05 noyabr 2019 12:03
689

İraqda davam edən iğtişaşlar səbəbindən internet söndürülüb

İraqda iğtişaşların güclənməsi səbəbindən Bağdad da daxil olmaqla, bir çox şəhərlərdə internet tamamilə söndürülüb.

AZƏRTAC xəbər verir ki, “NetBlocks” beynəlxalq qeyri-hökumət təşkilatının yaydığı məlumata görə, hazırda Bağdad, Bəsrə, Kərbəla və digər şəhərlərin on milyonlarla sakini internetdən istifadə edə bilmir. Məhdudiyyətlər ölkənin şimalında kürdlərin yaşadığı məntəqələrə şamil olunmayıb.

Xatırladaq ki, oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Paytaxtda və bəzi əyalətlərdə dinc etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib. Etirazların başlanğıcından indiyədək 200-dən çox insan həlak olub.

Kütləvi iğtişaşlar fonunda internetin söndürülməsi ölkəyə təxminən 1 milyard dollara başa gəlib.