Həqiqətən də, indi sensor ekranlar dövrüdür və biz hər gün demək olar ki, smartfonlarımız, kompyuter və tabletlərlə kifayət qədər çox vaxt keçiririk. Artıq hazırkı dövrdə bu qadjetlərdən uşaqlar da istifadə edirlər, hətta körpə yaşlı uşaqların texnologiyaya necə həvəs göstərdiyinin şahidi oluruq.
Lakin alimlərin yeni tədqiqatları göstərib ki, bu ekranlar məktəbəqədər uşaqların beyinlərində, xüsusilə dil və digər ədəbi bacarıqlarla bağlı hissələrdə struktur dəyişikliklərinə səbəb olurlar.
“Science daily”də dərc edilmiş məqalədə bildirilir ki, araşdırmalar 3-5 yaşlı 47 sağlam uşağın MRT müayinəsi üzərində aparılıb. Müəyyən edilib ki, ekrana daha çox meylli olan uşaqların zehni proseslərinin sürəti daha azdır və beynin danışıq, təsəvvür və digər icra funksiyaları daha zəifdir.
“Cincinnati” uşaq xəstəxanasının “Oxu və ədəbi kəşflər” mərkəzinin direktoru və sözügedən tədqiqatın rəhbəri olan Con Hutton bildirib ki, əldə edilmiş nəticələr bu sahədə tədqiqatları davam etdirməyin vacibliyini və texnologiyadan istifadədə mütləq limitlərin müəyyən edilməli olduğunu göstərir.
Nubar Süleymanova, “İki sahil”