27 iyul 2020 13:26
437

KİV nümayəndələri Prezidentə təşəkkür edirlər

“Bu mühüm addımı jurnalist əməyinə diqqətinizin bariz nümunəsi kimi qəbul edir, Sizə dərin minnətdarlığımızı bildiririk”

KİV nümayəndələri Prezidentə təşəkkür məktubları ünvanlayıblar. “İki sahil” Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir:

“Məhz Sizin Azərbaycan mətbuatının inkişafına xidmət edən Sərəncam və tapşırıqlarınız nəticəsində medianın siması sürətlə dəyişir”

Sərvər Bayramov yazır: “Möhtərəm cənab Prezident.

İcazə verin, öncəliklə məni Azərbaycan Televiziyasının təmsilçisi olaraq “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinizə görə Sizə həm öz adımdan, həm də çalışdığım televiziyanın bütün kollektivi adından təşəkkürümü bildirim. Məhz Sizin Azərbaycan mətbuatının inkişafına xidmət edən Sərəncam və tapşırıqlarınız nəticəsində medianın siması sürətlə dəyişir və çox sevinirik ki, vətənpərvər mətbuat və media nümayəndələri nəsli formalaşır. Ulu öndər Heydər Əliyevin KİV-ə qayğısının onun layiqli davamçısı olaraq Sizin tərəfinizdən davam etdirilməsi, sözün əsl mənasında Sizi mətbuatın dostuna çevirib.

Jurnalistlərin sosial problemlərinin həlli, onların fəxri adlar və mükafatlarla təltif edilməsi ilə bağlı sərəncamlarınız bizdə fəxarət hissi oyadır və media mənsublarının dövlətimizin ətrafında daha sıx birləşməsini təmin edir. Biz Azərbaycan Televiziyasının bütün kollektivi əmin edirik ki, bundan sonra da Sizin və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanımızın tərəqqisi yolunda atacağınız addımlara dəstək verəcək, Sizin daxili və xarici siyasətiniz, aparılan islahatlar barədə cəmiyyətin maariflənməsi işinə layiqli töhfəmizi verəcəyik”.

“Sizin ən yaxın köməkçiləriniz olaraq bu islahat prosesinə işimizlə dəstək verə bildiyimizə inanırıq”

APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı: “Hörmətli cənab Prezident.

Azərbaycan mətbuatının yaranmasının 145 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığınız sərəncamlara, media adamlarına göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm. APA Media Qrupun əməkdaşları olaraq biz həmişə bu diqqəti hiss etmişik. Sizin sərəncamınızla gənc yaşda “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş azsaylı jurnalistlərdən biri olmağım, indi isə “Tərəqqi” medalı ilə təltif edilməyim tərcümeyi-halımın qürur duyduğum səhifələridir. Mən Sizə həm də baxışından, münasibətindən asılı olmayaraq bütün media sektoruna göstərdiyiniz diqqət, tolerantlıq, dostluq üçün təşəkkür edirəm. Bu günlərdə ölkəmiz üçün strateji əhəmiyyətli qərarlarınız, bütün sahələri əhatə edən islahatlarınız davam edir. Özünüzün ifadə etdiyiniz kimi, Sizin ən yaxın köməkçiləriniz olaraq bu islahat prosesinə işimizlə dəstək verə bildiyimizə inanırıq. Əminəm ki, biz Sizin qoruduğunuz və ən yaxşı təbliğatçısı olduğunuz bu dövlətdə hələ uzun illər proqressiv, kommunikasiyanın daha yaxşı qurulduğu mühitdə əməkdaşlıq edəcəyik.

Cənab Prezident, bu günlərdə təkcə Silahlı Qüvvələrimiz deyil, Azərbaycan xalqının hər bir nümayəndəsi Sizə həm də Ali Baş Komandan olaraq müraciət edir. Sizə Ali Baş Komandanımız olaraq davamlı qələbələr, özümə isə Sizdən qələbə xəbərinin açıqlandığı müsahibəni almağı arzu edirəm”.

“Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada yaymağı Vətən və xalq qarşısında, cənab Prezident, Sizin qarşınızda şərəfli borcu hesab edirik”

AZƏRTAC-ın kollektivi adından İdarə Heyətinin sədri Aslan Aslanov: “Zati-aliləri. Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə kollektivimizin üzvlərinin bir qrupunun fəxri adlara, “Tərəqqi” medalına və Prezidentin fərdi təqaüdünə layiq görülməsi haqqında sərəncamlarınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin yüksək diqqət və qayğınız sayəsində agentliyin işinin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Kollektivimiz qarşısında duran vəzifələrin məsuliyyətini dərindən dərk edərək Sizin müdrik, uzaqgörən daxili və xarici siyasətiniz nəticəsində dünyanın sürətlə inkişaf edən ölkəsinə çevrilən, beynəlxalq aləmdə söz və nüfuz sahibi olan Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada yaymağı Vətən və xalq qarşısında, cənab Prezident, Sizin qarşınızda şərəfli borcu hesab edir.

Ali diqqətinizə məruzə edirəm ki, agentliyimiz üzvü olduğu beynəlxalq media təşkilatlarının saytlarında, eləcə də əməkdaşlıq əlaqələri qurduğu 50 ölkənin 100-dən çox informasiya resursunda düşmənin Tovuz rayonu istiqamətində son hərbi təxribatı barədə xəbərlər yayılmasına nail olub və bu istiqamətdə işimizi davam etdiririk.

Möhtərəm cənab Prezident, sərhəddə ağır döyüşlər getdiyi bir vaxtda vətənpərvər insanlar dövlətimizə, ordumuza və şəxsən Sizə - Ali Baş Komandanımıza öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına axışdı. Bu, xalq-iqtidar birliyini nümayiş etdirən qürurverici mənzərə olaraq qəlbimizi riqqətə gətirdi. Bir qrup təxribatçı bu vətənpərvər addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə cəhd göstərsə də, öz məkrli niyyətinə çata bilmədi. Biz də bir jurnalist və vətəndaş olaraq səsimizi milyonların səsinə qatır, antimilli qüvvələrin bu təxribatını qətiyyətlə pisləyirik.

Sizin rəhbərliyinizlə həyata keçirilən demokratik islahatlar AZƏRTAC-ın dünya informasiya məkanında layiqli yer tutmasında mühüm rol oynamışdır. Hazırda öz kanalları ilə 8 dildə informasiya yayan agentliyimiz 50-yə yaxın ölkənin milli xəbər agentliyi ilə informasiya mübadiləsi aparır, 3 beynəlxalq, 4 regional media qurumunda fəal təmsil olunur. Bütün bu uğurlar məhz Sizin sayənizdə dünya birliyində sayılıb-seçilən müasir müstəqil Azərbaycan dövlətinə, ölkəmizə beynəlxalq aləmdə artan etibarın göstəricisidir.

Zati-aliləri, Sizi əmin edirik ki, dövlətçiliyimizə, ulu öndərimiz Heydər Əliyev ideallarına sadiq olan kollektivimiz öz missiyasını yüksək səviyyədə yerinə yetirmək, etimadınızı layiqincə doğrultmaq üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək.

Ölkəmizin qüdrətlənməsi, beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi, işğalçı Ermənistanla diplomatiya və informasiya cəbhəsində qələbənin təmin edilməsi istiqamətində Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərə dəstək verməkdə davam edəcəyik.

Möhtərəm cənab Prezident.

Sizə bir daha ən səmimi minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik”.

 

“Bu qiyməti mən daha əzmli, daha səmərəli fəaliyyətim üçün stimul kimi qəbul edirəm”

Mir Şahin Ağayev: “Möhtərəm cənab Prezident.

22 iyul 2020-ci ili yəqin ki, heç vaxt unutmayacağam. Bu gün mənim şəxsi taleyimin, jurnalist ömrümün ən təntənəli və qürurlu günüdür. Sizin məni 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni kimi çox yüksək mükafata layiq bilməyinizin, adi bir jurnalistin peşə fəaliyyətinə misilsiz qiymət verməyinizin məndən ötrü mənası bir media mənsubu kimi xüsusidir. Bu qiyməti mən daha əzmli, daha səmərəli fəaliyyətim üçün stimul kimi qəbul edirəm. Bu qiyməti Sizin mənə etimadınızın, inamınızın üzərimə qoyduğu məsuliyyət nişanı kimi anlayıram. İcazə verin, Sizi əmin edim ki, bundan sonrakı fəaliyyətim, "Real" Təhlil və İnformasiya Mərkəzində çalışan silahdaşlarımla birgə görəcəyim hər bir iş dövlətimizin media qüdrətinin artmasına, ideoloji cəbhənin önündə ləyaqətlə duruş gətirməyimizə həsr ediləcək. Məndən ötrü ən ali məqsəd, cənab Ali Baş Komandan, Sizin etimadınıza layiq olmaq, Vətənə, xalqa və dövlətə ləyaqətlə xidmət etməkdir. Azərbaycan Respublikasına xidmət edirəm”.

