21 fevral 2019 10:23
860

Fərmanın həm sosial, həm də iqtisadi əhəmiyyəti var

Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının  həm sosial, həm də  iqtisadi əhəmiyyəti var. Bu barədə “İki sahil” qəzetinə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib. 

N.İbrahimovun  sözlərinə görə, insanların pozulmuş mənzil hüquqlarının bərpası, məhkəmə çəkişmələrinə son qoyulması, sakinlərin yaşayış yerlərinə  qeydiyyata alınması və onların  əmlaklarından maksimum dərəcədə faydalanması sosial baxımdan olduqca əhəmiyyətlidir.

Məsələnin iqtisadi tərəfinə gəldikdə, daşınmaz əmlak eksperti bildirib ki, Fərmanın icrası insanların əmlaklarından gəlir məqsədi ilə istifadə edə bilmələrinə,o cümlədən mənzillərin müqavilə əsasında kirayəyə vermələrinə imkan verəcək. Bundan başqa, əmlakın notarial qaydada satışı mümkün olacaq və  mülkiyyət sahiblərinin əlavə xərclərinin qarşısı alınacaq.

Ekspert  Fərmanın, həmçinin ölkədə inşaat sektoruna stimullaşdırıcı təsir göstərəcəyini  qeyd edib. O, Fərmanın iqtisadi tərəflərindən danışarkən, onun dövlət büdcəsinə əmlak vergisindən ödəmələrin artmasına imkan verəcəyini də vurğulayıb. 

N.İbrahimov  Fərmanın mənzil bazarında aktivliyə təsirini də istisna etməyib. Bildirib ki, bununla da bazarda dövriyyənin artacağı gözlənilir. Qiymətlərə təsirinə gəlincə N.İbrahimov bildirib ki, sənədsiz mənzillə, sənədli olan arasında qiymət fərqi olduğundan bu amil bazara cüzi də olsa təsirini göstərəcək.

Ceyhun Piriyev, “İki sahil”