Qədim Sədərək torpağı hər zaman öz igid övladları və qəhrəman keçmişi ilə Azərbaycan tarixində məxsusi yerə malik olmuşdur. Bu məxsusilik təkcə Sədərəyin qəhrəman keçmişi ilə deyil, həm də bərəkətli torpağı, strateji əhəmiyyət daşıyan coğrafi mövqeyi, dərin bilik və bacarığı, intellektual səviyyəsi ilə təkcə Azərbaycanda deyil, həm də dünyanın bir çox yerlərində özünə hörmət qazanmış, amma hər zaman ürəyində Vətən sevgisi, yurd həsrəti daşıyan övladları ilə özünü büruzə verir. Elə bu şəxsiyyətlərdən biri də qədim türk-oğuz yurdu Sədərəyin yetirməsi olan Hacı Tofiq Seyidzadədir. O, Sədərəyə, sözün əsl mənasında, vurğun insandır. Tofiq müəllimin Sədərəyə - doğma yurduna vurğunluğu onun bu qədim məkanın tarixini öyrənməyin vacib olduğunun dərki ilə üst-üstə düşdüyündən Sədərək haqqında müxtəlif mənbələrdə gizlənən məlumatları toplamağı və ömrü-həyatı Sədərklə bağlı olan insanların fəaliyyətini işıqlandırmağı özü üçün bir şüara, həyat amalına çevirmişdi. Elə buna görə də qədim yurda həsr etdiyi onlarla kitabı onun vətənpərvərlik xarakterinin simvolu kimi dəyərləndirilə bilər. Bu kitablardan biri də bu il - 2019-cu ildə nəşr olunmuş “Dəmir qala qapısı – Sədərəyin keçmişi və bu günü” kitabıdır.
Əməkdar elm xadimi, professor Süleyman Məmmədovun məsləhətçisi və rəyçisi olduğu kitabın redaktorları Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosentləri İbadulla Məmmədov və Sədaqət Hüseynovadır.
Muxtar respublikamızın yetirdiyi dəyərli akademiklər İsmayıl Hacıyev və İsa Həbibbəylinin kitabın əvvəlində müəllif haqqındakı fikirləri də hacı Tofiq Seyidovun məhsuldar tədqiqatçı-jurnalsit kimliyi və bu obrazdan doğan növbəti kitabının oxunaqlılığı haqqında ilkin fikir formalaşdırır.
Tədqiqatçı kitabda Naxçıvan MR Sədərək rayonunun tarixi haqqında maraqlı məlumatlar təqdim edir. Bununla yanaşı, Sədərək sözünün etimologiyası haqqında müxtəlif fikir və məlumatları ümumiləşdirərək toponimin “Çuxur Səəd” kimi açıqlanmasını daha məqsədəuyğun hesab edir. Bu izahı tarixi faktlarla əsaslanaraq aydınlaşdırmağa çalışır və yazır ki, Sədərək sözü XIV əsrdə yaşamış qəbilə başçılarından olan Səədin adı ilə bağlayırlar. Şah İsmayıl Səfəvinin Ağqoyunlu Əlvənd Mirzə ilə döyüşündən (1501) bəhs edən Həsən Rumlu söyləyir ki, bu hadisə Çuxur Səəddə - Şərur adlı yerdə baş vermişdi. Tədqiqatçı əlavə edir ki, bu regionda “Səəd” sözünü öz kökündə qoruyub saxlayan yeganə toponim Sədərəkdir və ola bilsin ki, məkanın adı da bununla bağlıdır. Tədqiqatçı Sədərək sözünün təkcə elmə əsaslanan etimologiyasını deyil, həm də xalq dilində yaşayan, xalq təfəkkürünün məhsulu olan açıqlamalarını da təqdim edir. El arasında “Se-dərə - Üç dərə” kimi açıqlaması verilən bu məkanda, həqiqətən də üç dərə mövcuddur: Çanacıçay, Cəhənnəmdərə və Bağırsaqdan su gələn dərə.
Tarixin müxtəlif dönəmlərində Sədərək mühüm yaşayış məntəqəsi kimi məşhur olub. Buna səbəb ərazinin ticarət üçün əlverişli coğrafi mövqedə yerləşməsidir. Elə buna görə idi ki, Avropa və Şərq ölkələrinin böyük ticarət karvanları, onlarla bərabər səyyahlar buradan gəlib keçiblər. Səyyahlardan bəziləri öz yol qeydlərində Sədərək haqqında maraqlı fkirlər yazmış və həmin qeydlərin bir çoxu dövrümüzə qədər gəlib çatmışdır. Tofiq Seyidzadə bu qeydlərdən bəzilərini də kitaba daxil etmişdir.
