05 noyabr 2026 09:59
403

Gənclərin təşəbbüsü, kitabların birləşdirdiyi üfüqlər: “Oxu və paylaş” layihəsi Zəfər Günü tədbirində təqdim olunub FOTO, VİDEO

İki məktəblinin yaratdığı “Impact Duo Team” təşəbbüsü çərçivəsində 700-dən çox kitab toplanaraq işğaldan azad edilmiş ərazilərdə yaşayan uşaqlara hədiyyə edilib

Müasir dövrdə gənclərin ictimai proseslərdə fəal iştirakı, sosial məsuliyyət nümayiş etdirməsi və cəmiyyət üçün faydalı təşəbbüslərlə çıxış etməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə təhsilin, mütaliənin və bilik mübadiləsinin təşviqinə yönələn könüllülük layihələri gənc nəslin dünyagörüşünün formalaşmasına, intellektual potensialının inkişafına və vətəndaş fəallığının artırılmasına mühüm töhfə verir. Bu baxımdan iki məktəbli qızın təşəbbüsü ilə ərsəyə gələn “Oxu və paylaş” layihəsi həm məzmunu, həm də əhatə etdiyi sosial missiya etibarilə diqqətəlayiq nümunədir.

Noyabrın 4-də Bakı Avropa Liseyində Zəfər Gününə həsr olunmuş tədbirdə “Impact Duo Team” könüllü gənclər təşəbbüsünün həmtəsisçiləri Məryəm Nəcəfova və Solmaz Hacılı tərəfindən təqdim olunan layihə məhz kitabın, mütaliənin və paylaşma mədəniyyətinin birləşdirici gücünü nümayiş etdirib. Təqdimat zamanı təşəbbüsün yaranma ideyası, həyata keçirilmə mərhələləri, əldə olunan nəticələr və gələcək fəaliyyət planları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, 2026-cı ilin may ayında iki məktəblinin təşəbbüsü ilə yaradılan “Impact Duo Team” gənclərin sosial fəallığını könüllülük fəaliyyəti ilə birləşdirən təşəbbüs kimi formalaşıb. Komandanın ilk layihələrindən olan “Oxu və paylaş” ideyası oxunmuş kitabların yenidən dəyərləndirilməsi, onların ehtiyacı olan uşaqlara çatdırılması və beləliklə, mütaliə imkanlarının genişləndirilməsi prinsipinə əsaslanır. Layihənin mahiyyətində yalnız kitabların toplanması və paylanması deyil, eyni zamanda biliklərin paylaşılması, uşaqlarda oxu marağının gücləndirilməsi və onların intellektual inkişafına dəstək göstərilməsi dayanır.

Təşəbbüs qısa müddət ərzində konkret nəticələrlə müşayiət olunub. Belə ki, layihə çərçivəsində 700-dən çox kitab toplanıb, nəşrlər uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla çeşidlənib və işğaldan azad edilmiş ərazilərdə yaşayan uşaqlara ödənişsiz çatdırılıb. Bu prosesdə Qırmızı Ürəklər Fondu da təşəbbüsə dəstək göstərərək 100 kitab hədiyyə edib. Beləliklə, müxtəlif insanların və qurumların töhfəsi ilə formalaşan kitab fondu daha çox uşağın mütaliə imkanlarından yararlanmasına şərait yaradıb.

Layihənin həyata keçirilməsinin ilk mərhələsi avqustun 14–16-da komandanın Füzuli rayonuna səfəri ilə reallaşıb. Səfər çərçivəsində Qarabağ kənd tam orta məktəbinin şagirdlərinə kitablar hədiyyə olunub. Bununla yanaşı, uşaqların elmi biliklərə marağının artırılması, nəzəri məlumatların praktiki təcrübələrlə möhkəmləndirilməsi məqsədilə onlarla birlikdə STEM təcrübələri keçirilib. Bu fəaliyyət layihənin əhatə dairəsinin yalnız kitab mübadiləsi ilə məhdudlaşmadığını, uşaqların öyrənmə prosesinə daha geniş yanaşmanın tətbiq olunduğunu göstərib.