“Milli Mətbuat günündə onlarla jurnalistə fəxri adlar verməklə sevinc bəxş etməyiniz media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı”

YAP-ın mətbuat xidmətinin əməkdaşı, Siyasi elmlər üzrə fəlsəfə doktoru Xatirə Əliyeva: “Möhtərəm cənab Prezident.

145 illik yol qət edən mətbuatımızın inkişaf tarixinin müstəqillik dövrü ideyaları dünənimizin, bu günümüzün və gələcəyimizin əsası olan ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci ildən çoxminli mətbuat nümayəndələri sırasında addımlayan, cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın keçdiyi inkişaf yolunu diqqətlə izləyən və iştirakçısı olan, Prezident Administrasiyasının akkreditə olunan jurnalisti kimi ulu öndər Heydər Əliyevin keçirdiyi görüşlərdə iştirak etmiş, onun media nümayəndələri ilə yaratdığı səmimi münasibətin şahidi olmuşam. Bu səmimiyyət hər zaman məndə qürur hissi doğurub.

Hörmətli cənab Prezident, Sizin imzaladığınız “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam, 22 iyul-Milli Mətbuat günündə onlarla jurnalistə fəxri adlar verməklə sevinc bəxş etməyiniz media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Bu sevinci yaşayan, Sizin Sərəncamınızla “Əməkdar jurnalist” adını alanlar arasında mənim də adımın olmasından böyük qürur hissi keçirdim.

Möhtərəm cənab Prezident, Sizə sonsuz təşəkkürümü bildirir, Azərbaycanın daha da möhkəmlənməsi, davamlı inkişafı yolunda yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

“Vətənim Azərbaycanın mədəni irs nümunələrinin daha da tanınması və mənimsənilməsi üçün çalışacağam”

Xəzər Televiziyasından Səyyarə Səyyaf: “Çox hörmətli cənab Prezident.

Milli Mətbuat günü münasibətilə imzaladığınız sərəncamla məni “Tərəqqi” medalı ilə təltif etdiyiniz üçün Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Ümumən mətbuatımıza və şəxsimə göstərdiyiniz etimad mənim məsuliyyətimi daha da artırır. Bundan sonrakı fəaliyyətim boyunca da Azərbaycan muğamı, musiqisi, ədəbiyyatı və incəsənətinin təbliğatçısı olacağam. Vətənim Azərbaycanın mədəni irs nümunələrinin daha da tanınması və mənimsənilməsi üçün çalışacağam.

Çox hörmətli cənab Prezident, mənə göstərdiyiniz bu diqqət və etimada görə Sizə bir daha təşəkkür edirəm. Dövlətimizin inkişafı, onun möhkəmlənməsi, xalqımızın firavanlığı və rifahı naminə yürütdüyünüz bu qətiyyətli fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni nailiyyətlər arzu edirəm”.

 

“23 illik rejissorluq fəaliyyətimi "Tərəqqi” medalı ilə qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm”

Elnur Məmmədov: “Möhtərəm cənab Prezident.

Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi ilə əlaqədar KİV əməkdaşlarına fəxri adların verilməsi və təltif olunmaları haqqında Sərəncamlarınızda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşı olaraq adımın yer alması məni hədsiz sevindırdi. 23 illik rejissorluq fəaliyyətimi "Tərəqqi” medalı ilə qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Tanrı Sizi qorusun”.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC- nin "İnformasiya Proqramları Studiyası"nın direktoru Tural Məmmədov: “Möhtərəm cənab Prezident.

İyulun 22-də Sizin müvafiq Sərəncamınızla mən də "Tərəqqi” medalı ilə təltif olunmuşam. Fəaliyyətimə verdiyiniz bu yüksək qiymət mənim üçün çox mühüm əhəmiyyət daşıyır. Bu, mənim üzərimə daha çox məsuliyyət qoyur. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da ölkədə baş verən ictimai-siyasi hadisələrin ictimaiyyətə operativ və obyektiv çatdırılmasında səylərimi əsirgəməyəcəm.

