21 mart 2020 18:31
1640

Ekspert: Fondun yaradılması ölkəmizdə koronavirusun lokallaşdırılması istiqamətində atılan vacib addımdır

Prezident İlham Əliyevin Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ölkəmizdə virusun lokallaşdırılması istiqamətində atılan vacib addımdır.

Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktorunun müavini, professor Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, aidiyyəti dövlət qurumları da fondun vəsaitlərinin idarə edilməsində aktiv və şəffaf şəkildə iştirak etməlidir ki, bu resurslar vasitəsilə bir tərəfdən koronavirusun yayılmasının qarşısı alınsın, digər tərəfdən də mənfi psixoloji durumun yaradılmasına imkan verilməsin. Bütövlükdə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun effektiv fəaliyyətinin əsas istiqamətləri dövlətin aidiyyəti qurumlarının bu yöndə gördüyü işlərin səmərəliliyindən asılı olacaq. Bu istiqamətdə bütün dövlət resurslarının cəmləşdirilməsi koronavirusla mübarizədə daha effektiv göstəricilərin formalaşmasına şərait yaratmalıdır. Burada ən vacib məqamlardan biri odur ki, hansısa təhlükəli vəziyyətin yaranması, müxtəlif şayiələrin gəzməsi ilə bağlı məsələlərə son qoyulmalıdır. Bu virus ətrafında yaradılmış ajiotaj həm tibbi nöqteyi-nəzərdən, həm siyasi, iqtisadi, sosial baxımdan onun mənfi fəsadlarından dəfələrlə təhlükəli nəticələrə səbəb ola bilər. Psixoloji amil məsələlərin mənfi xətt üzrə inkişafına şərait yaradır.

Ekspert Azərbaycan hökumətinin gördüyü tədbirlərin, ilk növbədə, virusun lokallaşdırılmasına, onunla effektiv mübarizəyə istiqamətləndiyini vurğulayıb.