Sumqayıtın kimya sənayesinin dayağı olan Etilen-polietilen zavodu yenidən qurulur
SOCAR-ın "Azərikimya" İB-nin Etilen-polietilen zavodunda aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bir neçə yeni müasir texnoloji qurğu inşa olunur, texnoloji proseslər avtomatik idarəetmə sisteminə keçirilir, zavodun elektrik təchizatı sistemi və köməkçi qurğuları təkmilləşdirilir. Layihə nəticəsində “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artacaq.
Modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və lazımlı miqdarda etilen, propilen, saf hidrogen və enerji ilə təmin etməkdir. İstehsal məqsədi ilə istifadə olunan xammal isə zavoda SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir. Beləliklə, Etilen-polietilen zavodu SOCAR-ın dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan zəncirin mühüm birləşdirici həlqəsini təşkil edir. Layihə nəticəsində zavodun istismar müddəti ən azı 20 il uzadılacaq, qurğuların etibarlılığı və səmərəliliyi artırılacaq.
Layihənin icra qrafikinə uyğun olaraq, aktiv inşaat işləri 2017-ci ildə başlanıb. Tikinti və montaj işlərinə əsasən Sumqayıt şəhərindən və ətraf regionlardan orta hesabla 2000 nəfərdən çox mütəxəssis işə cəlb olunub ki, onların da 94%-ni yerli mütəxəssislər təşkil edir.
Yenidənqurma və modernizasiya layihəsinin baş podratçısı "Technip İtaly" şirkətidir. Layihənin idarəedilməsində məsləhətçi kimi SOCAR-KBR şirkəti iştirak edir. Müxtəlif mərhələlərdə texniki məsləhətçi kimi FLUOR şirkətinin Niderland ofisi və "Clifford Chance" şirkətinin İngiltərə ofisi layihəyə dəstək verib. Tikinti-quraşdırma işləri SOCAR-ın birgə müəssisəsi “Azfen” və Türkiyənin “Üstay” şirkətlərinə həvalə olunub. Ümumilikdə layihəyə dünyanın təxminən 50 ölkəsini təmsil edən 50-dən çox istehsalçı və podratçı şirkət cəlb edilib.
Orxan Vahidoğlu, "İki sahil"