10 avqust 2020 18:36
1550

Çimərliklərdə pandemiya qaydalarına riayət olunurmu?

Xüsusi karantin rejimi müddətində həyata keçirilən ciddi tədbirlər nəticəsində son bir neçə gündə koronavirusa yoluxmada kəskin azalma müşahidə olunur. Yoluxma sayının 100 nəfərə qədər enməsi, sağalmanın isə hər gün daha da çoxalması əsas yaratdı ki, xüsusi karantin rejimində bir sıra yumşalmalara gedilsin. Nəticə etibarı ilə avqustun 5-dən etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunub. Dünəndən isə “Mall”lar istisna olunmaqla nisbətən kiçik ticarət mərkəzlərinin, tikinti və təmir mağazaları, mebel istehsalı və satışı kimi məşğuliyyət sahələrinin fəaliyyətinə icazə verildi. Avqustun 5-dən fəaliyyətinə icazə verilən xidmət sahələrindən biri də çimərliklərdir. Təbii ki, insanların çoxluq təşkil etdiyi yerdə virusun yoluxma ehtimalı yüksək olduğundan çimərliklərin fəaliyyətinə xüsusi qaydalara riayət etmək şərti ilə icazə verilir. Sakinlərin evlərini tərk etmədən internet vasitəsi ilə dənizkənarı obyektlərdə əhali sıxlığını öyrənməsi və digər qaydalarla tanış olması üçün dövlət tərəfindən cimerlik.az saytı yaradılıb. Hər kəs bu veb səhifəyə daxil olaraq pandemiya dövründə çimərliklərdə fəaliyyətin təşkilinə dair tələbləri, qadağaları, mövcud çimərliklərin siyahı və ünvanını, yol xəritəsini və çimərliklərdə nə qədər yer olub-olmamasını rahatlıqla görə bilər. Saytda verilən xəritədtə 0-25 faiz dolu olan məkanlar açıq yaşıl, 25-50 faiz istifadəçi olan yerlər nisbətən tünd yaşıl, 50-75 faiz dolu çimərliklər turuncu və nəhayət 75-100 faiz dolu olan yerlər isə qırmızı rənglə göstərilir. İnsanlar həm öz rahatlığını, həm də yoluxma riskini azaltmaq üçün veb səhifədən səmərəli istifadə etməli, mümkün qədər öz yaşayış yerlərinə yaxın və az adam olan yerlərə getməlidirlər.

Yayın isti günlərində sərinləmək üçün dənizə üz tutanların və çimərliklərdəki istirahət mərkəzləri personalının nə qədər qaydalara riayət edib-etməməsi ilə maraqlanmaq üçün bazar günü biz də yolumuzu əhalinin daha çox axın etdiyi yerlərdən biri olan Novxanı və Pirşağı qəsəbələrinin sahilinə saldıq. Səhər saatları olmasına baxmayaraq həqiqətən də sahil zolağına böyük axın var idi. Baş çəkdiyimiz bir neçə məkanda dincəlməyə gələn insanların günəşdən qorunması üçün söhbətgahlar hazır vəziyyətdə idi. Qumluq sahələrə müəyyən aralıqlarla “Sosial məsafəni saxla”, “Pandemiya qaydalarına riayət edin” və sair bu kimi məlumatlandırıcı lövhələr yerləşdirilmişdi. Həqiqətən də şahidi olduq ki, istirahət zonasında neçə ədəd söhbətgah varsa yalnız bu söhbətgahların tutumu qədər istirahət edənləri qəbul edirlər. Sanitar-gigiyenik qaydalara da əməl olunurdu. Demək olar ki, hər 10-15 metr məsafədən bir tullantıların atılması üçün zibil qutuları yerləşdirilmişdi. Öz növbəsində insanlar da istər suda, istərsə də sahildə sosial məsafəni qoruyur və digər qaydalara ciddi əməl edirdilər.

Sözsüz ki, çimərliklərdə qaydalara maksimum səviyyədə əməl etmək lazımdır. Düzdür, hazırda pandemiyanın yayılma sürəti azalsa da, ehtiyatı əldən vermək yenidən vəziyyəti ciddi dərəcədə çətinləşdirə bilər. Önsuz da pandemiyanın ikinci dalğasının olma ehtimalı yüksəkdir, hətta bəzi ölkələrdə bu artıq rəsmən elan edilib. Üstəlik, virus mutasiya edərək daha aqressiv forma alıb. Belə bir şəraitdə Azərbaycanda da əsas məqsəd son aylar da pandemiya ilə mübarizədə əldə olunmuş nəticələri və müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün heç kim arxayınlaşmamalı, yumşaldılmış karantin şərtləri təhlükənin artıq tamamilə aradan qalxması anlamına gəlməməlidir.

Hər kəs dərk etməlidir ki, qaydalara əməl etməmək virusun yenidən geniş yayılmasına səbəb olacaq. Bu halda karantin rejiminin yenidən daha da sərtləşdirilməsi hamını məyus edəcək.  

Taleh Bağırov, “İki sahil”