19 may 2020 10:53
2151

COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımıza bu çağırışı edir ki, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın

Bu gün dünya pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində insanların sağlamlığının təminatı ilə yanaşı, sosial və iqtisadi fəsadların aradan qaldırılması istiqamətində ciddi səylər göstərir. Bu günün əsas çağırışı məhz çətinliklərdən birgə çıxmaq, hər bir ölkənin malik olduğu imkanları, təcrübəni ortaya qoymaqla digərlərinin də bu bəladan müəyyən mənada az itki ilə çıxmasına dəstək olmaqdır. Ona görə müəyyən mənada qeyd edirik ki, artıq dünya ölkələrinin hazırda istər insan tələfatı, istərsə də iqtisadi durumla bağlı hansı çətinlikləri yaşadıqları göz önündədir. Statistik rəqəmlərə diqqət yetirdikdə görürük ki, xəstəliyə yoluxma və ölüm hallarının sayı xeyli artıb. Hətta bəzi ölkələrdə pandemiyanın ikinci dalğası yaşanır.

Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin pandemiyanın birinci mərhələsini arxada qoyduğunu önə çəkərək bu çağırışı edir ki, nəticələrlə kifayətlənməyib, yenə də məsuliyyət hissinin artırılması və nizam-intizam qaydalarına riayət olunması əsasdır. Son dövrün statistikasına söykənərək karantin rejimində tətbiq olunan yumşalmalar heç də pandemiyanın bitdiyi təsəvvürünü yaratmamalıdır.

Sadə gigiyena qaydalarına düzgün riayət olunması, sosial məsafənin saxlanılması xəstəliklə mübarizəyə öz müsbət təsirini göstərir. Məhz ölkəmizin ilk gündən özünütəcrid qaydalarını tətbiq etməsi digər ölkələrə nümunə olan təcrübə modelinin təqdimatında əhəmiyyətli rol oynadı. Özümüzü təcrid etməklə, ətrafımızı, doğmalarımızı da qoruduq, onlara dəstək olduq. Yeni texnologiyaların yaratdığı imkanlardan istifadə edərək doğmalarımızla, ətrafımızdakı insanlarla qurulan əlaqələr birliyimizin, həmrəyliyimizin zəifləməməsinə, əksinə daha da möhkəmlənməsinə stimul oldu. Karantin dövrünün tələbləri xalqımızın malik olduğu ən gözəl xüsusiyyətləri- ruh yüksəkliyi və mərdliyi, mərhəmət və şəfqəti, inam və məhəbbəti də qabartdı.

Eyni çağırışlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa dəfələrlə müraciətlərində də öz əksini tapıb. Belə ki, “Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir - bizim ölkəmizdə və bütün dünyada” söyləyən Mehriban Əliyeva bildirir ki, müsbət nəticələr sayəsində təcrid rejiminin müəyyən dərəcədə yumşaldılmasına imkan verə bilərik. Bir sıra dövlət qurumlarının və özəl biznes sektorunun fəaliyyəti bərpa olunur. Daha əvvəl tətbiq olunan bəzi karantin tədbirləri ləğv edilir. Bu o deməkdirmi ki, hər şey arxada qaldı və biz gündəlik həyatımıza geri dönə bilərik? Əfsuslar olsun ki, həmin vaxt hələ gəlib çatmayıb.

Daim vurğuladığımız kimi, heç bir ölkə hansısa hadisədən, çətinlikdən sığortalanmayıb. Əsas olan yaşanan durumun ətraflı təhlili və vəziyyətdən çıxış yolunun düzgün müəyyənləşdirilməsidir. Qeyd etdiyimiz kimi, Azərbaycan bu təcrübəni nümayiş etdirdi. Belə ki, heç bir ajiotaj, depressiya yaşanmadan düşünülmüş və məqsədyönlü model ortaya qoyuldu. “Bu gün koronavirusla bağlı əsas problem odur ki, xəstəliyin geniş yayılması o ölkələrin mövcud olan səhiyyə potensialından daha genişhəcmlidir” söyləyən dövlətimizin başçısı bildirir ki, ona görə bizim əsas vəzifəmiz xəstəliyin geniş yayılmasına imkan verməmək idi: “Biz bilirdik ki, bu xəstəlik bizə xaricdən gəlib. Artıq daxildə yoluxma prosesi başlayanda bilirdik ki, bu yoluxma prosesinin qabağını almaq tam mümkün olmayacaq. Amma məhdudlaşdırmaq, xəstələnmə zəncirini qırmaq, vaxt udmaq, bu vaxtdan istifadə edərək bütün bizim tibb sahəsini təşkilatlandırmaq, maska, dezinfeksiya vasitələri müəssisələrini işə salmaq üçün bizə vaxt lazım idi. Eyni zamanda, mənim göstərişimlə bizim ən qabaqcıl xəstəxanalarda koronavirus xəstələri yerləşdirildi, o cümlədən “Yeni klinika”da, Azərbaycan Tibb Universitetinin iki klinikasında və bu gün xəstələr 20-dən çox klinikada müalicə alırlar. Artıq bir həftədir ki, biz müsbət dinamikanı görürük.”

Cənab İlham Əliyev bu dinamikanı şərtləndirən amilləri də diqqətə çatdıraraq vurğulayır ki, artıq məhdudlaşdırıcı tədbirlərin nəticəsini görürük.

