11 avqust 2020 18:29
771

COVID-19-un ikinci dalğası: Dünya buna  hazırdırmı?

Bu gün dünyanın əsas təşvişinə səbəb olan qlobal problemlər silsiləsində ön sırada koronavirus pandemiyası dayanır. Bəşəri bəla statuslu COVID-19-un ən təhlükəli cəhəti həm də ondadır ki, o, dünyəvi səciyyə daşıyaraq insanların sağlamlığını, rahatlığını və həyat tərzini təhdid altına alıb.

Dünyada koronavirusa yoluxanların ümumi sayı 20 milyonu  ötüb. Hazırda  dünyada 6 milyondan  çox aktiv koronavirus xəstəsi var ki, onlardan da 64 694-nün vəziyyəti ağır qiymətləndirilir. İndiyədək  13 190 518  nəfər koronavirusdan sağalıb. Koronavirusa yoluxmuş  739 212  xəstə isə dünyasını dəyişib.Təəssüflər olsun ki,  mövcud statistik rəqəmlər kifayət qədər yüksəkdir. Bu isə o deməkdir ki, koronavirus pandemiyası hələ də yayılmaqda davam edir. Əbəs yerə deyil ki, son günlər mütəxəssislər koronavirusla mübarizədə həyəcan təbili çalır, COVID-19-un ikinci dalğasının başlanması ilə bağlı xəbərdarlıq edirlər. Ümumiyyətlə, ikinci dalğa nədir? Mütəxəssislərin sözlərinə görə, bunu dəniz dalğasına bənzətmək mümkündür. İnfeksiyaların sayı artır və sonra yenidən azalır – hər silsilə koronavirusun bir növ “dalğasını” təmsil edir. Deməli, bu təhlükəyə qarşı daha ciddi addımlar atmağa və mütəxəssis rəylərinə əməl etmək başlıca zərurətdir. Odur ki, artıq bir sıra ölkələr daha sərt tədbirlərə əl atıblar.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, koronavirus epidemiyası hələ bir müddət davam edəcək.  Bu baxımdan təşkilat koronavirusla bağlı məhdudiyyətlərin - xüsusi rejimin saxlanılması qənaətinə gəlib, fövqəladə vəziyyət rejimi üç ay uzadılıb. Pandemiyanın qarşısının alınması üçün mütləq şəkildə səylərin birləşdirilməsinin, bütün mümkün vasitələrdən istifadə  olunmasının vacibliyini qeyd olunub.

Avqustun 7-dən etibarən ÜST və 40-dan artıq tərəfdaşın təşəbbüsü ilə Ümumdünya Maskadan İstifadə Həftəsinə start verilib. Avqustun 14-dək keçiriləcək həftənin məqsədi dünyada daha çox insanı maskadan istifadə etməyə təşviq etməklə, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdır. Dünyada virusa yoluxma hallarının sayındakı artımı nəzərə alaraq, cəmiyyətdə maskadan davamlı istifadə COVID-19-un yayılmasının qarşısını almaq üçün vacibdir. Koronavirusa qarşı peyvənd və digər müalicə vasitələri hazır olanadək fiziki məsafə saxlamağın mümkün olmadığı yerlərdə maskalar virusdan qorunmaq üçün mövcud olan ən yaxşı vasitələrdən biridir. Bununla yanaşı, maskadan istifadə etməklə, biz dünyadakı digər insanlarla həmrəyliyimizi nümayiş etdiririk. Təkcə maska istifadə etməklə COVID-19-a yoluxmanın qarşısını almaq mümkün deyil. Bununla yanaşı, fiziki məsafəni qorumaq, əlləri tez-tez yumaq, insanların sıx toplaşdığı məkanlarından uzaq durmaq və respirator gigiyenaya riayət etmək tövsiyə olunur.

Şotlandiyanın Aberdin şəhərində və ətraf ərazilərdə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar təkrar sərt karantin rejimi elan edilib. Yeni qərara əsasən, Aberdin sakinləri evdən yalnız 5 mil məsafədə asudə vaxt keçirmək üçün uzaqlaşa bilərlər. Digər şəhər sakinlərinə Aberdinə gəlməmək, yerli sakinlərə isə bir-birilərinin evlərinə getməmək tövsiyə edilib. Bu qərarın qəbul olunmasına səbəb regiondakı koronavirus klasterində 54 yeni yoluxmanın qeydə alınması olub.

Fransanın şəhərlərində yerli hakimiyyət orqanlarının qərarları ilə insanların çox olduğu açıq məkanlarda da maska taxmaq məcburi qayda kimi tətbiq olunur. Aidiyyəti şəhərlərin prefektura və meriyaları maskanın məcburi olması ilə bağlı qərarlar qəbul ediblər. Bu şəhərlərin bütün məkanlarında və ya müəyyən hissələrində maska taxmayanlar 1-ci dəfə 135 avro cərimə, 2-ci dəfə 1500 avro, 3-cü dəfə isə 6 ay həbs və ya 3 750 avro cərimə olunacaqlar. Son günlər COVID-19 virusuna yoluxanların sayı artdığı üçün açıq ictimai yerlərdə, eləcə də dəniz kənarında, çimərliklərdə maska taxmaq məcburidir.

