26 noyabr 2020 23:36
1503

Kəlbəcər ölkə iqtisadiyyatına hansı töhfələri verməyə qadirdir?

Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk etdiyi ərazilərdən olan Kəlbəcər rayonu  Kəlbəcər-Laçın iqtisadi rayonuna daxildir.

Azərbaycanın ərazisinə görə ən böyük rayonlarından biri olan Kəlbəcər zəngin faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom, civə, tellur, selen və s. kimi yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. Belə potensial Kəlbəcərin ölkə iqtisadiyyatında sənayenin daha da inkişafına səbəb olacağına imkanlar yaradacağı deməkdir. Xüsusilə də son illərdə ölkəmizdə qızıl, gümüş kimi metalların hasilatının və ixracının geniş vüsət almasını, belə fəaliyyətin həyata keçirildiyi regionlardan birinin- Daşkəsən rayonunun Kəlbəcər rayonu ilə qonşu olması buranın qısa zamanda sənaye bölgələrindən birinə çevrilməsinə şərait yaradır. Nəticə etibarilə, qeyri-neft ixracında üç əsas məhsuldan biri olan qızıl hasilatı Kəlbəcərin əhəmiyyətini daha da artıracaq. 

Lakin o da vurğulanmalıdır ki, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib. Bu amil həmin yataqların ehtiyatlarının yenidən hesablanmasını zəruri edir.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu və Tutqun termal-mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. İstisu bulağı üstündə 1980-ci illərdə iri kurort-sanatoriyalar və mineral sudoldurma zavodu tikilib. Zavod sutkada 800 min litr su istehsal edirdi. İstisu sanatoriyalarında hər il xeyli sayda insan müalicə olunur və istirahət edirdi. Lakin hazırda həmin müəssisələrin  bərpasına ciddi ehtiyac var. Ölkəmizdə son illərdə qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına böyük əhəmiyyət verildiyini nəzərə alanda, Kəlbəcər rayonu həm də turizm baxımından cəlbedici ola bilər.

Kəlbəcər rayonu, həmçinin mühüm kənd təsərrüfatı potensialına malikdir və əvvəllər burada heyvandarlıq əsas yer tutub. Hələ 1980-ci illərdə Kəlbəcərdə 130 min baş iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlanıb. Kəlbəcər həm də iri tütünçülük rayonlarından biri olub. 1980-ci illərin statistikasına görə, burada ildə 660 hektar sahədə tütün əkilib. Bu sahələrin hazırda kənd təsərrüfatının prioritet istiqamətlərindən və bu mənada Kəlbəcərin qısa müddətdə Azərbaycanın  əsas kənd təsərrüfatı rayonlarından biri olacağı şübhəsizdir. İndiyədək ölkədə kənd təsərrüfatının daha çox bitkiçiliyin hesabına artdığını nəzərə alsaq, Kəlbəcərin,  xüsusilə də heyvandarlığın inkişafına mühüm töhfə verəcəyi gözlənilir. Belə ki, Kəlbəcər rayonunun relyefi də daha çox heyvandarlıq sahəsinin inkişafı üçün əlverişlidir və burada yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahə tutur.

Eyni zamanda, Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay və  Xaçınçayın uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırırdı. İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi. Ermənistan cəbhəyanı rayonların əhalisinə zərər vermək məqsədilə  Suqovuşan su anbarlarının suyunu payızın sonu və qış aylarında buraxır, suya ehtiyac olan yaz-yay aylarında isə qarşısını kəsirdi. Nəticədə əkin sahələrinin suvarma suyu ilə təminatında çətinlik yaranırdı. 

Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektara suyun verilməsi nəzərdə tutulur. Qeyd olunan sahə barədə təsəvvür yaratmaq üçün deyək ki, bu, az qala ölkədə pambıq əkini həyata keçirilən sahələrin cəminə bərabərdir. Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaratmışdı.

Bir sözlə, Kəlbəcər rayonunun işğaldan azad olunması ölkə iqtisadiyyatının mədənçıxarma, turizm, kənd təsərrüfatı kimi aparıcı sahələrinin daha da inkişafına səbəb olacaq.

Ceyhun Piriyev, “İki sahil”