Əvvəldə də qeyd etdiyimiz kimi, karantin rejiminin qaydalarının yumşaldılması insanları daha məsuliyyətli olmağa çağırır. Bu baxımdan ki, heç bir dövlət, eyni zamanda, heç kəs hansısa hadisədən sığortalanmadığı kimi, onu təkrar yaşaya biləcəyindən də xəbərdar ola bilməz. Əvvəldə də vurğuladıq ki, bu gün dünyanın əksər ölkələrində pandemiyanın ikinci dalğası tüğyan edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirusla bağlı xalqa müraciətində bu fikirlər öz əksini tapıb ki, artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi. Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatına səbəb olur: “Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər.”

Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı vaxtdan Azərbaycanın dünyaya səs salan əsas çağırışı bu oldu ki, biz birlikdə güclüyük. Bu çağırış isə öz növbəsində birliyi, həmrəyliyi bir tələbə çevirdi. Tətbiq olunan qaydalarda ümumi məqsəd bu idi ki, virusa yoluxma və ölüm halı sağalma halını üstələməsin. Atılan addımlar artıq öz müsbət nəticəsini verir. Məhz bu nəticələr həyatımızın yenə də öz axarı ilə davamına, insanların artıq real həyatda doğmalaşmasına, dostların, qohum-tanışların az sayda olsa da belə bir araya gəlməsinə, müsbət dinamikanın insanların əhval-ruhiyyəsində yaratdığı ab-havanı daha yaxından duymağa yol açır. Bu prosesin daimiliyini təmin etmək üçün mübarizə tədbirlərinin uğurlu davamına dəstək olmaq gərəkdir.

Bu, mübarizənin bir tərkib hissəsidir. Digər tərəfi həkim əməyi, məsuliyyəti, səhiyyə sisteminin təkmilliyi, maddi-texniki bazasının möhkəmliyi, bir sözlə, mövcud çətinlikdən xilas olmağa nə dərəcədə hazırlığıdır. Azərbaycan bu sahədə də öncüllüyünü nümayiş etdirdi. Ən yüksək texnologiyalara, maddi-texniki bazaya malik xəstəxanalar koronavirus xəstələrinin ixtiyarına verilib. Müasir standartlara cavab verən “Yeni klinika” tibb müəssisəsi açılışdan sonra müvəqqəti olaraq bu xəstələr üçün nəzərdə tutuldu. Tibb ocağında quraşdırılan avadanlıq istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Görülən bütün bu işlərin isə bir məqsədi var: Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin olunması. Bu günlərdə modul tipli ilk xəstəxana kompleksinin istifadəyə verilməsi də deyilənlərə bariz nümunədir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz yeni texnologiyalara üstünlük verərək düzgün seçim etdik ki, modul tipli, tez bir müddətdə yığılan və sonra sökülə və başqa yerə daşına biləcək xəstəxanaların tikintisini təmin edək. Bu mühüm məqamı da xüsusi vurğulamaq lazımdır ki, hər bir ölkədə özünü qabarıq şəkildə büruzə verən maska çatışmazlığı ölkəmizdən də yan keçmədi. Cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq artıq maska istehsal edən iki müəssisə istifadəyə verilib. Bir sözlə, pandemiyaya qarşı mübarizənin ilk günündən “Biz nə etməliyik” sualı ətrafında fikirlərini açıqlayan cənab İlham Əliyev qaydalara yüksək səviyyədə əməl olunmasını qarşıya mühüm vəzifə kimi qoydu.

Hər bir məsələnin həlli onun mahiyyətinin düzgün dərk olunmasından, maarifləndirmə işinin lazımi səviyyədə həyata keçirilməsindən asılıdır. Ölkəmizdə bu sahədə də işlərin yüksək səviyyədə təşkili birinci mərhələnin uğurla başa çatmasına öz müsbət təsirini göstərdi. Şəhərin hər bir guşəsində rast gəldiyimiz reklam lövhələrində, ictimai fikrə təsir imkanları böyük olan yazılı və elektron KİV-lərdə yer alan çağırışlar, gündəlik istifadə etdiyimiz marşrutlarda milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edən təbliğat xarakterli müraciətlər və sair kimi biri-birindən əhəmiyyətli addımlar ölkəmizin birinci mərhələ barədə müsbət əhval-ruhiyyə ilə danışmağımıza əsas verir. Məhz bu təcrübəyə söykənərək ikinci dalğanın yaşanmamasına, sağlamlığımızın keşiyində ayıq-sayıq dayanmağımıza böyük ehtiyac var. “Biz heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir” söyləyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu mühüm məqamı xüsusi qeyd edir ki, laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcək. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil - məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır. Yəni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir.

Xalqımız bu çağırışlara dəstəyini əməlləri ilə təsdiqləyərək vətəndaş-dövlət birliyini, həmrəyliyini daha da möhkəmləndirdi. Bu isə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin davamlılığı üçün əsas amillərdən biridir. Ölkə Prezidentinə ünvanlanan təşəkkür məktublarında da bu məqamlar öz əksini tapır ki, biz Sizinləyik hörmətli Prezidentimiz. Günün tələblərinə uyğun qarşıya qoyulan hər bir tapşırığa, çağırışa əməl etməyə hazırıq. Xalqımız üçün! Doğma Vətənimiz üçün! Güclü, qüdrətli Azərbaycanımız üçün! Xalqımız tezliklə bu bəladan xilas olacaq, Azərbaycanın davamlı inkişafı postpandemiya dövrü üçün nəzərdə tutulan inkişaf modeli əsasında təmin ediləcək.

Yeganə Əliyeva, “İki sahil”