29 iyun 2020 10:53
255

Kəmaləddin Qafarov: Sərtləşdirilmiş karantin rejiminin tələbləri yerinə yetirilməli

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə, Mingəçevir və Samuxa səfərləri çox böyük siyasi, iqtisadi və sosial önəm daşıyır, fors-major şəraitində belə, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının prioritet xarakteri nəzərə çarpdırılır, yerlərdə ümumi vəziyyətin daim diqqətdə saxlanıldığı bir daha əyani şəkildə göstərilir.

“İki sahil” Trend-ə istinadən xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında millət vəkili Kəmaləddin Qafarov deyib. O bildirib ki, bu gün ölkəmiz bütün sahələrdə inkişaf edir. Hərbi gücümüz artır, beynəlxalq müstəvidə güclənirik, ölkə daxilində sabitlik hökm sürür, iqtisadi sahədə islahatlar aparılır, sosial problemlər tez bir zamanda həllini tapır, regionlarımız inkişaf edir: “Bütün bunlar Azərbaycan dövlətinin bu çətin dövrdə belə, öz üzərinə düşən öhdəlikləri yerinə yetirirərək, hər zaman öz vətəndaşının yanında olduğunu sübut edir”.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva qapalı məkanlarda tibbi maskadan istifadə olunmasını, sosial məsafənin gözlənilməsini şəxsi nümunələrində göstərirlər və bu barədə dəfələrlə vətəndaşlara müraciətlər ediblər: “Buna baxmayaraq, cəmiyyətdə hələ də laqeydlik və anlaşılması mümkünsüz olan bir məsuliyyətsizlik hiss olunur. Fikrimcə, ölkəmizdə koronavirusa yoluxma hallarının artdığı bir şəraitdə pandemiyanın yayılma sürətinin qarşısının alınması və əhalinin qorunması üçün sərtləşdirilmiş karantin rejiminin tələblərini yerinə yetirməyən, o cümlədən qoruyucu tibbi maskalardan istifadə etməyən və sosial məsafə saxlamayan şəxslərə qarşı daha ciddi inzibati tədbirlər görülməli, bununla bağlı nəzərdə tutulan cərimələrin məbləği artırılmalıdır”.

K.Qafarov deyib ki, pandemiyanın yayıldığı bir şəraitdə həm öz həyatına, həm də başqalarının həyatına qarşı laqeydlik ən böyük cinayətdir: “Burada söhbət vətəndaşlarımızın çoxlu cərimə ödəməsindən getmir. Buna dövlətimizn qətiyyən ehtiyacı yoxdur. Söhbət cərimələrin artırılması yolu ilə bəzi vətəndaşların sosial məsuliyyətinin artırılmasından gedir. Bir sıra xarici ölkələrdə bu sahədə sərt cərimə sanksiyası tətbiq olunur. Məsələn, qonşu Türkiyədə karantin rejiminin pozulması, o cümlədən maska taxmamağa körə cərimələrin məbləği 370-3000 lirə arası dəyişir. Almaniyada isə maska taxmamaq və karantin dövründə böyük qruplar halında toplaşmağa görə 150-25000 avro arası cərimə nəzərdə tutulub. Anoloji qanun pozmalarına görə Rusiyada cərimələr 15000-500000 rubl arası, Gürcüstanda isə 2000-10000 lari çərçivəsindədir”.

Millət vəkili vurğulayıb ki, sərtləşdirilmiş karantin rejiminin tələbləri yerinə yetirilməli, qoruyucu tibbi maskalardan istifadə olunmalı, sosial məsafə saxlanılmalıdır. Çünki bu gün pandemiyanın yayılması üçün son dərəcə “münbit” şərait var: “İnsanlar əsasən yas mərasimlərində, müxtəlif yerlərdə sosial məsafə gözləmədən bir yerə toplaşır, tibbi maskalardan istifadə etmirlər.

Bu gün ölkəmizin, insanlarımızın gələcək taleyi üçün milli həmrəyliyi, vətəndaş məsuliyyətini ortaya qoymaq zamanıdır. Bir daha vurğulayırıq ki, cərimələrin miqdarının artırılması heç də büdcəyə pul yığmaq deyil, -ölkəmizin buna qətiyyən ehtiyacı yoxdur - bu, sadəcə, bəzi insanları məsuliyətsizlikdən, özünün və başqalarını həyatını risqə atmaqdan çəkindirməkdir. Praqmatik düşünən, qayda-qanuna əməl edən insanlara isə bu sanksiyalar qətiyyən problem yaratmayacaqdır”.