16 mart 2020 15:03
631

İran ordusu bioloji silaha qarşı təlim keçirəcək

İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin təlimatına əsasən ordu bioloji silahın tətbiqi zaman həyata keçiriləcək taktikanı təkmilləşdirmək məqsədilə təlimlər keçirəcək.

Bu barədə İran ordusunun Baş qərargah rəisi, general Məhəmməd Baqeri məlumat verib.

İran ordusunun bir sıra yüksək rütbəli generalları koronavirusun ölkə ərazisində geniş yayılmasını bioloji silahın tətbiq edildiyi ehtimalını irəli sürüblər. Hərbi təlimdə ordu ilə yanaşı İranın Səhiyyə Nazirliyi də iştirak edəcək. Hərbi təlimin keçirilməsi üçün artıq hazırlıq işlərinə başlayıb.

Bu arada İranın Daxili İşlər Nazirliyi virusun yayılması ilə əlaqədar parlament seçkilərinin 2-ci turunun aprelin 17-də yox sentyabrın 11-də keçiriləcəyi barədə qərar qəbul edib.

İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Nazirliyi əhaliyə müraciət edərək bu il Novruz bayramını qeyd etməməyə çağırıb. Müraciətdə qonaq getmək, qeyri-iş günlərində səfərə yollanmaq və qohumların bir araya toplaşaraq bayramı qeyd etməsi tövsiyə olunmur.

Bu gün isə İranın Kirmanşah şəhərində koronavirusa yoluxan 91 yaşlı qoca kişi müalicə olunaraq sağalıb və evə buraxılıb. Kirmanşah xəstəxanasının baş həkimi bildirib ki, daim əkinçiliklə məşğul olan 91 yaşlı qoca ömür boyu sağlam qidalarla qidalanıb və immun sistemini gücləndirib. //AZƏRTAC