Kitabda, həmçinin, qədim Sədərək torpağının sərhədinin müəyyənləşdirilməsi barədə tarixdə mövcud olan məlumatlar da təqdim edilir.
Sədərəklilərin hər zaman döyüşkən, mübariz camaat olduğu məlumdur. Ən çətin anda belə öz canından keçər, amma bircə qarış torpağını heç kimə verməz Sədərək camaatı. Elə mənfur düşmənlərin Naxçıvana göz dikdiyi o ağır illərdə də sədərəklilər öz cəsarətlərini nümayiş etdirdilər. “Sədərək döyüşləri” adı ilə tarixə həkk olunan bu döyüşdə xalq torpağı uğrunda canından kecsə də, məğlub olmadı.
18 yanvar 1990-cı ildə mənfur düşmən onunla sərhəddə yerləşən Sədərək torpağını müxtəlif növ silahlardan atəşə tutdu. Yanvarın 19-da rayona atılan ilk top mərmisindən rayonun azyaşlı sakinləri – Malik və Elvin Nəsirov qardaşlarının həyatına son qoyuldu. Sonrakı döyüşlərdə də Sədərəyin, eləcə də Naxçıvan MR-in digər regionlarının qəhrəman oğulları cəsarətlə vuruşaraq öz ata-babalarının onlara tapşırdığı müqəddəs torpağı düşmən əlinə keçməkdən xilas etdilər. Düşmənn məqsədi öncə Sədərəyi, sonra Şəruru və Naxçıvanı ələ keçirmək idi. 1000 hektar torpağı olan Kərki düşmən əlinə keçsə də bütöv Naxçıvan bu fəlakətdən qurtuldu.
Kitabda yer alan “Məscidlərimizin tarixi” adlı məqaləsində müəllif Sədərəkdə görülən arxeoloji tədqiqatlar zamanı qədim tarixə malik məscidlərin aşkara çıxarılması barədə söhbət açır, qədim As tayfasının adı ilə bağlı olan Asnı məscidi, Qurbanlı və Qırxmırlı məscidləri haqqında mənbələrdə mövcud olan məlumatları ümumiləşdirərək təqdim edir.
Tofiq Seyidzadə Sədərəyin xatirəsi yaddaşlarda hər zaman yaşayacaq övladları sırasında müəllimlərdən daha çox bəhs edir. O müəllimlər ki, elə Tofiq Seyidzadənin özünün də belə bir Vətən eşqinin, yurd sevgisinin yaranıb formalaşmasında danılmaz rola malik idilər. Tofiq müəllim kitabda Yusif Qasımov, özünün ilk müəllimi Əli Əliyev, Rza Rzayev, Həsən Əliyev və başqaları haqqında məlumat verir, onları unutmağın böyük günah olduğunu vurğulayır.
Sədərək torpağı etnik-milli düşüncədə mövcud olan kodlar sistemidir. Bu kodları aşkarlayan Azərbaycanın alimləri sırasında qəlbi hər zaman vətən sevigisi ilə vuran Sədərək ziyalıları da var. Bu şəxsiyyətlər içərisində mərhum ziyalı, türkoloq alim Cəfər İsmayıl oğlu Cəfərovun da adı çəkilir. Cəfər müəllim türkçülük ideyasının təbliğatçısı kimi öz ömür yolunu bu hədəfə tuşladı. Alim maraqlı türkoloji, tarixi və dilçilik araşdırmalar müəllifi olmaqla yanaşı, qədim Naxçıvan torpağının vurğun şairi idi. Elə elmi araşdırmalarının nəticələrindən aldığı zövqü şeirləri ilə ifadə etməyi onun torpağa, vətənə bağlı bir ziyalı ömrü sürməsinin ifadəçisidir. Tofiq Seyidzadə bu kitabında bir çox Sədərək ziyalıları kimi, Cəfər müəllimin də ömür yoluna səyahət edir, onun “Azərbaycan torpağıdır Qarabağ” şeirini bütöv şəkildə oxuculara təqdim edir.
Sədərək əhalisinin yaddaşında hər zaman xeyirxah insan obrazı olan Teymur Mehdiyev idi. O, Sədərək Xeyriyyə Cəmiyyətini təsis edərək, bu Cəmiyyət vasitəsilə Sədərək və sədərəklilər üçün etdiyi unudulmaz yaxşılıqların sahibidir. Tofiq Seyidzadə də belə şəxsiyyətin ömür yolunu müasir gəncliyə tövsiyə edərək, kitabında onun haqqında ətraflı məlumat verir.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış 228 səhifəlik bu nəşr müəllifin sayca 87-ci kitabıdır.
Aytən Cəfərova, filologiya üzrə fəlsəfə doktoru,
Asəf Orucov, tarix üzrə fəlsəfə doktoru
AMEA Naxçıvan Bölməsi