02 iyun 2020 10:47
741

Kim koronavirusa yoluxursa günah onun özündədir…

Pandemiya ilə mübarizə qaydalarına əməl etmək hər kəsin vətəndaşlıq borcuna çevrilməlidir

2020-ci ilin əvvəlindən bəşəriyyət üçün kabusa çevrilən koronavirus pandemiyası (COVID-19) hələ də can almaqda, iqtisadiyyata ağır zərbələr vurmaqda davam edir. Bu fakt isə onu deməyə əsas verir ki, bəzi dövlətləri postpandemiya dövründə çox ağır günlər gözləyir. Lakin ilkin dövrdən qlobal pandemiyanı ciddiyə alıb qabaqlayıcı tədbirlər görən, müxtəlif proqramlar hazırlayan ölkələrin bu böhrandan az itki ilə çıxmaq imkanına malik olduqlarını da söyləmək olar.

Sevindiricidir ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan da bu dövlətlər sırasındadır. Çünki virusun miqyasının getdikcə böyüdüyü zamanda dövlətimiz hər zamankı kimi insan amilini üstün tutaraq vətəndaşın sağlamlığını qorumaq üçün qabaqlayıcı tədbirlər gördü. Bunun müsbət nəticəsi isə göz önündədir.

Prezident İlham Əliyev ölkədə elan edilən karantin dövründə əhalinin sosial rifah halının çətinləşməməsi üçün müstəqillik tariximizin ən böyük sosial-iqtisadi paketini təqdim etdi. Bu proqramla dövlət  xüsusi karantin rejimi dövründə işləməyən vətəndaşların əməkhaqqını ödədi, aztəminatlı ailələrə maliyyə yardımları göstərdi.

Bununla yanaşı, Azərbaycan pandemiya ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına və bəzi dövlətlərə yardım etdi. Bir sözlə, Azərbaycan regional və qlobal miqyasda pandemiyaya qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verərək bir daha dünyaya nümayiş etdirdi ki, o, sözü ilə əməli vəhdət təşkil edən etibarlı tərəfdaşdır.

Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə pandemiya dövründə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr, görülən işlər genişmiqyaslıdır. Belə ki,  3,5 milyard manatlıq sosial-iqtisadi paketdə dövlət sektorunda işləyən 900 min insanın əməkhaqqı tam ödənildi. Özəl sektorda çalışan 700 min insanın maaşının əhəmiyyətli hissəsi ödənildi. 600 min insana 2 ay müddətində hər ay 190 manat maliyyə vəsaiti verildi. 80 min ailəyə hər ay 220 manatdan çox ünvanlı sosial yardım ödənilir. Sahibkarlara maliyyə yardımları və müxtəlif güzəştlər edildi. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edildi. 13 dövlətə, 3 beynəlxalq təşkilata müxtəlif formada yardım göstərildi. Tibbi ləvazimat, maska və qoruyucu kombinezonlar istehsal edən 2 zavod açıldı.- Virusa yoluxan insanların müalicəsi üçün yeni xəstəxanalar inşa edildi. Ölkədə heç bir sosial layihə təxirə salınmadı.

Bütün bunlar cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin növbəti təntənəsidir desək, heç də yanılmarıq. Göründüyü kimi, Azərbaycanda əhalinin sosial rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması pandemiya dövründə də davam etdirilib. Bütün bunların isə bir məqsədi var idi- ölkə əhalisini pandemiyadan qorumaqla bu dövlətimizi bu bəladan ən az zərərlə çıxarmaq.

Bu gün də Azərbaycan dövləti koronavirusla mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələmişdir.

Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlamış, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmamışdır.

Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına ciddi riayət etmələrindən birbaşa asılıdır.

Qeyd edək ki, ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidirlər. Belə bir şəraitdə hər bir şəxs sosial məsuliyyətin anlayaraq özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməklə bərabər, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Xüsusi vurğulanmalıdır ki, inzibata qadağalarla bərabər, ictimai nəzarət və ictimai qınaq da vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Təbii ki, koronavirusun müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda, bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.

O da faktdır ki, uzun müddətdir ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzasi da tətbiq olunur.  Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib.

Təbii ki, bu ümumbəşəri bəlayə qarşı cəmiyyət və dövlət olaraq məhz birgə qalib gələ bilərik. Bunun üçün tibb mütəxəssislərinin, dövlət orqanlarının tələb və tövsiyələrinə ciddi şəkildə əməl etmək lazımdır və bu həm də bir vətəndaşlıq borcudur.

Elçin Zaman,

«İki sahil»