək;

Dinləmə mətni üzrə təqdim olunmuş tapşırıqları cavablandırmazdan əvvəl nəzarətçinin audioqurğuda səsləndirdiyi mətni diqqətlə dinləyin.

Test  tapşırıqlarını  cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqlərinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin.

Yaqut Ağaşahqızı, “İki sahil”