31 may 2020 20:47
4163

Kompleks Qazma İşləri Trestinin növbəti parlaq uğuru

“Bulla-dəniz” yatağındakı 6703 metr dərinliyə malik 91 saylı quyuda qazma işləri müvəffəqiyyətlə başa çatdırılıb və yüksək hasilatla mədənçilərə təhvil verilib

Daim yeniliyə can atan, yeni texnika və mütərəqqi texnologiyanı uğurla tətbiq edən SOCAR-ın Kompleks Qazma İşlər Trestinin kollektivi qazma prosesinin dünya standartlarına uyğun, təhlükəsizlik qaydalarına əməl etməklə, ətraf mühitə ziyan vurmamaqla yüksək texniki göstəricilərlə, qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq qazma işlərini uğurla həyata keçirməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, müstəqillik dövründə milli neft sənayemizin parlaq səhifələrindən olan “Ümid” yatağını kəşf edən ilk quyu da məhz Kompleks Qazma İşləri Trestinin kollektivi tərəfindən qazılıb. Bu uğur silsiləsini istənilən qədər “Qoşadaş”, “Ələt-dəniz”, “Ağburun”, “Qum adası”, “Cahandar”, “Türkan”, “Bəyimdağ-Təkçay”, “Pirallahı adası”, ”Böyükdüz”, “Şimali Şıxıqaya”, “Tumbul”, “Eldaroyuğu”, “Muradxanlı”,“Bulla-dəniz”, “Günəşli”, “Neft Daşları”, “Çilov”, “Qərbi Abşeron”, “Darvin Bankası” yataqlarında əldə olunmuş geoloji-texnoloji nəticələrlə işıqlandırmaq mümkündür. Bu uğur zəncirinin ən parlaq halqalarından biri olan “Bulla-dəniz” sahəsində 12 nömrəli DSÖ-dən strukturun şimal-şərq qanadında birinci tektonik blokun geoloji quruluşunu, MQ-ın VIII horizontunun litofasial xüsusiyyətlərini, neft-qazlılığını müəyyənləşdirmək və qiymətləndirmək üçün layihələndirilmiş 91 nömrəli kəşfiyyat quyusu əldə olunmuş parlaq nailiyyətlər toplusudur.

Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində karbohidrogen zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağı çox mürəkkəb geoloji-tektonik quruluşa və hidrodinamik şəraitə malikdir. Karbohidrogen ehtiyatlarının toplandığı məhsuldar qat çöküntülərinin yer təkinin çox dərinlərində yerləşməsi, anomal yüksək lay və məsamə təzyiqlərinin mövcudluğu, qazma prosesinin aparılmasında mühüm rol oynayan qazma məhlulunun ekvivalent sıxlıq pəncərəsinin dar olması, stratiqrafik kəsilişində böyük sərtliyə malik süxurların yerləşməsi, az dayanıqlı və dəyanətsiz təbəqələrin rast gəlməsi qazma işlərinin daha da mürəkkəb şəraitdə aparılmasına gətirib çıxarır. 

Bütün bunları nəzərə alaraq qazma işlərinin mürəkkəbləşməsiz və keyfiyyətlə başa çatdırılması üçün 12 nömrəli özüldə ABŞ və Çindən alınmış, müasir texniki-texnoloji tələblərə cavab verən, “Top Drive” mexanizmi ilə təchiz olunmuş, böyük yük qaldırma qabiliyyətinə malik dünya qazmaçılarının son nailiyyətlərindən olan müasir ZJ 70 DBS qazma qurğusu ilə qazma işləri həyata keçirilib. Həmçinin bu quyuda ən müasir qazma alətinin tutulma ehtimalı minimum olan karbohidrogen əsaslı qazma məhlulundan, qazma vaxtı quyu lüləsinin əyriliyinə və stratiqrafik kəsilişə nəzarət edən LWD/MWD telemetrik ölçü cihazlarından, litoloji kəsilişə uyğun yüksək texniki göstəricilərə malik və beynəlxalq standartlara cavab verən PDC tipli baltalarla yığılmış QKAH-dan, qazmaya geoloji-texnoloji nəzarəti həyata keçirən DNV serifikatlı “Shenkay” firmasının istehsalı olan SK-CMS geoloji texnoloji nəzarət stansiyasından və FİD xromotoqrafdan istifadə olunub. Qazma prosesində udulmanın qarşısını almaq və həmçinin ekvivalent dövran sıxlığını miniuma endirmək məqsədilə qazma məhluluna müntəzəm surətdə müxtəlif inert doldurucular əlavə edilib, qazma məhlulunun reoloji parametrlərinə ciddi surətdə nəzarət edilib. Dünyanın az sayda geoloji cəhətdən çox mürəkkəb yataqlarında qazma məhlulunun ekvivalent sıxlıq pəncərəsinin dar olması şəraitində istifadə edilən “MPD” qazma vaxtı təzyiqlərin idarə edilməsi sistemi Azərbaycan qazmaçıları tərəfindən milli sektorda ilk dəfə olaraq 91 nömrəli kəşfiyyat quyusuna tətbiq edilib. Kompleks Qazma İşlər Trestinin müdiri Əliş Həsənov dəfələrlə 12 saylı SDÖ-yə gələrək bu sistemin quraşdırılması və işə buraxılmasına bilavasitə rəhbərlik edib, sonrakı mərhələlərdə isə sistemin iş prinsipini nəzarətdə saxlayıb. MPD texnologiyasının istifadəsi 91 nömrəli kəşfiyyat quyusunda baş verə biləcək mürəkkəbləşmələrdən sığortalanmağa, həmçinin qazma işlərində yüksək kommersiya sürətinin əldə edilməsinə imkan verib.

