Görkəmli Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin (1882-1941) həyatı və çoxcəhətli yaradıcılıq fəaliyyəti son yüzillikdə geniş şəkildə öyrənilmişdir. Etiraf etmək mümkündür ki, artıq Hüseyn Cavid haqqında yazılan və çap olunan elmi və bədii əsərlərdən yaxşı bir kitabxana yaratmaq mümkündür. Bu həm də o deməkdir ki, Cavidşünaslıq filoloji-tarixi istiqamətlərlə yanaşı, fəlsəfə, estetika, dilçilik, teatrşünaslıq, sənətşünaslıq və sair sahələr üzrə də yaranıb inkişaf etmişdir. Son vaxtlar Hüseyn Cavidin bədii irsinin xarici dillərə çevrilməsi, beynəlxalq aləmdə yayılması istiqamətində də mühüm nailiyyətlər əldə edilməkdədir.
Tədqiqatların çoxluğu Hüseyn Cavid haqqında yeni araşdırmaların meydana çıxmasını heç də istisna etmir. Bu mənada pedaqogika elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Həsən oğlu Camalovun “Hüseyn Cavid və məktəb” kitabı yanaşma tərzinin və əhatə etdiyi problemin yeniliyi etibarilə fərqli bir tədqiqat kimi nəzərə çarpır. Məlum olduğu kimi, Hüseyn Cavidin məktəb illəri, müəllimləri, dərslikləri, pedaqoji görüşləri haqqında ara-sıra həmişə yazılmışdır. Lakin pedaqogika elmləri doktoru Kamal Camalov ilk dəfə olaraq Hüseyn Cavidin həyatı və yaradıcılığını pedaqoji aspektdən əhatəli və sistemli şəkildə tədqiqata cəlb etmiş, geniş təhlillər aparmış, zəruri və əhəmiyyətli nəticələrə gəlmişdir. Bu, Hüseyn Cavid və məktəb mövzusunda meydana çıxmış birinci iri həcmli elmi-tədqiqat əsəri olaraq da mühüm əhəmiyyət kəsb edir. Oxucu bu monoqrafik tədqiqat vasitəsilə Hüseyn Cavidin təhsil illəri, aldığı qiymətlər, məktəb həyatı, hətta məktəb şeirlərinə dair yeni və qiymətli materialları əldə etmək imkanı qazana bilir. Haqqında az-çox yazılsa da Hüseyn Cavidin Naxçıvan şəhərindəki “Tərbiyə” məktəbindəki müəllimi böyük pedaqoq, görkəmli maarifçi şair Məhəmməd Tağı Sidqi (1854-1903) ilə münasibətləri barəsində əhəmiyyətli məqamları öyrənmək baxımından da bu kitab öxünəməxsus imkanlarına malikdir. Apardığı tədqiqatdan görünür ki, Kamal Camalov Hüseyn Cavid və məktəb mövzusuna geniş baxış bucağından yanaşmışdır. Buna görədir ki, monoqrafiyada böyük mütəfəkkirin məktəb həyatı ilə yanaşı, onun pedaqoji görüşlərinin sistemli tədqiqinə də xüsusi yer ayrılmışdır. Eyni zamanda, Kamal Camalovun mövzu ilə əlaqəli şəkildə Hüseyn Cavidin ictimai-siyasi baxışlarına müəyyən səviyyədə nəzər yetirməsi maraq doğurur və məsələnin bu cəhəti ədibin pedaqoji-maarifçi görüşlərinin sistemli tədqiqinə də xüsusi yer ayrılmışdır. Həmçinin, Kamal Camalovun mövzu ilə əlaqəli şəkildə Hüseyn Cavidin ictimai-siyasi baxışlarına müəyyən səviyyədə nəzər yetirməsi maraq doğurur və məsələnin bu cəhəti ədibin pedaqoji-maarifçi görüşlərinin bütün mahiyyəti ilə açılmasına şərait yaradır. Bundan başqa, Kamal Camalovun Hüseyn Cavid və mətbuat məsələsində tədqiqata cəlb etməsi sənətkarın məktəbdarlıq fəaliyyətinin, maarifçi görüşlərinin əks-sədasının öyrənilməsinə, müasir oxucuya çatdırılmasına işıq salır.
Bütövlükdə Kamal Camalovun “Hüseyn Cavid və məktəb” adlı monoqrafiyası əsasən pedaqogika tarixi istiqamətində inkişaf edən Azərbaycan Cavidşünaslığının tədqiqi sahəsində yeni səhifədir. Bu kitab Kamal Camalovu Cavidşünaslıq elminin müstəqillik dövrünün yeni nəslinin nümayəndəsi kimi də təqdim edir.
“Hüseyn Cavid və məktəb” adlı monoqrafiyası pedaqogika elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovun böyük elmə doğru ciddi addımıdır. İnanırıq ki, Kamal Camalov bundan sonra elmi ictimaiyyət və oxucular qarşısında daha böyük tədqiqatları ilə sanballı hesabatlar verə biləcəkdir.
İsa HƏBİBBƏYLİ,
filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü