04 dekabr 2019 21:06
104

Goranboy rayonunda ağac əkiləcək ərazilər müəyyənləşdirilib

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Goranboy rayonu ərazisində 5000 ağac tinginin əkilməsi nəzərdə tutulur. Bu genişmiqyaslı kampaniya respublikamızın bütün bölgələrində, o cümlədən cəbhə bölgəsində yerləşən Goranboy rayonunda da böyük rəğbətlə qarşılanıb.

Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Həsənov AZƏRTAC-a müsahibəsində bildirib ki, bu nəcib təşəbbüslə əlaqədar Goranboy rayonunda ağac əkiləcək ərazilər müəyyənləşdirilib. Ağaclar Goranboy şəhərində, Goranboy-Naftalan avtomobil yolunun sağ və sol hissələrində və ayrı-ayrı kəndlərin ərazisində əkiləcək. Artıq həmin ərazilərin təmizlənməsi, hamarlanması, çalaların qazılması və digər hazırlıq işləri görülüb. Goranboylular Birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə böyük həvəslə qoşulublar.

Ağacların əkiləcəyi ərazidə hazırlıq işlərində iştirak edən Kamran Məmmədov genişmiqyaslı kampaniyanın əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Yaşıllıqların ildən-ilə artırılması sayəsində ölkəmizin bütün bölgələri kimi, Goranboy da abadlaşır, gözəlləşir. Bu, eyni zamanda, ekoloji təmizlik, sağlamlıq deməkdir. Ona görə də bir Goranboy sakini kimi bu gözəl təşəbbüsü irəli sürdüyünə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm".