Bu gün Azərbaycanın siyasi və iqtisadi baxımdan kifayət qədər güclənməsindən, sabitliyi, əmin-amanlığı, və təhlükəsizliyi ilə bütün dünyada tanınmasından, sözün həqiqi mənasında beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilməsindən, beynəlxalq müstəvidə gündən-günə güclənən müsbət imicindən və möhkəmlənən mövqeyindən, yüksələn nüfuzundan vahiməyə düşən antiazərbaycan dairələr və onların ölkəmizdəki əlaltılarından ibarət olan antimilli ünsürlər yenə öz amplualarındadırlar. Azərbaycanın əldə etdiyi davamlı uğurları, ölkə rəhbərliyinin siyasi iradəsi ilə reallaşdırılan inqilabi yenilikləri, gündən-günə möhkəmlənən xalq-iqtidar birliyini həzm edə bilməyən xarici düşmənlərimizlə işbiriliyndə olan dağıdıcı müxalifət təmsilçiləri ölkəmizin müsbət imicinə gölgə salmaq, ictimaiyyətdə çasqınlıq yaratmaq, ictimai rəyi manipulyasiya etmək üçün ən çirkin vasitələrdən istifadə edirlər.
Heç bir sosial bazası olmayan, inkarçı, pozucu mövqeyi ilə xalqın gözündən düşən, ötən iyirmi beş ildə nə formaca, nə də məzmunca dəyişə bilməyən, dağıdıcı instinktdən qurtula bilməyən radikal müxalifətin “baş qərargahı” rolunu oyanayan, AXCP-nin sədri Əli Kərimlinin marionetkası funksiyasını yerinə yetirən “Milli Şura”adlı qurumun oktyabrın 8-dəki əməlləri bunun əyani təsdiqidir. Xarici antiazərbaycan qüvvələrin və erməni lobbisinin təsiri altında olan bəzi beynəlxalq qurumların sifarişlərini yerinə yetirən AXCP sədri Ə.Kərimlinin məsələ ilə bağlı dedikləri tamamilə yalan və əsassız uydurmadan başqa bir şey deyil.
Məsələ başqa cürdür. Belə ki, AXCP sədri və yanındakı cəbhədaşaları özləri də yaxşı bilirlər ki, mitinq-şouya beş-on nəfər yaxın əlaltılarından başqa kimsələri toplaya bilməyəcəklər. Ona görə də bu marginallar növbəti mitinq-şounu şəhərin mərkəzi yerlərində keçirmək istəyirlər. Özü də aidiyyəti qurumlardan elə yerləri istəyirlər ki, oralarda heç mitinq üçün münasib şərait də yoxdur. Mitinq üçün şəhərdə insanların kütləvi olduğu yerləri istəməkdə AXCP sədrinin əsl məqsədi sosial bazasının guya güclü olduğunu göstərmək, cəmiyyətin normal həyat ritmini pozmaq, qarışıqlıq yartamaqdır.
Əslində Ə.Kərimlinin və onun dağıdıcı orbitində fırlanan “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun, Gültəkin Hacıbəylinin və onlarla işbirliyində olan xaricdəki “siyasi mühacirlər” adlı satqın, xəyanətkar zümrənin son günlər sosial şəbəkələrdə hadisələrin kifayət qədər gərgin müstəvidə cərəyan etməsini körükləyən çıxışları bir daha təsdiq edir ki, məlum “piket” məsələsi dağıdıcı, inkarçı müxalifətin növbəti çirkli ssenarisidir. Əgər belə olmasaydı bu qaragüruhçular antiazərbaycan dairələrin, erməni lobbisinin çirkli pulları ilə fəaliyyət göstərən müxtəlif internet TV-lərdə təxribat xarakterli, avatürist çıxışlar etməz, əhalini “piketi” müşahidə etmək adı altında aksiyaya çağırmaz, öz trollarına belə çirkin əməlləri dəstəkləyən şərhlər yazdırmazdılar.
İş belədir ki, bir müddət bundan əvvəl sosial şəbəkələrin bloger-monoloqçusu, AXCP sədri Əli Kərimli oktyabrın 8-də partiyasının və “Milli Şura” adlı marionet strukturun piket keçirməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdi. BŞİH də onun oktyabrın 8-nə təyin etdiyi piketlə bağlı müraciətinə cavab vermişdi. Müraciətə baxılmış və oktyabrın 8-i saat 15:00-dan 16:00-dək BŞİH-in inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piketin keçirilməsinə razılıq verilmiş və bununla bağlı təşkilatçılar məlumatlandırılmışdı.