Qeyd olunan resurslardan düzgün istifadə olunması, qurğuda çalışan qazma briqadası üzvlərinin peşəkarlığı, Kompleks Qazma İşləri Trestinin mühəndis-texniki heyətinin qazma prosesinə ciddi nəzarət etməsi və ekstremal şəraitdə vaxtında dəqiq qərarların verilməsi nəticəsində, 6703 metr dərinliyə kimi qazılmış 91 nömrəli quyuda ardıcıl olaraq parlaq uğura imza atılıb. Belə ki, ilkin olaraq, 339,7 mm diametrli aralıq kəmərin (535.7 ton) bir əməliyyatla 5000 metr dərinliyə endirilərək sementlənməsi, daha sonra regionda ilk dəfə olaraq, 254 mm diametrli aralıq kəmərin (598.68 ton) 5855 metr dərinliyə bir əməliyyatla müvəffəqiyyətlə endirilməsi və kəmərarxasının sementlənməsi bu nailiyyətlərin bariz nümunəsidir. Bunun nəticəsində quyunun qazma xərclərinə və müddətinə ciddi şəkildə qənaət olunub, növbəti intevalların qazılması prosesində gözlənilən  bir sıra risklər aradan qaldırılıb.

Kəşfiyyat quyusu kateqoriyasına uyğun olaraq, qazılmış quyunun başlıca vəzifələrindən biri də qazma zamanı bir sıra geoloji-geofiziki tədqiqatların aparılması ilə yatağın geoloji-litoloji quruluşunun dəqiqləşdirilməsi olub. Trest bu istiqamətdə uğur ahəngini qoruyub saxlaya bilib, layihədə nəzərdə tutulmuş geoloji-geofiziki tədqiqat işlərinin çox mürəkkəb geoloji şəraitdə dəqiqliklə və uğurla həyata keçirilməsinə nail olub. Belə ki, təsdiqlənmiş iş planlarına uyğun olaraq, Məhsuldar Qatın VII horizontundan “Azlab” MMC-nin mühəndis-texniki xidməti ilə birlikdə 6075-6084 metr intervalında 8,5 metr uzunluqda və 6165-6174 metr intervalında 8,2 metr uzunluqda kern nümunələri qaldırılıb. Hazırda həmin süxur nümunələrinin (kern) Azlab MMC tərəfindən laboratoriya analizləri aparılmaqdadır.

Bununla yanaşı, dünya şöhrətli “Schlumberger” şirkəti tərəfindən açıq quyu lüləsində lay təzyiqinin ölçülməsi, akustik karotaj, neytron məsaməlilik və nüvə-maqnit karotajı işlərinin uğurla həyata keçirilməsinə nəzarət olunub. Əldə olunmuş geoloji-geofiziki məlumatlar kəsilişi əks etdirən layların lay təzyiqinin öyrənilməsi, layların kollektorluq və petrofiziki xüsusiyyətlərinin, su-neft, qaz-neft, qaz-su kontaktlarının dəqiqləşdirilməsində mühüm rol oynayacaq. Həmçinin 91 nömrəli quyudan əldə olunan məlumatlar yatağın tammiqyaslı işlənməsi proqramının həyata keçirilməsi, birinci tektonik blokda layların işlənməsi, modelləşdirilməsi və MQ VIII horizont (QÜQ), o cümlədən kəsilişdə üstdə yatan məhsuldar layların cari karbohidrogen doyumluluğunun dəqiqləşdirilməsi, növbəti quyuların qazılmasının əsaslandırılması və optimal quyu quruluşlarının seçilməsində, quyu lüləsinin stabilliyinin təmin olunmasında əvəzsiz mənbə kimi istifadə ediləcək. 

Qeyd edək ki, bu günlərdə 91 saylı quyuda 139,7 x 168,3 x 177,8 mm-lik istismar kəməri 574 atm təzyiqdə kipliyə yoxlanılıb və quyu müvəffəqiyyətlə qazmadan qurtarıb. Quyuda mənimsəmə işlərinə başlanılıb və sınaq işləri zamanı 5523-5608 intervalında perforasiya işləri aparılıb. Quyu 26 may 2020-ci il tarixdə gündəlik 420 min kubmetr qaz, 163 ton kondensat hasilatı ilə istismara daxil edilərək mədənçilərə təhvil verilib. Bu uğurlu nəticə 1-ci blokda növbəti quyuların qazılmasına zəmin yaradıb.

Trestin peşəkar kollektivi qazma apardığı qazma sahələrdə də təhlükəsiz əmək şəraiti, mühafizə olunan ətraf mühit və peşəkar yanaşma anlayışı ilə fəaliyyətini davam etdirməkdədir və gələcəkdə də müasir avadanlıqlardan, qabaqcıl texnika və texnologiyalardan, innovativ proqramlardan istifadə edərək respublikamızın dəniz və quru sahələrində axtarış-kəşfiyyat və istismar quyularının müvəffəqiyyətlə qazılmasını təmin etmək istiqamətində bütün imkanlarını səfərbər edərək yeni-yeni əmək nailiyyətləri əldə etmək əzmindədir.

Rəşad Bağırov, “İki sahil”