Cənab Prezident, Sizinlə fəxr edirəm. Fəxr edirəm ki, Sizin rəhbərliyinizlə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin məntiqi nəticələrindən xüsusi reportajlar, süjetlər, xəbərlər hazırlamaq məhz bizim nəslin payına düşüb.

Mənə göstərdiyiniz bu yüksək diqqətə, fəaliyyətimə verdiyiniz ali qiymətə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun”.

 

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Hörmətli cənab Prezident.

Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, mətbuatın inkişafında xidmətləri olan jurnalistlərə fəxri adların verilməsi, media nümayəndələrinin orden və medallarla təltif edilməsi, qəzet redaksiyalarına birdəfəlik maddi yardımın ayrılması ilə bağlı imzaladığınız Sərəncamlar Sizin Azərbaycan mətbuatına, jurnalist əməyinə verdiyiniz yüksək qiymətin bariz nümunəsidir.

Hörmətli cənab Prezident, Sizin sərəncamızınla “Əməkdar jurnalist” fəxri adına layıq görülən media təmsilçilərinin sırasında adımın olmasından qürur hissi keçirir, mənə və baş redaktoru olduğum “Xalq cəbhəsi” qəzetinə göstərdiyiniz yüksək etimada və diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski: “Hörmətli cənab Prezident.

Biz çox mürəkkəb bir zəmanədə yaşayırıq. Yaşadığımız hər bir gün daban - dabana zidd hadisələr, uğur və qələbələr, ürəyimizi dağlayan olaylar və onları əvəzləyən nailiyyətlərlə zəngindir. Bununla belə, bizim ən böyük sərvətimiz - müstəqilliyimiz, Azərbaycanımızın hazırkı və gələcək inkişafı, cəmiyyətimizin bu zəmində çiçəklənməsidir. Sizin bu yöndə gördüyünüz işləri dəyərləndirməmək imkansızdır.

Məmur - vətəndaş münasibətlərindəki dəyişikliklər, ölkəmizin özünümüdafiə və ordumuzun qüdrətinin artması, dünya siyasət meydanında uğurlarımız, rəngarəng və müxtəlif zümrələri təmsil edən Azərbaycan cəmiyyətinin birliyi, pandemiyanın ağır şərtləri altında və yağı düşmənin sərhədlərimizin toxunulmazlığına xələl gətirmək istədiyi bir zamanda xalqımızın ruh yüksəkliyi nümayiş etdirməsi onu göstərir ki, Siz ölkə rəhbəri kimi bütün bu proseslərin qaynağı, ilhamvericisi və yönləndiricisisiniz.

Mənim üçün Sizin tərəfinizdən “Vətənə xidmətə görə” kimi ali bir ordenlə mükafatlandırılmaq böyük şərəfdir. Hər birimiz üçün Vətənə xidmət etmək ən ümdə istəkdir”.

 

“Bu, həmişə Sizinlə olan redaksiya kollektivimizin əməyinə verilən yüksək qiymətdir”

“Mingəçevir” qəzeti redaksiyasının kollektivi adından Baş redaktor Mirsədi Daşdəmirov: “Möhtərəm cənab Prezident.

Biz “Mingəçevir” qəzeti redaksiyasının kollektivi olaraq Vətənimizin tərəqqisi və inkişafı naminə həyata keçirdiyiniz əməli işləri ürəkdən bəyənir və yekdilliklə müdafiə edirik. Sağ olun ki, varsınız, Azərbaycanın bu gününün və sabahının etibarlı təminatçısı və qarantısınız. Biz Sizinlə fəxr edirik.

Cənab Prezident, Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə ölkə jurnalistlərinin əməyinin mükafatlandırılması ilə bağlı verdiyiniz Sərəncamla mən də Vətənin yüksək mükafatına - “Tərəqqi” medalına layiq görülmüşəm. Bu, həmişə Sizinlə olan redaksiya kollektivimizin əməyinə verilən yüksək qiymətdir. Buna görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”.

 

“Dövlət Sizin simanızda jurnalistləri daim dəstəkləyib və dəstəkləyir”

“Day.az” saytının redaktoru Leyla Tarıverdiyeva: “Hörmətli cənab Prezident.

