17 iyul 2019 19:37
894

İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub

İyulun 17-də İsrailin Vergi Orqanının baş direktoru Eran Yaakovun rəhbərlik etdiyi nümayəndə heyəti Qubaya səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti ilə Quba İcra Hakimiyyəti rəhbərliyinin görüşündə ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulduğu və inkişaf etdiyi bildirilib.

Qonaqlara Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.

E.Yaakov İsrail-Azərbaycan arasında münasibətlərin intensiv inkişaf etdiyini bildirərək iki ölkənin vergi qurumları arasında da əməkdaşlıq və təcrübə mübadiləsinin vacibliyindən danışıb.

Daha sonra qonaqlar Quba “ASAN həyat” Kompleksinin, 3 saylı Ərazi Vergilər İdarəsinin fəaliyyəti və iş prinsipləri ilə yaxından tanış olublar.

Nümayəndə heyəti Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə də olub, burada yaşayan yəhudi icmasının nümayəndələri ilə görüşüblər. Qonaqların diqqətinə çatdırılıb ki, Azərbaycanda bütün azsaylı xalqlara, dini azlıqlara hörmətlə yanaşılır. Qubada yerli əhali ilə qaynayıb-qarışan dağ yəhudiləri də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar.