12 noyabr 2019 16:45
184

Deputat: Müxalifət növbəti dəfə xəyanətkar simasını göstərdi

Müsavat Partiyasının, ümumiyyətlə, bu kimi ünsürlərin qanunsuz hərəkətləri Azərbaycandakı sabitliyi pozmaq, ümumi inkişafa mane olmaq cəhdi kimi qiymətləndirilir.

"İki sahil" xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bu gün Bakı Şəhər İcra Hakimiyyəti qarşısında Müsavat Partiyasının qanunsiz aksiya keçirmək uğursuz cəhdi barədə danışarkən bildirib ki, müxalifət növbəti dəfə ölkədə sabitliyi pozmağa cəhd etməklə xəyanətkar simasını göstərdi.

Deputatın sözlərinə görə, bu gün elektoratları olmayanlar təkidlə tələb edirlər ki, şəhərin mərkəzində, insanların daha çox gediş-gəlişi olan, istirahət etdiyi yerlərdə mitinq keçirsinlər:

"Təbii ki, onların məqsədləri aydındır. Elektoratları olmadığı üçün şəhərin gur yerində, istirahət edən, yolla gedən insanları maraq xatirinə cəlb edərək öz tərəfdarları kimi təqdim etməyə çalışırlar. Əlbəttə ki, bu şou keçərli deyil, cəmiyyət onları dəstəkləmir".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev daim insanların sosial rifah halının yaxşılaşması, torpaqlarımızın işğaldan azad olunması, şəhid alilələrinin, Qarabağ əlillərinin, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir:

"Bu günlərdə Milli Məclisin komitələrində 2020-ci ilin dövlət büdcəsinin müzakirələri aparıldı. Büdcənin 39 faizə yaxını tək sosial məsələlərin həllinə yönələcək. Gələn il də pensiyaların, əməkhaqların, müavinətlərin artırılması, insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün digər tədbirlər nəzərdə tutulur. Həmçinin, sosial məsələlərin həlli üçün kifayət qədər böyük vəsait ayrılır. Belə olan halda təbii ki, antimilli ünsürlərin bu kimi hərəkətləri Azərbaycandakı sabitliyi pozmaq, inkişafa mane olmaq cəhdi kimi qiymətləndirilir.

Azərbaycan xalqı bütün bunları yaxşı bilir, indiki müxalifətin zamanında Azərbaycanı hansı vəziyyətə saldığını da yaxşı xatırlayır. Ona görə də xalq onların indiyə qədər keçirdikləri qanunsuz aksiyalara heç bir dəstək verməyib, bundan sonra da verməyəcək".