Fransa Prezidenti Emmanuel Makronun populyarlıq səviyyəsi noyabr ayında daha 7 faiz azalaraq, 12 faizə düşüb. Bu, onun Yelisey sarayına gəlişindən indiyədək qeydə alınan ən aşağı göstəricidir.
“İki sahil” xəbər verir ki, bu, Fransanın “Le HuffPost” nəşri üçün “YouGov” şirkətinin keçirdiyi aylıq sorğunun nəticəsidir.
“Le HuffPost”un təhlilinə görə, hazırkı göstərici Makronun sələfi Fransua Ollandın 2016-cı ilin iyununda qeydə alınmış 11 faizlik populyarlıq səviyyəsinə yaxınlaşıb.
Reytinqdəki geriləmə son həftələrdə Fransada müşahidə olunan siyasi və sosial gərginlik, eləcə də prezidentin ictimai çıxışlarının narazılığı aradan qaldıra bilməməsi fonunda baş verib. Oktyabrın 18-də televiziyada çıxış edən Makron konkret təşəbbüslər açıqlamadığı üçün tənqid və suallarla üzləşib. Onun nümayişlərin legitimliyi ilə bağlı bəyanatları, oktyabrın 23-də Trapp şəhərinə səfəri zamanı işlətdiyi ifadələr və sonrakı siyasi müzakirələr də ictimai mübahisələrə səbəb olub.
Bundan əlavə, jurnalist Fransuaz Döquanın Makronla teleqram yazışmalarını əks etdirdiyi iddia edilən kitabının nəşri və 2027-ci il prezident seçkisində mümkün siyasi koalisiya ilə bağlı müzakirələr də ölkənin siyasi gündəmində yer alıb.
Bunun əksinə olaraq, Baş nazir Sebastyən Lökornünün populyarlıq göstəricisi nisbətən sabit qalıb. Onun fəaliyyəti respondentlərin 20 faizi tərəfindən müsbət qiymətləndirilib ki, bu da əvvəlki ayla müqayisədə cəmi 1 faiz azdır.
“YouGov”un məlumatına görə, oktyabr ayında Makronun reytinqi 21 faiz, Lekornünün göstəricisi isə 19 faiz idi. Hazırda Baş nazir Prezidentdən 8 faiz irəlidədir.