22 iyul 2020 10:45
4889

Dünyanın qeyri-adi idman növləri

Dünya inkişaf etdikcə bütün sahələrdə dəyişikliklər baş verir. Bu cür dəyişikliklər idman dünyasına da təsir edir. Bu yazıda dünyada tanınan qeyri-adi idman növlərindən bəhs olunur.

Quiddich

Son illər ərzində bu qəribə, “Harry Potter” filmindən tanınan oyun əsl idman növünə çevrildi. Hal-hazırda dünyanın bir çox ölkələrində yaşayan insanların bu oyuna maraqları artıb. Bu oyunu insanlara sevdirən insan “Harry Potter” filminin pərəstişkarı olan Coan Roulinqdır. Kim bilir, bəlkə də gələcək illərdə bu oyun növü Olimpiadada da öz yerini tutmuş olacaq.

Sauna çempionatı

Sauna çempionatı kimi tanınan oyun Finlandiyada yaranmışdır. Bu oyunda qalib gəlmək istəyən insan saunada mümkün qədər çox qalmalıdır . Uzun müddət ərzində yüksək rütubətə və istiliyə dözə bilən insan çempion adını qazanaraq yüksək mükafata sahib olur. Lakin qeyd etmək lazımdır ki, bu, çox təhlükəli bir idman növüdür və sağlamlığında hər hansı bir narahatlığı olan insanlar üçün heç məsləhətli deyil.

Bataqlıq futbolu

Bataqlıq futbolu XX əsrin 60-cı illərində İngiltərədə yaranıb. Bu qeyri-adi idman növü əsasını futboldan götürsə də, özünəməxsus qaydaları ilə seçilir. Bu oyunda insanlar iki komandaya ayrılır və hər birisində 6 nəfər olur. Oyun iki hissədən (taym) ibarət olur və hər taym 13 dəqiqə davam edir. Bataqlıq futbolunda əvəzetmələr oyun dayandırılmadan həyata keçirilir. Maraqlıdır ki, bu oyunda cərimə zərbələri əllə vurulur.

Segway polo

Segway polo son illər ərzində İngiltərədə yaranan bir idman növüdür. Əslində, Segway polo oyununun adi polo ilə oxşarlığı çoxdur, yeganə fərqləri isə odur ki, yeni yaranan bu oyunda oyunçular at üstündə olmurlar, onlar son illər dəbə düşən segway skuterlərini idarə edirlər. İnsanların həyatını tamamilə dəyişdirən texnologiyalar idman növlərinə də təsir edir. Bu oyunu əsasən yüksək təbəqələrə aid olan insanlar oynayırlar.

Sepaktakrau

Sepaktakrau oyunu əsasən Asiyanın Tailand və Malayziya kimi ölkələrində populyar olan bir idman növüdür. Bu idman növü voleybol, futbol və akrobatika elementləri ilə zəngindir. İştirakçılar voleybol meydançasından bir qədər kiçik meydançada oynayırlar və hər komandada 3 nəfər olur. Voleyboldan fərqli olaraq sepaktakrauda əl istisna olmaqla yalnız ayaq və bədənin digər nahiyələrindən istifadə olunur. Sepaktakrau oyununda həmçinin salto kimi tanınan akrobatik hərəkətlərdən istifadə olunur.

Şahboks

Şahboks tamamilə iki fərqli idman növünün - şahmatla boksun birləşdirilməsindən yaradılıb. Şahboks oyunu zamanı döyüş 11 raunddan ibarətdir. Oyunçular raundların tək rəqəmləri üzrə rəqiblərini mat etməyə, cüt rəqəmləri üzrə isə rəqiblərini boksdakı kimi nokauta salmağa çalışırlar.

Qrass-Ki

İngiltərədə yaranan yeni idman növlərindən biri də Qrass-Ki oyunudur. Bu qeyri-adi idman növünü oynayan iştirakçılar ot üzərində xizəklə hərəkət edirlər. Bu zaman otun hündürlüyü 5 santimetrdən artıq olmamalıdır. Ot üzərində xizəklə dönmə və dayanmaq çətin olduğu üçün Qrass-Ki ilə yalnız professional idmançılar məşğul olurlar.

Slembol

Bu qeyri-adi idman növü basketbolun əsasında yaradılıb. Amma slembolun basketboldan fərqli cəhətləri var. Slembolda komandalar tramplinlərdən istifadə edirlər. Belə desək, hər səbətin qarşısında tramplinlər olur. Hər birisində 4 nəfər olmaqla komandalar meydançanın hər iki tərəfindən səbətin ətrafına toplaşırlar. Oyunun əsas şərtlərindən biri də odur ki, topu rəqibin səbətinə atmaq lazımdır. Bu oyun əsasən ABŞ-da populyardır.

Sualtı hokkey

Hokkey dünyanın ən sürətli idman növlərindən biri hesab olunur. Son illər ərzində ABŞ-da yaşayan idmansevərlər hokkeyin adrenalin dolu yeni bir növünü icad ediblər. Bu oyunun qaydalarına görə, oyunçular balaca çubuqlar istifadə edərək suyun altında topu hərəkət etdirirlər. Sualtı hokkey təhlükəli oyunlardan biri sayılır, çünki oyunçular uzun müddət suyun altında qalaraq, həyatlarını riskə atmış olurlar.

Dəvə üstündən tullanma

Dəvə üstündən tullanma oyunu əsasən Yəməndə məşhurdur . Bu ölkənin milli idman növü sayılan dəvə üstündən tullanma oyunu ciddi intizam və qəribə qaydaları ilə seçilir. Bu oyunun qaydalarına görə, iştirakçılar əvvəlcə yan-yana dayanmış 3 dəvənin üstündən tullanmalıdırlar. Ən yüksək nəticə 7 dəvənin üstündən tullanmaqdır. 7 dəvənin üstündən tullanan iştirakçı çempion olaraq, yüksək mükafata layiq görülür. Oyunun qaydalarına görə, dəvələrin boyunlarına toxunmaq olmaz.

Samirə Tağıyeva, “İki sahil”