10 dekabr 2019 10:36
337

Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır

Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

"İki sahil" xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Kürdəmir rayonunda işəgötürənlər üçün keçirdiyi maarifləndirmə tədbirində qeyd edilib.

“Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları” mövzusuna aid olan tədbirdə “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan da bəhs olunub.

İştirakçılara  əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər.

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərdən danışılıb,. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yeni yaradılan “Məşğulluq” altsistemi barədə ətraflı məlumat verilib. 

Sonda iştirakçıların əmək qanunvericiliyi ilə bağlı sualları cavablandırılıb.