Bu il Milli Mətbuat Günü mənim üçün ikiqat bayrama çevrildi. Mənə Azərbaycanın Əməkdar jurnalisti adı verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu, əməyimə verilən ən yüksək dəyər və mənim üçün böyük şərəfdir. Dövlət Sizin simanızda jurnalistləri daim dəstəkləyib və dəstəkləyir. Bizim vəzifəmiz isə Azərbaycanın və Azərbaycan xalqının rifahı naminə işləmək, ölkəmizin həqiqətlərini dünyaya çatdırmaq və onun maraqlarını informasiya məkanında təbliğ etməkdir. Azərbaycana qarşı başlanmış informasiya müharibəsi cəbhədə gedən döyüşlərdən heç də az sərt deyil. Biz jurnalistlər bu müharibədə Sizin əsgərlərinizik və ordumuz kimi sonadək möhkəm dayanmağa hazırıq. Bir daha çox sağ olun, cənab Prezident”.

Vüqar Həsənov: “Çox hörmətli cənab Prezident.

Milli Mətbuatımızın 145 illik yubileyi ərəfəsində "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunduğum üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Bu hadisə mənim üçün çox əhəmiyyətlidir. Fəxr və qürur hissi duyuram ki, təltif olunan həmkarlarımın sıralarında yer almışam. Bundan sonra da dövlət maraqlarımızı rəhbər tutub, vəzifəmdən irəli gələn öhdəliklərimi layiqincə yerinə yetirəcəyəm. Əməyimə verdiyiniz qiymət və göstərdiyiniz daimi dəstək üçün Sizə bir daha dərin təşəkkürümü bildirirəm”.

“145 yaşına gəlib çatan milli mətbuatımızın yeni, işıqlı dövrü Sizin ölkəmizə rəhbərlik etdiyiniz illərə təsadüf edir”

Oqtay Əliyev: “Möhtərəm cənab Prezident.

Siz ölkəmizə rəhbərlik edən gündən yazılı və elektron mətbuata xüsusi diqqət, böyük qayğı göstərmisiniz. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mətbuatla iş siyasəti Sizin rəhbərliyinizlə ardıcıl və uğurla davam etdirilir. 145 yaşına gəlib çatan milli mətbuatımızın yeni, işıqlı dövrü Sizin ölkəmizə rəhbərlik etdiyiniz illərə təsadüf edir. Xüsusən də biz, televiziya işçiləri bu illər ərzində Sizin birbaşa qayğınızı, diqqətinizi hiss etmişik.

Cənab Prezident, “Azərbaycan Milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamınız və yubileylə bağlı mətbuat işçilərini təltif etməyiniz bizə göstərilən qayğının təcəssümüdür. Televiziya yaradıcılığı sahəsində mənim də əməyimi yüksək qiymətləndirdiyinizə və “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq gördüyünüzə görə Sizə təşəkkür edirəm. 52 illik həyatımda aldığım ən böyük mükafat məni çox sevindirdi. Bu sevinc hissini bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ölkənin siyasi, beynəlxalq, iqtisadi, sosial qayğıları içində vaxt tapıb, mətbuata dəyər verməyiniz Sizin böyüklüyünüzü və əvəzolunmazlığınızı göstərir. Bütün sahələrdə ölkəmizi uğura, zirvəyə doğru aparan bir şəxsiyyət kimi adınızı tarixə yazmısınız. Sizin imzanız ilə fəxri ad almaq xüsusilə qürurvericidir”.

AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Hörmətli cənab Prezident.

Bu gün Sizin fəxri adlarla təltif etdiyiniz jurnalistlərin arasında olmaq mənim üçün böyük şərəf və qürurdur. İnsanın əməyinə, zəhmətinə qiymət verilməsi hər zaman onu fərəhləndirir. Bu qiyməti verən sənin dövlətin və onun başçısı olanda isə həmin fərəhə xoşbəxtlik də qarışır. Qiymət vermək hər şeydən əvvəl, dəyərləndirən tərəfin böyüklüyünü və alicənablığını göstərir. Verdiyiniz fəxri adı məhz bu düşüncə ilə qəbul edirik. Sizin verdiyiniz bu qiyməti mən həm şəxsən özümə, həm də rəhbərlik etdiyim AzVision.az kollektivinə inamın təzahürü, eyni zamanda, bir etimad krediti kimi qəbul edirəm. Biz hər zaman ancaq dövlətimizin maraqlarına uyğun çalışmışıq, bundan sonra da həmin istiqamətdə bilik və bacarığımızı əsirgəməyəcəyik. Bizim dövlətimizə sevgimiz təbii ki, təmənnasızdır, amma bu sevginin həm də qarşılıqlı olduğunu görmək çox gözəldir. Azərbaycana xidmət etmək xoşbəxtlikdir. Çox sağ olun ki, bu xoşbəxtliyi ürəklə yaşamağımıza imkan yaradırsınız. Sizə hədsiz minnətdaram”.

