08 yanvar 2020 20:33
1161

İlham Əliyev: Biz indi borc alan yox, borc verən ölkəyik

Dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrikində uğurlarımızı şərtləndirən amilləri bir daha diqqətə çatdırdı

“Biz Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında donor ölkəyə çevrildik. Biz indi borc alan yox, borc verən ölkəyik. Bütün bunlar düşünülmüş siyasətin təzahürüdür. Bütün bu uğurlu nailiyyətlər imkan verir ki, biz sosial sahəyə daha böyük həcmdə vəsait ayıraq və bunu etdik.”

Ölkə Prezidenti İlham Əliyev  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrikində 2019-cu ilin bu sahədə  yaddaqalan il olduğunu belə əsaslandırmışdır: “Çox geniş, hərtərəfli sosial paket təqdim edildi və bu sosial paket 4 milyon 200 min əhalini əhatə etdi. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 100 faiz, yəni, 2 dəfə artmışdır. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artmışdır. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz bu gün MDB məkanında birinci yerdəyik. Bizim sosial siyasətimiz bir daha onu göstərir və mən dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, gələcək illərdə iqtisadi imkanlarımız genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək.”

Dövlətimizin başçısının qeyd etdiyi kimi, iqtisadi imkanların artması güclü sosial siyasətə yol açır. 2020-ci ilin büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə cari il üçün ehtiyac meyarının həddi 160 manat məbləğindədir. Müqayisə üçün qeyd edək ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilmişdi. Ehtiyac meyarının həddi isə 143 manat idi.

2019-cu ildə “Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”, sosial müavinətlərin,  ali məktəb tələbələri üçün Prezident təqaüdünün, doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri  və şagirdləri, AMEA-nın magistratura səviyyəsi üzrə tələbələr üçün müəyyən edilmiş təqaüdlərin artırılması  haqqında sərəncamlar ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin sosial rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində  atılan addımlar, bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması və sair kimi tədbirlər də insan amilinə verilən dəyərin təsdiqidir.

Ötən il təkmil sosial-iqtisadi islahatların, həmçinin regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində   92 mindən artıq  yeni iş yeri açılıb. Ümumilikdə isə son 16 il üçün bu rəqəm 2 milyondan artıqdır. Cari ildə dördüncü  Dövlət Proqramının icrasının bir ili tamam olur.  Özünüməşğulluğun təminatının prioritetliyi  ötən  ildə atılan addımlarda bir daha təsdiqləndi. Bu kimi mühüm tədbirlər    işsizliyin  5 faizə enməsini şərtləndirdi. Azərbaycan brendi kimi dünyada tanınan “ASAN xidmət”, ABAD, DOST və sair kimi biri-birindən önəmli layihələr əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın artırılmasına, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. 2019-cu  ildə iki DOST mərkəzinin açılışı oldu. Sosial mənzillərin inşası  da əhalinin yüksək rifahının təmin edilməsi yönümündə görülən işlərin tərkib hissələrindəndir.

İqtisadiyyatın aynası, davamlı inkişafın barometri kimi dəyərləndirilən  dövlət  büdcəsinin real göstəriciləri və artım səviyyəsi də hər bir   dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumilikdə hökumətin fəaliyyətinin səmərəliliyini,  faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Cənab İlham Əliyev daim bu məqsədi qarşıya qoyur ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından üstün olmalıdır. Digər illərdə olduğu kimi, ötən  ildə də  ölkəmizin  davamlı iqtisadi inkişafı, idarəetmə sistemində təkmilləşmə, növbəti ildə tam istifadəyə verilməsi nəzərdə tutulan  enerji layihələrinin  icrasının sürətləndirilməsi  və sair kimi mühüm amillər  dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərə öz müsbət təsirini göstərir.     Dövlətimizin başçısı İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə imzaladığı    “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”  Qanuna əsasən  2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat məbləğində təsdiq edilib. Ötən ilin dövlət büdcəsi ilə müqayisə etsək,  2019-cu ilin   büdcənin xərcləri   23 milyard 168 milyon manat, xərcləri isə 25 milyard 190 milyon  manat idi.

