10 dekabr 2019 12:01
761

Dövlətin insan hüquqlarına verdiyi ali dəyərin parlaq təzahürü

10 dekabr bütün dünyada Beynəlxalq İnsan Hüquqları  Günü kimi qeyd edilir.  İlk dəfə olaraq insan hüquqları anlayışı 1789-cu ildə Fransada qəbul edilmiş “İnsan və vətəndaş haqları haqqında deklarasiya”da istifadə olunub.

Ötən əsrdə insan hüquqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş “İnsan hüqüqları haqqında ümumi deklarasiya” olub.  1950-ci ildən etibarən 10 dekabr təqvimdə Beynəlxalq İnsan Hüquqları Günü kimi öz yerini alıb.

Fəlsəfi baxımdan yanaşsaq, insan haqları insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarının təsviridir. Burda əsas konsepsiya ondan ibarətdir ki, eyni hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilməlidir. Belə ki, hər bir insan  irqindən, cinsiyyətindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.

Müstəqillik qazandıqdan sonra hüquqi, demokratik  vətəndaş cəmiyyəti qurmaq yolunda inamlı addım atan suveren ölkəmizin  18 oktyabr 1991-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”ndan irəli gələn müddəalar 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın da başlıca mahiyyətini özündə ehtiva edir.

Müxtəlif illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına, vətəndaşların həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlib.

Yeni Konstitusiyamızın üçdə bir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr olunub.

Azərbaycan dövləti hər bir vətəndaşının hüquq və azadlıqlarının müdafiəsinin təminatçısıdır.  Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin olunması,  hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricilərindəndir.

XXI əsrin əvvəllərindən başlayaraq Azərbaycan dövləti tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması istiqamətində silsilə tədbirlər gerçəkləşdirilib. Aparılmış hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının təminatı sahəsində bir çox beynəlxalq prinsiplər Azərbaycanın milli qanunvericiliyində öz əksini tapıb. Lakin bəzi humanitar aspektlərdə insanların elan edilmiş hüquqlarının müdafiəsinin daha da təkmilləşdirilməsi, beynəlxalq norma və standartlara uyğun təşkilinə ehtiyac duyulurdu. Bu səbəbdən, Ombudsman vəzifəsinin təsis olunması hüquqi  gerçəkliyimizin mühüm tələbatı idi. Bu təsisatın yaradılması hüquq-müdafiə strukturları sistemini tamamlamaqla, həm də mövcud boşluqları aradan götürərək, insanların hüquq və azadlıqlarının müdafiəsi mexanizmində qüsurları aradan qaldırmaq üçün yeni imkanlar yaratmış oldu.

Azərbaycanın bu gün beynəlxalq arenada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkəmizdə insan hüquqları üzrə ilk sənədlərin, müstəqil hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması da məhz Ulu Öndər  Heydər Əliyevin adı ilə bağlıdır.

2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu.

5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradılmış oldu. Respublikamızın ilk Ombudsmanı kimya elmləri doktoru, professor Elmira Süleymanova 2002-ci il iyulun 2-də Milli Məclis tərəfindən Azərbaycan Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə (112 səsdən) seçilib.

Ombudsman təsisatı fəaliyyəti dövründə öz müsbət iş təcrübəsi, innovativ təşəbbüsləri və səmərəli təklifləri ilə daim fərqlənib. Əhalinin müxtəlif sosial qruplarının hüquqlarının daha etibarlı təmin edilməsi məqsədi ilə Müvəkkilin qadınların, uşaqların, ahılların, əlilliyi olan şəxslərin, qaçqınların, məcburi köçkünlərin və miqrantların, həbs edilmiş şəxslərin və məhkumların, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, həmçinin insan alveri və korrupsiya ilə mübarizə, biznes və insan hüquqları, eləcə də digər sahələr üzrə ixtisaslaşmış müşavirləri fəaliyyət göstərir. Bundan başqa Müvəkkil polis bölmələri, müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları, cəzaçəkmə müəssisələri, qarnizon hauptvaxtları ilə yanaşı, psixiatriya və sosial xidmət müəssisələrində, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdəki şəxslərin hüquq və azadlıqlarının qorunmasına, qanuni mənafelərinin təmin olunmasına xüsusi önəm verərək daimi şəkildə həmin müəssisələrdə monitorinq aparılıb, saxlanılan şəxslərlə görüş keçirilərək onların saxlanılma şəraiti, eləcə də şikayətləri yerində öyrənilib, müraciətlər üzrə müvafiq araşdırmalar aparılaraq, bu və ya digər məsələnin həlli ilə bağlı aidiyyəti dövlət qurumlarına tövsiyələr verilib, bir çox problemlər öz müsbət həllini tapıb.

Ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənədin qəbul edildiyi 18 iyun tarixinin yeganə ölkə olaraq müstəqil respublikamızda Milli İnsan Hüquqları Günü kimi qeyd olunması Azərbaycan dövlətinin insan hüquqlarına verdiyi ali dəyərin parlaq təzahürüdür.

Xatırladaq ki, bu günlərdə Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili  seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib. Səbinə Əliyeva hüquq üzrə fəlsəfə doktoru və 3-cü dərəcə Dövlət müşaviridir. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Ümumiyyətlə, ölkəmizin əldə etdiyi yeni nailiyyətlər, həyata keçirilən genişmiqyaslı islahatlar, beynəlxalq arenada  qazandığı nüfuz dayanıqlı inkişafa və insan hüquqlarının etibarlı təminatına xidmət göstərən məqsədyönlü fəaliyyətin nəticəsi kimi önə çıxır.

Dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən islahatların əsas hədəfində insan hüquqlarının daha səmərəli təminatı, vətəndaşların layiqli həyat səviyyəsinin qabaqcıl beynəlxalq standartlara çatdırılması istiqamətlərində nailiyyətlərin əldə olunması durur və bu hədəflər zaman-zaman gerçəkləşdirilir.  

Sevinc Abdullayeva, “İki sahil”