“Trend” Analitik İnformasiya Agentliyinin Baş redaktorunun müavini Sahil Kərimli: “Hörmətli cənab Prezident.

Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə məni '“Əməkdar jurnalist” fəxri adına layiq görməyiniz mənə əvəzsiz fəxr və qürur hissi yaşatdı. Fəaliyyətimə böyük qiymət verdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm.

Möhtərəm cənab Prezident, Siz həmişə Azərbaycan mətbuatına xüsusi diqqət və qayğı göstərmisiniz. Kütləvi İnformasiya Vasitələrinin inkişafına ayırdığınız çoxsaylı dövlət yardımları, mətbuat işçilərinin mənzil-məişət problemlərinin həlli, jurnalistlərin fəxri adlar, dövlət mükafatları ilə təltif edilməsi bu diqqət və qayğının bariz nümunəsidir. Təsadüfi deyil ki, Siz jurnalistləri öz köməkçiləriniz adlandırırsınız. Sizin bu Ali etimadınız üzərimizə böyük məsuliyyət, şərəfli vəzifələr qoyur, daha əzmlə işləməyə yeni stimul və ruh verir. Sizi əmin etmək istəyirəm ki, mən də gələcək fəaliyyətimdə bu etimadı var gücümlə doğruldacağam”.

Zahid Cəfərov: “Hörmətli cənab Prezident. Sizin Sərəncamınızla bir qrup mətbuat nümayəndəsi "Əməkdar jurnalist" fəxri adına layiq görüldü. Bu, Sizin mətbuat nümayəndələrinə göstərdiyiniz yüksək diqqət və qayğısının növbəti bariz nümunəsidir. Mükafatlandırılanlar arasında adımın olması mənim üçün qürurvericidir. Bu, eyni zamanda, gələcək fəaliyyətimizdə daha məsuliyyətli olmağımız və səmərəli fəaliyyətimiz üçün bizi stimullaşdırır.

Hörmətli cənab Prezident, Milli Mətbuatımızın 145 illik yubileyi ərəfəsində jurnalistlərin əməyini yüksək qiymətləndirdiyinizə görə Sizə dərin təşəkkürümü bildirir və Sizi əmin etmək istəyirəm ki, bundan sonra da dövlətimizə sədaqətlə xidmət edəcəyəm”.

Şakir Eminbəyli: “Möhtərəm cənab Prezident. Məni də digər dəyərli həmkarlarım kimi "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinizə görə Sizə təşəkkür edirəm.

Bu mükafat tərəfinizdən kiçik fəaliyyətimə verilən növbəti böyük dəyərdir. Vətənə, dövlətə, xalqa, millətə xidmətdən zövq almaq gözəl hissdir. Bu mənada ölkədə qibtə edəcəyim, şəxsən və çox yaxından tanıdığım birinci şəxs Sizsiniz. Xalq qarşısında xidmətiniz bir nümunə, bir örnəkdir. Bu örnəkdən faydalanaraq dövlət və Vətən naminə bundan sonra da borc saydığım, bacardığım işi yerinə yetirəcəyəm. Çünki, timsalınızda gördüyüm kimi, bu zövqlü və həzz ala biləcəyimiz ən böyük dəyərdir. Cənab Prezident, Sizə təşəkkür edirəm”.

 “Sizi əmin edirik ki, “İki sahil” qəzetinin kollektivi bundan sonra da həyata keçirdiyiniz siyasətin ən qabaqcıl təbliğatçısı və sadiq dəstəkçisi olacaq”

“İki sahil” qəzetinin kollektivi adından Baş redaktor, Əməkdar jurnalist Vüqar Rəhimzadə: “Möhtərəm cənab Prezident.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Siz hər zaman mətbuatın inkişafına dəstəyinizi və töhfənizi vermisiniz. Mətbuatımızın yubileylərinin qeyd edilməsi, media nümayəndələrinin təltif olunması, jurnalistlərin mənzil-məişət probleminin həlli istiqamətində hər zaman xoş duyğularla qeyd edilən təqdirəlayiq addımlar atmısınız, sərəncamlar imzalamısınız, mətbuat sahəsində zəhməti olanları mükafatlandırmısınız.

