Azərbaycan Prezidentinin vətəndaşlara növbəti çağırışı - Daha məsuliyyətli, daha intizamlı...
Azərbaycan bu gün COVID-19 ilə mübarizədə ən qabaqcıl ölkələr sırasındadır. Aktual problem halını almış pandemiyanın ölkəmiz və eləcə də dünya üçün nə zaman sona yetəcəyi haqqında heç bir sübut yoxdur. Lakin ölkəmizdə təhlükə ilə bağlı ciddi mübarizə aparılır. Bu mübarizə nəticəsində təhlükənin göstəricisi böyük mənfi nəticələr doğurmamaqdadır.
Məhz xüsusi rejimdə məhdudiyyətlərin yumşaldılması da bunu özündə əks etdirir. Lakin karantin qaydalarının yumşaldılması pandemiyanın bitdiyi anlamına gəlmir. İlk gündən virusun yayılmasının qarşısının alınması, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə hökumət tərəfindən məqsədyönlü, təxirəsalınmaz tədbirlər görülüb, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsaslanan maarifləndirmə işləri davam etdirilib. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmasından tutmuş, sosial və məhdudlaşdırıcı izolyasiya tədbirlərinin həyata keçirilməsi, karantin rejiminin və hərəkət məhdudiyyətinin tətbiq olunması kimi qərarlar Azərbaycan dövlətinin ilk gündən koronavirusla mübarizəyə olduqca diqqətli yanaşmasının, zamanında operativ və təxirəsalınmaz addımlar atmasının göstəriciləri kimi tarixə düşdü.
Dövlət başçısının koronavirusa qarşı mübarizə vasitələri təkcə sosial və məhdudlaşdırıcı izolyasiya tədbirlərinin həyata keçirilməsi ilə bitmir. Aparılan səmərəli mübarizə çərçivəsində yeni səhiyyə ocaqları, modul tipli xəstəxanalar istifadəyə verilir, tibbi maska və qoruyucu kombinezon fabriki fəaliyyətə başlayır. Koronavirus pandemiyası ilə əlaqədar tibbi maska, qoruyucu geyimlərə son dövrlərdə dünyada tələbat kəskin artıb. Həmin məhsulların dünyanın bir çox ölkələrində böyük qıtlığı yaşanır. Bu səbəblə pandemiya dövründə ölkədə tibbi maskaya və qoruyucu kombinezonlara olan tələbatını ödənilməsi baxımından bu müəssisələr çox əhəmiyyətlidir. Bu müəssisələrin istehsal gücü çox olduğundan istehsal olunacaq məhsulları yalnız ölkə daxili deyil, həm də, qonşularımıza da ixrac etmək imkanları yaranıb. Müəssisəsinin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Aydın olur ki, Azərbaycan pandemiyaya qarşı mübarizə çərçivəsində həm vətəndaşların sağlamlığının və rifahının, həm də ölkənin iqtisadi fəallığının qorumaq vəzifəsini paralel sürətdə uğurla həyata keçirir. İstənilən halda Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin.
Məhz mayın 12-də Prezident İlham Əliyev “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında vətəndaşları məsuliyyətli olmağa çağırdı. Dövlət başçısı qeyd etdi ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın işlərinə yüksək qiymət verir. Təkcə o qalıb ki, vətəndaşlar məsuliyyət və nizam-intizam göstərsinlər: “Əlbəttə, nəzarətedici mexanizm daha da təkmilləşdirilməlidir. Əlbəttə, karantin rejimi yumşaldıqca, nəzarət etmək üçün də müəyyən problemlər yaranır. Ancaq buna baxmayaraq, bütün müvafiq orqanlara göstəriş verildi ki, onlar nəzarəti gücləndirsinlər. Amma yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik. Ona görə mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək”.
Cənab Prezidentin növbəti çağırışından aydın olur ki, Azərbaycan vətəndaşları bir-birilərinin həyatlarını, sağlamlıqlarını, qorumaq üçün daha məsuliyyətli davranmalı, hər bir vətəndaş karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etməlidir.
Nigar Orucova, “İki sahil”