11 sentyabr 2019 10:59
1309

“Əsrin müqaviləsi” - 25 - Yeni neft strategiyasının təntənəsi

Ölkəmiz müstəqillik əldə etdikdən sonra iqtisadi sahədə mövcud çətinliklərin qarşısının alınması üçün neft və qaz hasilatının artırılması vacib məsələlərdən idi. Belə bir çətin şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan, ağır vəziyyətə düşmüş bir dövlətə başçılıq etməyə başlayan ulu öndər Heydər Əliyev nəinki bu dövləti qoruyub saxlamağa və dirçəltməyə nail oldu, həm də dünya ictimaiyyətini yeniləşmiş Azərbaycanla hərtərəfli əməkdaşlığın perspektivli olduğuna inandıra bildi.

 

Ümummilli Liderin göstəriş və tapşırığı ilə xarici neft şirkətlərini Azərbaycanın neft sənayesinə birgə işə cəlb etmək üçün müxtəlif səviyyələrdə danışıqlar aparılmağa başlandı. Bunun nəticəsi olaraq “Əsrin müqaviləsi” ərsəyə gəldi.

Dünyanın ən nəhəng neft şirkətiləri ilə SOCAR-ın işbirliyini rəsmiləşdirən və sonralar “Əsrin müqaviləsi” adlandırılan bu sənədin imzalanması Ümummilli Liderin böyük müdrikliklə işləyib hazırladığı neft strategiyasının həyata keçirilməsi, neft sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoyması, iqtisadiyyatın digər sahələrinin də dirçəlişi üçün geniş yollar açdı və Azərbaycanın çiçəklənən bir diyara çevrilməsi yolunda ilk mühüm addım oldu. Təkcə Azərbaycan yox, dünya ölkələri üçün də böyük strateji əhəmiyyət daşıyan “Əsrin müqaviləsi” ilə dünyanın neft sənayesi tarixində yeni bir dövr başlandı. Sonralar “Əsrin müqaviləsi” dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq ilk növbədə Azərbaycan dövlətinin qüdrətlənməsinə və xalqımızın rifahının yüksəlməsinə, inkişafa əsas vəsilə oldu. Müqavilə Azərbaycanın bir dövlət kimi dünyada nüfuz qazanmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı.

Təsadüfi deyil ki, imzalanmasından üç il sonra “Əsrin müqaviləsi” öz iqtisadi bəhrəsini verdi: 1997-ci il noyabrın 12-də “Çıraq-1” platformasında ilk neft hasil edildi və Bakı-Novorossiysk kəməri ilə nəql edilməyə başlandı. 1999-cu ilin aprelində ikinci xətt - Bakı-Tbilisi-Supsa kəməri işə düşdü. 2002-ci il sentyabrın 18-də əsas ixrac boru xəttinin - Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin təməli qoyuldu. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan hissəsi, həmin ilin oktyabrında Gürcüstan hissəsi istifadəyə verildi, 2006-cı ilin 28 mayında Azərbaycan nefti Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına çatdı. İyulun 13-də BTC-nin açılışı keçirildi. Bu, 1994-cü ilin 20 sentyabrında başlanan yolun, Ulu Öndərin neft strategiyasının təntənəsinin nəticəsi idi.

Bu gün böyük enerji ixracatçısına çevrilmiş Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar və dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Beynəlxalq neft-qaz kəmərlərinin yeni şəbəkəsinin formalaşmasında fəal iştirakının təmin edilməsi iqtisadiyyatımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyətə malikdir. “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək reallaşan regional və beynəlxalq miqyaslı infrastruktur layihə-tikinti işlərinin davamı olaraq, Avropanın enerji təchizatında mühüm rol oynayan və son illərdə öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən Cənub Qaz Dəhlizi və onun əsas seqmentlərindən olan TANAP, TAP kimi iri transmilli layihələrin reallaşdırılmasında Azərbaycanın söz sahibinə çevrilməsi və əhəmiyyətli paya malik olması, XXI əsrin layihəsi hesab edilən “Şahdəniz-2” layihəsinin reallaşdırılması da əsası “Əsrin müqaviləsi” ilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır. Bu layihələr bir tərəfdən Azərbaycanın vacib iqtisadi və enerji tərəfdaşı kimi dünyada mövqelərini möhkəmləndirirsə, digər tərəfdən gələcəkdə qaz ixracı hesabına da böyük gəlirlər əldə edəcəyinə təminat verir.

Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi istiqamətində 2017-ci ilin sentyabrında daha bir tarixi saziş imzalandı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar. Həmin sənədə əsasən, neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. “Yeni əsrin müqaviləsi” adlandırılan bu sazişin imzalanmasından sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilib. Digər tərəfdən, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi müqavilənin icrasında iştirak edir. Üçüncüsü, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və bununla da Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edir. Müqavilənin Azərbaycana fayda verən əsas şərtləri onu göstərir ki, respublikamızın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün imzalanan bu sazişin çox böyük əhəmiyyəti var.

“Əsrin müqaviləsi” Azərbaycanın müstəqil dövlət kimi öz sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləyən tarixi sənəddir. Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxaraq qlobal müstəviyə yüksəlib. Azərbaycan neft-qaz ixrac edən ölkə kimi dünya birliyi üçün etibarlı tərəfdaşa, enerji təhlükəsizliyi məsələlərində isə fəal subyektə çevrilib.

Orxan Vahidoğlu,

“İki sahil”