Mətbuatımızın 145 illik yubileyi də bu mənada xüsusi qeyd edilməlidir. Məhz, dünyanı cənginə alan koronavirus pandemiyasına və Ermənistanın hərbi təxribatlarına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda Sizin mətbuat nümayəndələrini təltif etməyiniz, medianın, televiziya sahəsinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncamlar imzalamağınız böyük sevinc hissinə və sonsuz ruh yüksəkliyinə səbəb oldu. Bu sevincdən pay düşənlər arasında “İki sahil”in əməkdaşları da var. Bu mühüm addımı jurnalist əməyinə diqqətinizin bariz nümunəsi kimi qəbul edir, Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, “İki sahil” qəzetinin kollektivi bundan sonra da həyata keçirdiyiniz siyasətin ən qabaqcıl təbliğatçısı və sadiq dəstəkçisi olacaq.

Sizə ölkəmizin inkişafı, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq”.

 

İlhamə İsabalayeva: “Hörmətli cənab Prezident. Sizin ölkədə kütləvi informasiya vasitələrinin inkişafına verdiyiniz dəstək hər zaman hiss edilib. İstər maddi, istər mənəvi baxımdan verdiyiniz dəstəklə daim jurnalistlərin yanında olduğunuzu hiss etdirmisiniz, onların fəaliyyətinə stimul vermisiniz, problemlərinin həllinə müxtəlif formalarda yardım etmisiniz. Bu gün deyə bilərik ki, Azərbaycan jurnalistikasının inkişafı üçün əzmlə çalışan, əlindəki qələmi ilə Vətənə layiqincə xidmət edən hər bir KİV nümayəndəsi bu və ya digər formada layiqli qiymətini alır.

Cənab Prezident, artıq 20 ildir ki, jurnalistika sahəsində vicdanla, yorulmadan, alnıaçıq çalışıram. Sizin tərəfinizdən "Tərəqqi" medalı ilə təltif edilməyim mənim 20 illik jurnalistlik fəaliyyətimə verilən ən böyük dəyərdir. Verdiyiniz bu qiymət mənim üçün böyük stimul, qurur mənbəyidir. Bu sevinci mənə, eləcə də təltif edilən digər həmkarlarıma yaşatdığınıza, jurnalistlərə verdiyiniz mənəvi dəstəyə görə, cənab İlham Əliyev, Sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, “Tərəqqi” medalına layiq görülən və fəxri ad alan hər bir həmkarım Sizin bu yüksək etimadınızı doğruldacaq və bundan sonra Vətənə daha böyük əzmlə xidmət edəcək. Təşəkkür edirəm, cənab Prezident”.

Səbinə Həsənova: “Möhtərəm cənab Prezident. Hər şeydən öncə Sizə ölkəmiz üçün etdiklərinizə görə bir vətəndaş kimi təşəkkür edirəm. Məhz Sizin sayənizdə Azərbaycan Respublikasının nüfuzu gündən-günə artır, ölkəmiz sabitlik və inkişaf məkanına çevrilib. Siz dünya siyasi elitasında özünəməxsusluğu, intellektuallığı, xüsusi strategiyası ilə seçilən və ən əsası millətin birlik və bərabərliyini təsis etməyi bacarmış örnək bir dövlət başçısısınız. Mediaya başqa heç bir prezidentin bacarmadığı qədər yaxın olmağınız, söz və ifadə azadlığının inkişafına dəstəyiniz çoxlarına nümunədir. Bu gün milli mətbuatımıza dövlət qayğısını hiss etmək biz jurnalistlərə qürur, güvən verir. Bu hissi yaşatdığınız üçün Sizə səmimi qəlbdən təşəkkür edirəm.

Jurnalistlərin əziz dostu, göstərdiyiniz etimada görə Sizə minnətdaram. Dövlətimizin inkişafı və ərazi bütövlüyümüzün bərpası istiqamətində apardığınız mübarizədə, Azərbaycan həqiqətlərinin, haqlı mövqeyimizin dünyaya çatdırılmasında Sizin yanınızdayıq. Bütün çətinliklərin qaşısında xalqı adına məğrur dayanan Prezidentimiz, Sizə işlərinizdə uğurlar, cansağlığı diləyirəm. Tanrı Sizi qorusun”.

“Cənab Prezident, məhz bu kimi humanist addımlarınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk”

“İki sahil” qəzetinin bölmə müdiri Elçin Namazov: “Hörmətli cənab Prezident.

