03 dekabr 2019 11:03
211

Ermənistana Qaregin Njde zərbəsi

Njde kimdir?

Həm çarizm, həm də sovet dövrünün məxfi arxiv sənədləri  sübut edir ki, Njde peşəkar terrorçu, erməni keşişi təfəkkürü sahibi, qəddar qatil olub. O, Sofiya şəhərində daşnakların terrorçular hazırlayan məktəbini bitirib. Bu məxluqun əsas fəaliyyət istiqaməti qanlı terror əməlləri törətmək və ictimai qaydaları pozmaq olub. O, İranda, Rusiya ərazisində terror aktlarının törədilməsində iştirak edib. Çarizm orqanları onu həbs edib. Həbsxanadan buraxıldıqdan sonra 1912-ci ildə Balkan müharibələri başlayanda  yenidən Bolqarıstana gedib və erməni silahlı dəstələrinin, terror qruplarının qurulmasında iştirak edib. Birinci dünya müharibəsi illərində Qafqaz cəbhəsində terrorçu, “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın başçılıq etdiyi erməni silahlı dəstələrinin birində onun müavini olub. Şərqi Anadoluda, rus Qafqaz cəbhəsi dağıldıqdan sonra isə Cənubi Qafqazda mülki əhalinin kütləvi şəkildə öldürülməsində ad çıxarıb. Azərbaycan torpaqlarında Ararat Respublikası - Daşnak Ermənistanı qurulduqdan sonra Njde azərbaycanlı əhalinin soyqırımında qanlı rol oynayıb. Vedibasarda, Zəngəzurda mülki əhalinin məhv edilməsi ilə tanınıb.

Njde Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Bolqarıstana qaçıb. İkinci dünya müharibəsi başladıqda isə nasistlərlə yaxından əməkdaşlıq edib. Erməni hərbi əsirlər qarşısında çıxışlar edərək, onları rusları öldürməyə, sovet hakimiyyətini devirməyə səsləyib. Anti-hitlerçi koalisiya müharibədə qalib gəldiyi zaman Njde Bolqarıstanda olub. Bununla da sovet xüsusi xidmət orqanları onu həbs edərək SSRİ-yə gətiriblər. Məhkəmə qərarı ilə o, həbsxanaya atılıb.

Bu günlərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) erməni terrorçu-daşnak qüvvələrinin terror əməllərini sübut edən nadir arxiv sənədlərini  yayıb. Bu sənədlər bir daha əyani şəkildə göstərir ki, erməni-daşnak qüvvələri son iki yüz il ərzində Azərbaycan xalqının məhv edilməsi və torpaqlarımızın qəsb olunması istiqamətində qəddar və məkrli siyasət aparıblar. Təəssüf ki, bu gün də Ermənistanda azərbaycanlılara, bütövlükdə, türklərə qarşı ağır terror və təxribatlar davam etdirilir.  Nəzərə almaq lazımdır ki, dünya erməniliyinin  türklərə və azərbaycanlılara  qarşı qatı millətçi davranışlarının təməlində Q.Njdenin düşüncələri yer alır. Bu faşist ideoloq bütün həyatı boyu türklərə düşmən mövqedə olmuşdur. O, öncə savaş meydanında türklərə divan tutmağa çalışmışdır. Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin tökdüyü qanın, qətlə yetirdiyi günahsız insanların sayı-hesabı yoxdur.