Büdcənin sosial-iqtisadi  inkişaf proseslərini tənzimləyən maliyyə vasitəsi olduğunu önə çəksək,  2020-ci ilin dövlət büdcəsinin gəlir və xərclərindən  aydın olur ki, sənəd ölkəmizin reallıqlarına uyğun və cari ilin çağırışları nəzərə alınaraq hazırlanıb. Xərclərlə bağlı diqqəti çəkən əsas məqam sosialyönlü xərclərin çəkisinin 2019-cu illə müqayisədə 9,9 faiz artırılmasıdır. 2020-ci ilin büdcə xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edir ki, bu da 2019-cu illə müqayisədə 2 milyard  manatdan çoxdur. Beləliklə, ənənəvi olaraq büdcənin sosialyönümlülüyü cari ildə də  təmin olunub. Bu əsasda əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci ildə  də davam etdiriləcək. Həmçinin insan kapitalının inkişafı, əmək məhsuldarlığının artırılması həyata keçirilən  siyasətin əsas istiqamətlərindən biri olaraq qalacaq. Bu əsasda təhsil islahatlarının davam etdirilməsi, məktəbəqədər təhsilin maliyyə təminatı, habelə ali məktəblərə dövlət sifarişi əsasında tələbə qəbulunun daha da genişləndirilməsi məqsədilə müvafiq maliyyə təminatı ayrılır ki, bu da təhsilimizin rəqabətqabiliyyətinin artmasını stimullaşdıracaq. Dövlətimizin başçısı İlham Əliyevin son illərdə imzaladığı Fərman və sərəncamların bir hissəsi məhz təhsil sisteminin yenilənməsinə, təkmilləşməsinə xidmət edir.  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın,   “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi, “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”,  “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamlar, həmçinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman da deyilənlərin təsdiqidir.  2019-cu ilin büdcə müzakirələri zamanı   dövlət sifarişli yerlərin artırılması barədə  qərarın qəbulu da təhsilin inkişafına xidmət edən addımlardandır.   2020-2021-ci tədris ilindən təqaüd yerlərinin  12324-dən   20500-ə çatdırılması nəzərdə tutulub. Bu da öz növbəsində  dövlət sifarişli yerlərin  42 faizə çatdırılması deməkdir. Magistratura yerlərinin 25 faiz artırılması barədə qəbul olunan qərar da bu təşəbbüslər sırasındadır.

Göründüyü kimi, dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərindən sonra ikinci yerdə təhsil xərclərinin olması bu sahənin inkişafının nə qədər önəmli olduğunu təsdiqləyir. Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin, təhlükəsizliyinin təminatında müdafiə qüdrəti nə kimi böyük rol oynayırsa, inkişafında, tərəqqisində də təhsilin rolu elə dəyərləndirilir.

Atılan hər addımda insan amilinə diqqət özünü qabarıq şəkildə büruzə verir. Onu da qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində xərc siyasətinin əsas istiqamətlərindən biri səhiyyə sahəsində islahatların dəstəklənməsi olacaq. Belə ki, cari ildən başlayaraq ilk dəfə olaraq bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi planlaşdırılıb  ki,  bu məqsədlə dövlət büdcəsində əhəmiyyətli maliyyə vəsaiti nəzərdə tutulur. Bunlarla yanaşı, cari il nəqliyyat, kommunal infrastruktur, meliorasiya, sənaye və energetika, kənd təsərrüfatı kimi prioritet sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi, habelə təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin, əlil və şəhid ailələri üçün evlərin tikintisi dövlət əsaslı vəsait qoyuluşunun prioritet istiqamətlərindən olacaq. Neft gəlirlərinin idarə olunmasında şəffaflığı təmin edən  Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış evlərinin tikintisi proqramı cari ildə də davam etdiriləcək.

Təbii ki, bu hədəflərə yol açan iqtisadi inkişafımızdır. Ölkə Prezidenti daim bu çağırışı edir  ki, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin prioritetliyi önə çəkilməklə yanaşı, bu inkişafa əsas verən enerji layihələrinin uğurlu icrası xüsusi qeyd olunur.  Görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da aşağı düşəcək və 16 il bundan əvvəl qarşıya qoyulan vəzifə təmin ediləcək- Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməlidir. Dövlətimizin başçısı İlham Əliyevin  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  bayramı ərəfəsində aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi  haqqında imzaladığı Sərəncam dövlətin məqsədyönlü və  səmərəli sosial siyasətinin daha bir nümunəsi kimi dəyərləndirildi.  Sərəncama əsasən, ünvanlı  dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində  birdəfəlik yardım ödənilməsi bu kateqoriyadan olan vətəndaşların qayğılarının daim diqqət mərkəzində  olduğunu təsdiqləyir.  

Uğurlarımız davamlıdır. 2020-ci ilədək dövr üçün ölkənin perspektiv inkişaf hədəf və istiqamətlərini müəyyənləşdirmək və onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə  dövlətimizin başçısı İlham Əliyevin 29 dekabr 2012-ci il tarixil Fərmanı ilə təsdiqlənən  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas hədəflər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək, ən əsası bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq idi. Bu günümüzün reallıqları və 2020-ci ildə   görüləcək tədbirlər  bu hədəflərin artıq reallıq olduğuna əminliyi artırır.

Yeganə Əliyeva, “İki sahil”