Sizin iyunun 30-da milli mətbuatın 145 illik yubileyinin keçirilməsinə dair imzaladığınız Sərəncam və o cümlədən 22 iyul-Milli Mətbuat Günündə ölkə jurnalistlərini fəxri adlar və mükafatlarla təltif etməyiniz Azərbaycan mətbuatının inkişafına göstərdiyiniz qayğının və diqqətin daha bir bariz nümunəsidir. Eyni zamanda, məhz iyulun 22-də Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç yüz min, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına üç milyon manat ayırmağınız bir daha göstərdi ki, Siz söz azadlığının inkişafına, demokratik və qərəzsiz mətbuatın formalaşmasına və təkmilləşməsinə yeni töhfələr verməkdəsiniz.

Cənab Prezident, məhz bu kimi humanist addımlarınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, Sizin 22 iyulda imzaladığınız sərəncamlarla ölkəmizin digər tanınmış və qabaqcıl jurnalistləri ilə bərabər “İki sahil” qəzetinin bölmə müdiri olaraq məni də “Tərəqqi” medalı ilə təltif etmisiniz. Mənim və təltif olunan digər jurnalistlərin çətin və şərəfli əməyini yüksək qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

Real Televiziyasının xüsusi müxbiri Kamran Qasımov: “Möhtərəm cənab Prezident.

Milli Mətbuatımızın 145 illik yubileyi münasibətilə məni Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görməyiniz mənim üçün böyük şərəfdir. Azərbaycan mediasında Vətənimizə, dövlətimizə xidmət edən peşə sahibi kimi hansı qürur hisslərini keçirdiyimi təsəvvür edə bilmirəm. Bu Sizin jurnalistlərin fəaliyyətinə verdiyiniz ali diqqət və qayğının təzahürüdür. Bu gün bizim üzərimizə düşən məsuliyyət dövlətimizin, xalqımızın ali maraqlarına xidmət edən peşəkar və düzgün informasiya mühitini formalaşdırmaq, vətənpərvərlik ruhumuz, bilik və bacarıqlarımızla Ali Baş Komandanımızın, Prezidentimizin ətrafında sıx birləşməkdir. Bu bütün missiyaların ən şərəflisidir və mən də ömrüm boyu bu missiyanın icraçısı olacağam. Məni bu ali mükafata layiq gördüyünüz üçün Sizə bir daha dərin təşəkkürümü bildirməkdən qürur duyuram”.

 “Azərbaycan” qəzetinin əməkdaşı Allahverdi Mehdiyev: “Hörmətli cənab Prezident.

Dövlətə rəhbərlik edəndən bəri yürütdüyünüz siyasət cəmiyyət həyatının bütün sahələrində sistemli islahatlarla müşayiət olunur. İslahat prosesi mediadan da yan keçmir. Milli mətbuat ənənələrinin qorunub saxlanması, medianın ictimai-siyasi həyatda yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu həmişə diqqət mərkəzində saxlayırsınız. Dövlətçilik ənənələrinə bağlı olan, milli maraqları rəhbər tutan mətbuatın inkişafını prioritet vəzifə kimi qarşıya qoyaraq ardıcıl tədbirlər görürsünüz. Bu baxımdan milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında verdiyiniz Sərəncam ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Yubiley ölkəmizdə geniş qeyd olunmuşdur. Bu münasibətlə milli mətbuatın inkişafında xidmətləri olan bir sıra jurnalistləri mükafatlandırmısınız. Təltif olunanlar arasında mən də varam. Məni “Əməkdar jurnalist” fəxri adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Qaşqay Ramazanov: “Möhtərəm cənab Prezident.

Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi ilə əlaqədar 22 iyul 2020-ci il tarixində imzaladığınız “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncamınız mənə ikiqat bayram sevinci bəxş etdi.

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərimi yüksək qiymətləndirərək məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə minnətdarlığımı çatdırmaq istəyirəm. Səmimi olaraq bildirirəm ki, dövlət başçısı tərəfindən təltif olunmağım müstəqil dövlətimizin gələcəyi naminə daha böyük əzmlə və həvəslə çalışmağım üçün stimul verir. Eyni zamanda, Azərbaycan mətbuatında uzunmüddətli fəaliyyətimə verdiyiniz dəyərə görə dərin məmnunluq hissi keçirir və bu təltifi çalışdığım “Yeni Azərbaycan” qəzetinin kollektivinə göstərilən diqqət və qayğının təzahürü hesab edirəm”.