30 sentyabr 2020 17:16
705

Əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa...

Polad Bülbüloğlu: Əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, bu, bütün körpülərin yandırılması demək olacaq

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xəbərdarlıq edib ki, əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, bu, necə deyərlər, bütün körpüləri yandırmağa bərabər olacaq.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, səfir bu fikirləri Rusiyanın RBK telekanalına müsahibəsində söyləyib. P. Bülbüloğlu qeyd edib ki, bu halda Azərbaycanın reaksiyası çox sərt olacaq.

Diplomatın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan indiyə qədər də Qarabağ barəsində sərt bəyanatlar verməklə, danışıqlar prosesini pozmağa çalışmaqla “körpüləri yandırıb”. P.Bülbüloğlu deyib: “Bu faciənin təqsirkarı Paşinyandır. Mənim fikrimcə, kiçik bir ərazidə Türkiyə ilə Rusiyanı qarşı-qarşıya qoymağa cəhd göstərilir. Paşinyanın komandası qərbyönümlüdür və müəyyən sifarişi yerinə yetirir”.

Azərbaycan səfiri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun öz ölkəsinin bu münaqişədə Azərbaycana kömək etməyə hazır olması barədə bəyanatını şərh edərək deyib: “Türkiyənin rəhbərliyində Rusiyanın və KTMT-nin nə demək olduğunu başa düşən kifayət qədər praqmatik insanlar var. KTMT nə üçün bu münaqişəyə müdaxilə etmir? Ona görə ki, döyüşlər Azərbaycan ərazisində gedir. Əgər KTMT müdaxilə etsə, bizim müttəfiqimiz Türkiyə də müdaxilə edə bilər”.

P.Bülbüloğlu daha sonra bildirib ki, Azərbaycan Qarabağdan erməniləri qovmaq vəzifəsini qarşıya qoymayıb. “Məqsəd azərbaycanlıları oraya qaytarmaqdır ki, orada hamı birlikdə yaşasın”, - deyən diplomatın sözlərinə görə, erməni silahlı bölmələrinin Azərbaycan ərazisindən çıxarılması, sərhədlərin açılması və ticarətin bərpa edilməsi, artıq bundan sonra Dağlıq Qarabağın statusunun müzakirə edilməsi münaqişənin həll yolu olardı.

Diplomat türkiyəli hərbçilərin münaqişədə iştirakı barədə Yerevanın bəyanatlarını təkzib edib. O deyib: “Təlimlərdə iştirak edən F-16 təyyarələri artıq uçub geri qayıdıblar, bizdə heç bir muzdlu yoxdur. Suriyadan olan muzdlular da yoxdur, əgər olsaydı, onlar dərhal görünərdi”.