Komanda növbəti mərhələdə fəaliyyətini Xankəndidə davam etdirib. Oktyabrın 3-də Karabakh Training Center-in təşkil etdiyi “VətəndəSən” Qarabağ Təhsil Forumunda stendlə iştirak edən gənc könüllülər burada da kitabları uşaqlarla bölüşüblər. Forumda iştirak layihənin daha geniş auditoriyaya təqdim olunmasına, təşəbbüsün mahiyyətinin tanıdılmasına və kitabların birbaşa uşaqlara çatdırılmasına imkan yaradıb.

Layihənin təqdimatı zamanı çıxış edən Məryəm Nəcəfova təşəbbüsün yaranmasına səbəb olan düşüncəni bölüşərək bildirib: “Düşündük ki, bizim oxuyub bitirdiyimiz kitablar başqa uşaqlar üçün yeni bir dünyanın başlanğıcı ola bilər. Bu təcrübə bizə göstərdi ki, böyük bir iş görmək üçün bəzən sadəcə kiçik bir addım atmaq kifayətdir.”

Solmaz Hacılı isə layihənin onlara qazandırdığı təcrübədən, könüllülük fəaliyyətinin əhəmiyyətindən və gələcək planlarından danışıb: “Ən əsası anladıq ki, yaşımızın az olması faydalı işlər görməyimizə mane deyil. Impact Duo Team olaraq gələcəkdə də müxtəlif könüllü və sosial layihələr həyata keçirməyi planlaşdırırıq.”

Tədbirdə Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova da çıxış edərək şagirdlərin təşəbbüsünü yüksək qiymətləndirib. O, qızların öz bilik və bacarıqlarını sosial fayda yaradan fəaliyyətə yönəltmələrini təqdirəlayiq hal kimi dəyərləndirib, onları təbrik edib və təşəkkürnamələrlə mükafatlandırıb.

Liseyin direktor müavini Ülkər Mirzəyeva isə qızların təhsildə qazandıqları uğurlarla yanaşı, ictimai əhəmiyyətli təşəbbüslərdə fəal iştirak etmələrinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, layihənin bütün mərhələlərini yaxından izlədiyini bildirərək, məktəblilərin yaşlarına baxmayaraq, belə geniş məzmunlu və faydalı işə imza atmalarını yüksək qiymətləndirib. Direktor müavini qızların gələcəkdə də öz bilikləri, fəallıqları və təşəbbüskarlıqları ilə Vətənimizi layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.

“Oxu və paylaş” layihəsi gənclərin təşəbbüskarlığının real nəticələrə çevrilməsinin, fərdi imkanların ictimai fayda naminə səfərbər edilməsinin və könüllülük mədəniyyətinin erkən yaşlardan formalaşmasının əhəmiyyətini nümayiş etdirir. Layihənin diqqətçəkən cəhətlərindən biri də məktəblilərin özlərinin sosial problemin həllinə yönəlmiş təşəbbüs irəli sürməsi, onun təşkilindən icrasına qədər müxtəlif mərhələlərində bilavasitə iştirak etməsidir.

Zəfər Günü ərəfəsində belə bir təşəbbüsün təqdim olunması isə xüsusi məna daşıyır. Çünki işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulması, təhsil mühitinin inkişafı və uşaqların hərtərəfli formalaşması ümumi inkişaf prosesinin mühüm istiqamətlərindəndir. Bu prosesdə biliklərin, kitabların və maarifləndirici təşəbbüslərin özünəməxsus yeri var. “Oxu və paylaş” layihəsi də kitabları uşaqlarla bölüşməklə yanaşı, onlara yeni biliklərə, fərqli düşüncə üfüqlərinə və öyrənmə imkanlarına açılan bir yol təqdim edir.

İki məktəblinin kiçik bir ideyadan başlatdığı bu təşəbbüsün 700-dən çox kitabı əhatə edən sosial layihəyə çevrilməsi göstərir ki, yaş və imkan məhdudiyyətləri faydalı işlərə başlamaq üçün maneə deyil. Əsas olan məqsədin aydınlığı, təşəbbüs göstərmək iradəsi və başladığın işi ardıcıl şəkildə davam etdirmək əzmidir.