13 iyun 2019 16:46
87

Əlillərə dayanıqlı biznesə sahib olmaq imkanı yaradılır

BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icrasına başladıqları yeni “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi 500 əlilliyi olan şəxsə özünüməşğulluq formatında dayanıqlı biznesə yiyələnmək imkanı yaradacaq. Layihənin icrası üçün müəyyən edilmiş 12 şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi aparılır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMTİP-in Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşündə qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində əhalinin məşğulluq imkanlarının artırılması, eyni zamanda, həssas qrupların səmərəli məşğulluğuna şərait yaradılması mühüm yer tutur. Həmin qruplardan biri kimi əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi üçün müvafiq işlər davam etdirilir. Özünüməşğulluq proqramı çərçivəsində də digər həssas qruplarla bərabər, əlilliyi olan şəxslər üçün də kiçik ailə təsərrüfatları yaradılır.

Nazir ötən il proqram çərçivəsində aktivlər verilməklə kiçik ailə biznesini yaradanların 1000 nəfərini bu kateqoriyadan olanlar təşkil etdiyini deyib. Bildirib ki, BMTİP ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi bu prosesə öz önəmli dəstəyini vermək məqsədi daşıyır. Layihəyə cəlb ediləcək əlilliyi olan şəxslər üçün sosial-əmək reabilitasiyası və kommunikativ bacarıqlar üzrə təlimlər də təşkil ediləcək.

A.Frakassetti həssas qrupların məşğulluq imkanlarının artırılması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərin, eləcə də gənclər üçün aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinin təqdirəlayiq olduğunu deyib. O, BMTİP-in bu sahədə nazirliklə birgə layihələrinin əhəmiyyətini vurğulayıb, əməkdaşlıq müstəvisində işlərin ardıcıl xarakter almasının məmnunluq doğurduğunu qeyd edib.

Görüşdə birgə icra olunan “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı”, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” və “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” layihələrinin icra vəziyyəti və görüləcək işlər müzakirə olunub.