01 oktyabr 2020 17:31
2486

Ermənistanın cəfəng bəyanatları

Ermənistanın cəfəng bəyanatları və təxribat xarakterli addımları danışıq­ları mənasız edib

Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat onlara baha başa gəlməkdədir. Şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Amma öz populist çıxışları ilə tanınan və Ermənistan küçələrindən "demokratik” şüarlarla hakimiyyətə sahib olan Nikol Paşinyan Azərbaycan Ordusunun bu uğuruna kölgə salmağa çalışır. O, sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə bildirib ki, guya Türkiyə faktiki olaraq bu prosesə cəlb edilib. Halbuki Prezident İlham Əliyevin bildirdiyi kimi, Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur: “Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.” Digər tərəfdən, peyk, elektron texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türk qırıcıları göndərilsəydi, bu faktı gizlətmək mümkün deyildi. Bir də unutmayaq ki, bu gün  Dağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin sıx müşahidəsi altındadır.

Əslində isə Nikol Paşinyanın məqsədi başqadır. O, bu cəfəngiyatı ilə öz təxribatlarına haqq qazandırmaq üçün mümkün qədər çox ölkəni münaqişəyə cəlb etməyə çalışır. Nikol Paşinyan, həmçinin vurğulayıb ki, guya konkret danışıqlar üçün müvafiq şərait yoxdur. Amma müvafiq şərait dedikdə nəyi nəzərdə tutduğunu yəqin ki, heç onun özü də anlamır. Məgər o, bilmirmi ki, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılması barədə 4 qətnaməsi indiyədək icra olunmayıb? Bunun nəticəsidir ki, erməni separatçıları cəbhə bölgəsində vaxtaşırı təxribatlar törədir, mülki əhaliyə hücumlar edirlər. Məgər o bilmirmi ki, Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib? Üstəlik, dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, biz illər boyu işlənib hazırlanmış Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Amma Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan isə bu formatı pozmağa, daha doğrusu, danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmağımıza çalışır. Bir sözlə, status-kvonu saxlamaq məqsədi ilə Ermənistanın cəfəng bəyanatları və təxribat xarakterli addımları danışıq­ları mənasız edib. Yeri gəlmişkən onu da qeyd edək ki, son iki ildə Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə 30 dəfədən çox səfər edib və hər dəfə də “Qarabağ Ermənistandır və nöqtə” kimi təxribatçı bəyanatlar səsləndirib. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər? Beləliklə, Nikol Paşinyana qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi.

“Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” deyən Nikol Paşinyan bunu guya Azərbaycan Silahlı Qüvvələri öz vəzifələrini yerinə yetirə bilməyiblər fikri ilə əsaslandırmağa çalışıb. Halbuki, əks-hücumlar nəticəsində Azərbaycan Ordusu Füzuli–Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini işğaldan azad edib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postlarını darmadağın edərək hakim yüksəklikləri, o cümlədən Murov dağı silsiləsindəki, eləcə də Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklikləri nəzarətə götürüb. Şübhəsiz, müzəffər ordumuzun cəbhədə qazandığı uğurlar əsgər və zabitlərimizin ruh yüksəkliyinin, Vətənə olan sevgisinin nəticəsidir.

Bir sözlə, cəbhədən aldığımız xəbərlərlə duyduğumuz qürur hissini sözlə ifadə etmək mümkün deyil. Hər kəs inanır ki, üçrəngli bayrağımızın Xankəndidə, Şuşada, eləcə də işğal altındakı digər ərazilərimizdə dalğalanacağı günlər yaxındır. 

Şübhəsiz, Nikol Paşinyan səsləndirdiyi cəfəng fikirləri ilə beynəlxalq aləmi, eləcə də erməni xalqını növbəti dəfə aldatmağa çalışır. Amma bu, bir həqiqətdir ki, artıq beynəlxalq aləm onun göz yaşlarına inanmır.  Çünki beynəlxalq aləm indi yaxşı bilir ki, Azərbaycan işğal altındakı ərazilərini azad edir. O ki qaldı erməni xalqına... Bu məqamda sentyabrın 30-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə səsləndirdiyi bu sözləri  xatırlatmaq yerinə düşərdi: “Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? ”

Qvami Məhəbbətoğlu, “İki sahil”