Müsavat Partiyası da dağıdıcı düşərgənin marginallaşaraq cəmiyyətdən təcrid olunan digər təşkilatları kimi özünün qürub çağını, iflas dövrünü yaşayır
Bir neçə ildir ki, fəsildən-fəsilə mitinqlər keçirən dağıdıcı müxalifət primitiv şüarlarla növbəti mitinqə hazırlaşır. Belə ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirmək üçün BŞİH-yə müraciət edib. Müsavat funskionerləri Gülağa Aslanlı, Razim Əmiraslanov və Elman Quliyev üç yerdən birində, Tofiq Bəhrəmanov adına Respublika Stadionunun önündəki meydanda, “Dərnəgül” metrostansiyasının çıxışındakı meydanda və Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirmək istədiklərini bildiriblər. Partiyanın müraciətinə verilən cavabda bildirilir ki, mitinq noyabrın 10-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilə bilər. Müsavat isə bununla razılaşmayıb. Səbəb bəllidir.. ənənəvi inkarçılıq. Virtual məkanda çoxsaylı “troll ordusu”nun sayəsində az qala “inqilab” fırtınası yaradan radikal müxalifət liderlərinin real məkanda real mitinq keçirməyə hec zaman cəsarətləri çatmayıb. Paytaxtın mərkəzində keçirilən mitiqlərə 2-3 min nəfərdən artıq izləyici, tərəfdaş yığa bilməyən radikal müxalifətin paytaxtın mərkəzindən nisbətən uzaq olan Lökbatan qəsəbəsində mitinq təşkil etməyə isə ümumiyyətlə nə sosial bazası, nə texniki-təşkilati imkanları, nədə ki, təpəri var. Beləliklə, bir daha məlum olur ki, müxalifətin yaratdığı virtual mitinq görüntüsünün cəmiyyətin ovqatı ilə və ölkədəki ictimai-siyasi proseslərlə heç bir əlaqəsi yoxdur.
Bəllidir ki, müxalifət müxtəlif dövrlərdə, müxtəlif bəhanələrlə mitinqlər keçirməyə çalışıb. Bəs bu günə qədər nə dəyişib? Öncə qeyd edək ki, onsuz da stadiona bir toy mərasimində iştirak edən qonaqların sayı qədər adam yığa bilməyən Müsavat və onun kimilərin bütün mitinqləri öncəkilərdən daha biabırçı nəticələnib. Burada əsas məqsəd əhalinin sıx olduğu yerlərdə basabas, qarmaqarışıqlıq yaratmaq, təxribat, törətməkdir. Onlar qan axmasını, kiminsə ayaq altında qalıb ölməsini arzulayır və bundan siyasi dividend kimi istifadə etmək istəyirlər. Əgər bu qüvvələr özlərinə inansaydılar, göstərilən yerə gedər, öz şoularını orda göstərərdilər.
Göründüyü kimi, hakimiyyətdə olduğu cəmi 13 ay ərzində törətdiyi əməllərə görə xalq tərəfindən devrilən partiyalar lazımi nəticələr çıxarmaq əvəzinə onları iflasa sürükləyən taktikalarını sürdürməyə davam edirlər. Nəticədə sosial dayaqlarını bütünlüklə itirir, marginallaşır, cəmiyyətin mütləq əksəriyyətinin nəzərində yad ünsürlərə çevrilirlər.
İndi Müsavat Partiyası da dağıdıcı düşərgənin marginallaşaraq cəmiyyətdən təcrid olunan digər təşkilatları kimi özünün qürub çağını, iflas dövrünü yaşayır. İnsanlar bu partiyalara ona görə etimad göstərmir ki, onlar cəmiyyətə hansısa yenilik təqdim etmək qabiliyyətində deyillər. Amma meydan eyforiyası ilə yaşayan müxalifət başbilənləri bu reallığı dərk etməkdən hələ də uzaqdırlar. Əslində, qüruru, mənliyi olanlar bu cür biabırçılıqlardan sonra siyasətdən əl çəkməli, bir daha mitinq həvəsinə düşməməlidirlər.
Sevinc Azadi, “İki sahil”