Dünən baş verənlər isə AXCP sədri Əli Kərimlinin 50 nəfərlə “inqilab” etmək cəhdi AXCP və “Milli Şura” adlı qurumun miskin durumunu, verilən populist bəyanatların arxasında heç bir real güc olmadığını açıq şəkildə nümayiş etdirdi. Əslində Ə.Kərimlinin sosial şəbəkələrdə vətəndaşları bu aksiyanı müşahidə etməyə çağırması, şəhərin mərkəzində itaətsizlik mühiti və hətta mümkün olacağı təqdirdə qarşıdurma yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniya aparmaq məqsədi daşıyır. Aidiyyəti orqanların xəbərdarlığına baxmayaraq, sosial şəbəkələrdə piketi mitinqə çevirmək və daha radikal metodlara əl atmaq çağırışları Ə.Kərimli və ətrafının niyyətinin heç də dinc aksiya keçirmək deyil, yaradılmış imkandan istifadə edərək öz məkrli niyyətlərini reallaşdırmaq olduğunu göstərdi.
Təsadüfi deyil ki, hələ aksiya başlamamışdan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti ilə üzbəüz istiqamətdə toplaşan Tofiq Yaqublu və digərləri süni ajiotaj yaradır, aksiyanı istədikləri kimi sərbəst keçirmək istidiklərini bəyan edir və hər hansı yer ayrılmasından narazılıqlarını bildirirdilər. Aksiya başlamamışdan əvvəl, təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarların səsləndirilməsi, ajiotaj yaratmaq cəhdləri qanunun tələblərinə zidd əməllər olmaqla yanaşı, həm də bu insanların niyyətlərinin öz etirazlarını bildirmək deyil, asayiş keşikçilərini təxribata çəkmək və problem yaratmaq olduğunu nümayiş etdirdi.
Bundan başqa, polisin qanuni tələblərinə əməl etməmək, müqavimət göstərmək, təhqiramiz ifadələr işlətmək, yolu bağlamaq, nəqliyyatın hərəkətinə maneçilik törətmək və sair bu kimi əməllər bir daha göstərir ki, 90-cı illərin psixologiyası, ab-havası ilə yaşayan bu ünsürlər heç vaxt düzəlməyəcəklər və ilk fürsətdə cəmiyyətdə qarşıdurma, xaos yaratmağa çalışacaqlar. Kənarda əlində “Xalq sizinlədir, cənab Prezident İlham Əliyev” şüarı ilə dayanan bir nəfərə qarşı cəbhəçilərin hücumü, plakatın onun əlindən alınması və cırılması bu insanların destruktiv, dözümsüz, təxribatçı qaragüruh olduğunu, heç bir sivil mübarizə metodlarını tanımadığını göstərdi.
Çox maraqlıdır ki, nədənsə, Əli Kərimli piketdə görünmədi, öz ətrafını təlimatlandırıb prosesi kənardan izləmək yolunu tutdu. Deyəsən, söz demək üçün imkan, meydan axtaran AXCP sədrinin deməyə sözü yoxdur, tükənib, yoxsa personası haqqında o qədər yüksək fikirdədir ki, piketi özünə yaraşdırmayıb?
Bütün bunlar bir daha açıq şəkildə nümayiş etdirir ki, AXCP və “Milli Şura”da toplaşan radikal ünsürlər normal qaydada, sivil, qayda-qanuna riayət etməklə kütləvi tədbir keçirmək iqtidarında deyillər. Bunlar hər belə bir imkanı qanunları pozmaq, qarşıdurma yaratmaq və tamaşa təşkil edərək növbəti kampaniya üçün mövzu qazanmaq şansı kimi qiymətləndirirlər.
Təbii ki, ötən iyirmi beş illik müxalifətçilikləri dövründə öz şəxsi mənafeləri və cılız ambisiyaları naminə milli və dövlət maraqlarını hər addımbaşı ayaqlar altına atmağa hazır olduqlarını nümayiş etdirən, pozuculuğu, inlkarçılığı ilə özlərini cəmiyyətdən təcrid edərək marginallaşan dağıdıcı müxalifət təmsilçiləri və onların havadarları öz məqsədlərinə güc, təzyiq vasitəsi ilə nail olmağa cəhd etsələr də heç nəyə nail ola bilməyəcəklər. Öz çirkin niyyətlərini həyata keçirmək üçün antiazərbaycan dairələrlə işbirliyində olan, sosial dayaqlarını itirərək cəmiyyətdən uzaq düşən, meydan eyforiyası ilə yaşayaraq hələ də antikonstitusion vərdişlərindən əl çəkə bilməyən antimilli ünsürlərin oktyabrın8-dəki çirkin əməlləri bir daha da sübut etdi ki, milli maraq və manafelərimizə qənim kəsilənlərin, düşmən qüvvələrin buyruq qulu olanların sonu yalnız və yalnız rüsvayçı məğlubiyyət, yeri isə tarixin zibilliyidir.
Zahid Rza, “İki sahil”