19 yanvar 2021 14:21
544

Elmi-tədqiqat işlərinin əsas hədəfləri müzakirə olunub

Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının 2021-ci il üzrə ilk iclası keçirilib.

İnstitutdan "İki sahil"ə bildirilib ki, iclasda 2021-2025-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin planları müzakirə olunub.

İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, rəhbərlik etdiyi elmi müəssisə əsasən yanacaq-energetika kompleksinin inkişafı sahəsində elmi tədqiqatlara və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilmiş tədqiqatlara önəm verməlidir. Bundan əlavə, əhalinin sağlamlığı ilə bağlı tibbi araşdırmalar diqqət mərkəzində saxlanılmalıdır: “Məlum olduğu kimi, institutda beynəlxalq səviyyədə dünyanın bir çox aparıcı elm mərkəzləri, AMEA-nın biologiya və tibb elmləri bölməsinin bir çox institutları ilə fizioloji fəal maddələrin yaradılması və tədqiqi ististiqamətində müfəssəl tədqiqatlar aparır. Əldə etdiyimiz mühüm elmi nəticələr “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan nüfuzlu xarici jurnallarda çap olunub. Bundan sonra bu istiqamətdə tədqiqatları daha da genişləndirmək lazımdır”.

Akademik Vaqif Fərzəliyev laboratoriya rəhbərlərinin diqqətinə çatdırıb ki, 2021-2025-ci illər üçün mövzu və mərhələləri hazırlanarkən bir sıra prinsiplər nəzərə alınmalıdır.

İnstitutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev və digər əməkdaşlar çıxış edərək öz təkliflərini səsləndiriblər.