2 fevral - Gənclər Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.
2 fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşən YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fuad Heydər ümummilli liderimiz Heydər Əliyevin bu sözlərini xatırladıb: “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir. ”
F. Heydər bildirib ki, bu gün Azərbaycan gəncliyi yüksək intellektə malik, vətənpərvər, aktiv gənclik olaraq yetişməkdədir. Bizim gələcəyimiz olan gənclər hər bir istiqamətdə dövlətin yanında olduqlarını nümayiş etdirərək Ali Baş Komandanın ətrafında sıx toplaşmağa təşəbbüs göstərirlər. Azərbaycanın bugünki yüksəlişində, onun iqtisadi, siyasi və mədəni həyatında gənclərin rolu çox böyükdür. Tariximizə nəzər salsaq, onun hər dövründə gənclərimizin özünəməxsus rol oynadığını görə bilərik. Azərbaycan gəncliyi bu gün ümumi evimiz olan Vətənimizin dirəkləridir. Vətən müharibəsi dövründə də Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gənclərin rolu böyük olmuşdur. Təsadüfi deyil ki, bu gün minlərlə şəhidi, qəhrəman qazisi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu gənclərdə də hər zaman yüksək səviyyədə olub. Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda 2855 nəfər gənc əsgər və zabitimiz öz canından keçib.
Sədr müavini qeyd edib ki, günü-gündən çiçəklənən ölkəmizdə gənclərimizin yüksək təhsil alması, dünyagörüşünün artırılması istiqamətində mühüm işlər görülür, yüksək səviyyəli konfranslar təşkil edilir, gənclərimizin maariflənməsi üçün hər şərait yaradılır: “Bu işlərdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu danılmazdır”.
F. Heydər sözlərini, Ulu Öndər Heydər Əliyevin sözləri ilə yekunlaşdırıb: “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir”.
Nigar Orucova, “İki sahil”