17 mart 2020 20:35
2378

“Çağrılmamış qonaq” təhsil sisteminə necə təsir edir?

Dünya gündəmini zəbt edən koronavirus hamının ən çox maraqlandıran və narahat edən problemdir. Öz coğrafiyasını durmadan genişləndirən bu “çağırılmamış qonaq” qlobal formada bütün sahələr kimi təhsil sisteminə də təsirsiz ötüşür.

Bütün bunlar nəzərə alınaraq bütün dünyada, o cümlədən Azərbaycanda da adekvat addımlar atılmağa başlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına, bütün kütləvi tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur. Bu müddət ərzində təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılmışdır.  Bu qayda təkcə Təhsil Nazirliyinə tabe olan dövlət təhsil-təlim müəssisələrinə yox, tədrisin bütün pillələri və istiqamətləri üzrə təhsil verilən müəssilərə - özəl orta məktəblərə, ali və orta ixtisas təhsili müəssisələrinə, uşaq bağçalarına, hazırlıq, dil kurslarına, tədris mərkəzlərinə, uşaq psixoloji mərkəzlərinə, repetitorluq fəaliyyəti göstərənlərə də şamil olunur.

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən dərslərin onlayn öyrənilməsi məqsədilə şagirdlərə mövcud tədris resurslarını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, “Dərs vaxtı” - “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən də izləmək imkanı əldə edə bilərlər.

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq  keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib.

Bəs  digər ölkələr koronavirusla bağlı təhsil sahəsində hansı addımlar atıb?

İtaliyada qeyd olunan yoluxma halına görə universitetlərdə artıq üç həftədir ki, dərslər dayandırılıb. Vəziyyətdən çıxış yolu kimi universiitet professorları hələlik onlayn dərslər vasitəsilə müəyyən olunmuş proqramı yerinə yetirirlər.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Onlardan Qorunma mərkəzləri ali təhsil müəssisələrinə məsləhət görüb ki, xəstəliyin daha geniş yayılması səbəbindən beynəlxalq tələbə mübadiləsi proqramlarını, eyni zamanda, xarici qonaqların kampuslara səfərlərini aprelin 15-nə kimi müvəqqəti də olsa dayandırsınlar.

Böyük Britaniya məktəbləri COVİD-19-dan qorunmaq üçün bağlanmışdır. Universitetlər isə hələ ki, öz fəaliyyətlərini normal sürətdə davam etdirməklə bərabər, müəyyən qabaqlayıcı tədbirlər də görürlər.

Mütəxəssislərin gəldiyi qənaət ondan ibarətdir ki, lazımi anında dərslərin bağlanması və karantinlərin tətbiqi xəstəliyin yayılmasını zəiflədər və ambulator xəstələrin sayında azalmalar baş verər.

Sidney Universitetinin sosiologiya professoru Salvatore Babonesin təbirincə desək, Avstraliya universitetləri daha çox Çindən asılı universitetlər olduğuna görə onlarda yoluxma riski daha yüksəkdir. Onun Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən çap olunan məqaləsində professor təxmin edir ki, əgər epidemiya bu ilin ortalarında qurtararsa, o Avstraliyanın təhsil sektoruna ən azı 2.8 milyard ziyan vuracaq.

Honq Konq universitetləri dünyada ən çox beynəlmiləl mühit olan universitetlərdir. Universitet administratorları hesab edirlər ki, mart ayında normal tədrisə qayıtmaq şansı demək olar ki, yoxdur. Bunun əsas səbəblərindən biri də uçuşların təxirə salınmasıdır ki, minlərlə çinli tələbələr lazımı vaxtda dərslərinə davam edə bilməyəcəklər.

İndi bütün universitetlər distant, yəni onlayn təhsil modelinə  müraciət etmək məcburiyyətində qalıblar. Çünki başqa çıxış yolu qalmamışdır. Onlayn təhsilə ikinci dərəcə kimi baxanlar artıq onu ön plana çəkiblər. Kaliforniya universitetləri bu işdə daha çox fəallıq göstərməyə başlayıblar.

Onu da qeyd edək ki, distant,  yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Bu baxımdan da  hal-hazırda distant dərs modeli təhsil sistemi üçün məqbul versiya hesab olunur.

Göründüyü kimi, koronovirus qlobal olaraq çox sahələrə, xüsusilə də təhsil sahəsinə də təsirsiz ötüşməyib.

Yaqut Ağaşahqızı, “İki sahil”