21 fevral 2020 16:12
964

Çində 900-ə yaxın məhkum koronavirusa yoluxub

Çində koronavirus (COVİD-19) epidemiyası başlayandan bəri ilk dəfə məhkumlar arasında virusa yolxuma faktları qeydə alınıb.

AZƏRTAC Çin səlahiyyətli qurumlarına istinadla xəbər verir ki, virusun episentri olan Xubey vilayəti ilə yanaşı, Şandun və Cıcian vilayətlərində yerləşən 3 cəzaçəkmə müəssisəsində 900-ə yaxın məhbusun virusa yoluxması aşkarlanıb. Xubeydəki cəzaçəkmə müəssisələrində 631 məhkum virusa yoluxub. Bundan başqa, 1279 nəfər virusa yoluxmaqda şübhəli bilinərək tibbi nəzarətə götürülüb.

Şandun vilayətindəki Jençen cəzaçəkmə müəssisəsində biri həbsxana zabiti olmaqla 207 nəfərin virusa yoluxduğu bildirilir. Cıcian vilayətində isə 34 məhkumun virusa yoluxduğu təsdiqlənib.

Həbsxanalarda koronavirusa yoluxduğu təsdiqlənmiş bütün şəxslər xəstəxanalara yerləşdiriliblər. Virusa yoluxması şübhə edilənlər və yoluxanlarla yaxın təmasda olanlar isə təcrid ediliblər. Həmin həbsxanaların bir neçə məsul şəxsi vəzifəsindən azad edilib. Hazırda həmin həbsxanalardakı digər məhkumların müayinəsi aparılır.