Bütün bu qəddarlıqlara rəğmən 2016-cı ildə Ermənistanda belə bir adama heykəl qoyulması, onun haqqında filmlər çəkilməsi, kitablar yazılması o deməkdir ki, nasizm bu ölkədə hələ də tüğyan edir. O zaman  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın buna təəccübləndiyini bildirmişdi: “Bizim nasizm, faşizm, yeni nasizm və ekstremizmin istənilən şəkildə təzahür etməsi və qəhrəmanlıq kimi qələmə verilməsinə münasibətimizi hamı yaxşı bilir. Bu, beynəlxalq sənədlərdə də öz təsdiqini tapıb. Bu, heykəlin qoyulmasının səbəbi bizim üçün də aydın deyil”. Cari il mayın 9-da isə Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda faşizm meyillərinin gücləndiyini vurğulayan bəyanatla çıxış etmişdi. Nazirlik “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizm və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiyanın müasir formalarının və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzəsini açıqlayıb. Rusiya XİN həmin açıqlamada milliyyətçiliyin qəhrəmanlıq kimi təqdim edilməsi, müasir irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla əlaqədar yaranan dözümsüzlüyün gərginlik yaradan amillər olduğunu bəyan edib. Həmin sənəddə Ermənistan da daxil olmaqla 40-dan çox ölkədə siyasi, ictimai vəziyyət təhlil edilib. Məruzədə Ermənistanla bağlı məqam xüsusi diqqət çəkir. Sənəddə vurğulanıb ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası, barəsində Üçüncü Reyx ilə əməkdaşlıq haqqında informasiya olan erməni faşist Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atıb. Məruzədə Ermənistanın keçmiş hakimiyyətinin faşist Almaniyası ilə əməkdaşlıq edən şəxsin adını əbədiləşdirərək faşizm meyillərinin güclənməsinə səbəb olduğu bildirilib. Həmçinin “böyük Ermənistan” yaratmaq xülyasında olan “Sasna Srer’” Partiyasına da sənəddə geniş yer verilib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Rusiya Xarici İşlər Nazirliyinin mayın 9-da yaydığı hesabata münasibət bildirərkən deyib: “İkinci Dünya müharibəsi zamanı faşistlər, Üçüncü Reyxlə əməkdaşlıq etmiş Qaregin Njdeyə heykəl Serj Sarqsyanın prezidentliyi dövründə qoyulub, milliyyətçi “Sasna Srer” isə siyasi təşkilat kimi 2018-ci ilin payızında qeydiyyata alınıb”.  A.Naqdalyanın 6 ay əvvəl verdiyi açıqlama ilə Nikol Paşinyanın Baqramyan-Njde cütlüyü ideyası bir-birini təkzib edir. Belə çıxır ki, Ermənistan cəmiyyətində və hökumətində heç də hamı tarixə Paşinyan məntiqi ilə yanaşmır.

Ermənistanda faşist Njdenin qəhrəman obrazının yaradılması barədə məsələni Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən sammiti zamanı qaldıraraq qeyd edib ki, biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib.

Bununla da, Prezident İlham Əliyev həm tarixi faktlarla, həm də bugünkü işğalçılıq siyasətinin həyata keçirilməsi kontekstində Ermənistanda faşizmi, nasizmi ifşa etdi, bunun bütün MDB məkanında faşizmin qurbanları olmuş insanların xatirəsinə hörmət baxımından da yolverilməz olduğunu bildirdi.  Faktlarla əsaslandırılmış bu fikirlər Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirilən “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatından sonra Ermənistana yeni zərbə oldu. Bununla Prezident İlham Əliyev Ermənistanda hansı proseslərin getdiyini və bunun nə dərəcədə təhlükəli olduğunu dünya ictimaiyyətinə çatdırdı.

Mətbuat səhifələrində  yer alan xəbərlərdən biri də budur ki,  Rusiya ictimaiyyətinin nümayəndəsi, Krasnodar diyarının Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov Njdenin xatirə lövhəsinin üzərinə boya töküb. Deputat bildirib ki, yerli hökumət noyabrın 11-dək lövhənin götürüləcəyini vəd etmişdi: “Amma buna əməl olunmayıb. Bu müddət başa çatdığı üçün məsələni müstəqil şəkildə həll etmək qərarına gəldim”. Vinoqradov seçkili orqanın təmsilçisidir. Deməli, onun hərəkəti həm də sosial sifarişdir. Ermənistan mətbuatı və KİV-in həmin hadisə ilə bağlı hay-küy qoparması anlaşılan deyil.

Artıq Rusiya hökuməti bununla bağlı birdəfəlik addımlarını atdı. Beləliklə, Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində faşist Qaregin Njdeyə erməni kilsəsinin həyətində qoyulmuş xatirə lövhəsi söküldü. Millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov mətbuata açıqlamasında qeyd edib ki, Armavirdə Njdenin xatirə lövhəsi ilə bağlı situasiya özünün məntiqi sonluğuna çatdı: “Bu, Böyük Vətən müharibəsini unutmayan və onunla fəxr edən Rusiya və Azərbaycan hakimiyyətlərinin ümumi qələbəsidir”.

O, Armavirdəki erməni kilsəsinin keşişinin şəhər bələdiyyə sədrinin (mer) müavini Sergey Frolova göndərdiyi məktubun surətini də təqdim edib. Məktubda deyilir ki, şəhər merinin müavininin Njdeyə qoyulmuş xatirə lövhəsinin sökülməsinə dair məktubuna əməl edilib, noyabrın 27-də xatirə lövhəsi sökülüb.

Mənsumə Babayeva, “İki sahil”