Almaniyada COVID-19-a yoluxanların sayının 214 mini keçib. Burada federal hakimiyyət virusun geniş yayıldığı ölkələrdən qayıdan bütün səyahətçilərin üzərinə virusdaşıyıcılığın yoxlanması üçün analiz vermək öhdəliyi qoyub. Bundan başqa, hakimiyyət orqanları Belçikaya bütün səfərləri təxirə salmağı xahiş edir, çünki Antverpendə COVID-19 epidemiyasının geniş ocağı əmələ gəlib. Yoluxma hallarında qeydə alınan yüksək artım minlərlə almanlının yay tətilindən qayıtması və bir neçə federal əyalətdə dərs ilinin başlaması ilə əlaqədar ola bilər.Ölkənin Səhiyyə naziri Yens Şpan Berlində təcili mətbuat konfransı keçirib və pandemiyanın başa çatmadığını deyib. “Həyat adi axarına qayıtmayıb. Pandemiya buradadır və o, hələ ki, burada qalacaq”, - deyə nazir bildirib. Onun sözlərinə görə, almanların əksəriyyəti hazırda guya buradakı vəziyyətin digər dövlətlərdən yaxşı olduğu ilə bağlı yaranan süni təhlükəsizlik hissi ilə yaşayır və bu səbəbdən ehtiyat tədbirlərini zəiflədir.Yens Şpan bildirib ki, payız aylarında virusun yayılmasını nəzarət altında saxlamaq çətin ola bilər.

Şimal qonşumuz Rusiyada da epidemiya ilə bağlı vəziyyət gərgindir. Moskva şəhərinin meri Sergey Sobyanin koronavirusla bağlı məhdudiyyətlərin hələ bir neçə ay davam edəcəyini bildirir və xəbərdarlıq edir ki, paytaxt sakinləri əvvəlki tək maska, sosial məsafə, gigiyena qaydaları kimi tələblərə əməl etməlidirlər.

Ukraynada 12 region karantinin yumşaldılmasına hazır deyil, onların arasında Kiyev də var. Ölkə paytaxtında xəstəliyin dinamikasının göstəricisi həddini aşıb. Kiyev şəhərinin meri Vitali Kliçko bəyan edib ki, əgər xəstəlik sürətlə yayılarsa, o halda yenidən ciddi məhdudiyyətlərə qayıtmalı olacağıq: “Bunun baş verib-verməməsi bu gün hər birimizdən asılıdır, ən sadə qaydalara nə dərəcədə riayət etməyimizdən, öz sağlamlığımıza necə diqqətlə yanaşmağımızdan asılıdır”. 

 Qardaş ölkə Türkiyədə isə avqustun 7-də koronavirusla bağlı bütün karantin dövründə ən genişmiqyaslı yoxlamalar aparıldı, bütün şəhərlərdə valilər, bələdiyyə rəhbərləri və dövlət orqanları, hüquq-mühafizə orqanlarının nümayəndələri səfərbər edildi. Avqustun 7-dən etibarən 32 əyalət, 4 şəhər, 37 kənd, 39 məhəllə və 3 prospekt daxil olmaqla, ümumilikdə 83 yaşayış məntəqəsində karantin tədbirləri həyata keçirilir. Türkiyədə karantin rejimi iyulun 1-dən etibarən ləğv olunmuşdu. Ölkədə karantin rejiminin ləğvinə qədər gündəlik yoluxma sayı 1000-dən aşağı düşsə də, son günlərdə bu göstərici yenidən 1000-i keçmişdi. Xatırladaq ki, Türkiyədə bazarlarda, ictimai nəqliyyatda, ticarət obyektlərində, restoran və kafelərdə, taksilərdə - hər yerdə insanların sosial məsafə, maska, gigiyena ilə bağlı tələblərə əməl olunması ilə bağlı intensiv yoxlamalar nəzərdə tutulur və qaydaları pozan şəxlərə qarşı böyük məbləğdə cərimələr tətbiq olunur.

Göründüyü kimi, bir müddət əvvəl sərt karantin rejimlərini ləğv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayırlar. Azərbaycanda tətbiq olunmuş zəruri məhdudiyyətlər nəticəsində epidemioloji vəziyyət tam nəzarət altındadır, yoluxanlarla sağalanların nisbətindəki müsbət dinamika müşahidə olunur.  Hazırda ölkəmizdə xüsusi karantin rejiminin yumşaldılma prosesi tədricən tətbiq olunur.  Aydındır ki, pandemiya bir qədər geri çəkilsə də, ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər. Çünki ikinci dalğa təhlükəsi realdır, bundan başqa, virus mutasiya edərək daha aqressiv forma almışdır. Bir sözlə, belə bir şəraitdə Azərbaycanda əsas məqsəd son aylar pandemiya ilə mübarizədə əldə olunmuş nəticələri və müsbət tendensiyanı qoruyub saxlamaqdır. Bunun üçün heç kim arxayınlaşmamalıdır və yumşaldılmış karantin şərtləri təhlükənin artıq ardan qalxması kimi qəbul etməməlidir. Qaydalara nə qədər tam əməl etsək, bir o qədər sağlamlığımızı və təhlükəsizliyimizi qorumuş olarıq.

Yaqut Ağaşahqızı, “İki sahil”