09 yanvar 2020 16:18
180

İsmayıllının üzüm bağlarında quru budama aparılır

Bağların qış becərilməsi gələcək yüksək məhsul üçün mühüm şərtdir və bu məqsədlə hazırda İsmayıllı rayonunun üzüm plantasiyalarında cərgə araları şumlanır, quru budama aparılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq mövcud bağların 700 hektarından çox sahəsində üzümçülükdə mühüm aqrotexniki tədbir olan quru budama işləri başa çatdırılıb. Məhsulun əsasını təşkil edən bar zoğlarının seçilib-saxlanılmasında təcrübəli üzümçülərlə yanaşı, mütəxəssis tövsiyələrindən də istifadə olunur.

Rayonun üzüm plantasiyalarında quru budamanın mart ayının əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, son illər rayonda üzümçülüyün inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Hazırda 1123 hektar üzüm bağı var ki, bunun 1012,9 hektarı bar verəndir. Yenicə yola saldığımız 2019-cu ildə bağlardan 4436 ton məhsul yığılıb ki, bu da əvvəlki illə müqayisədə 312 ton çoxdur.