09 yanvar 2020 10:31
1479

Könüllülük hərəkatı gənclərin yeni inkişaf modeli kimi

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər İli” elan edilib. Ölkəmizdə artıq neçə illərdlir ki, könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb. Könüllülərimiz öz təşəbbüskarlıqları ilə ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.

Ölkə başçısı bildirib ki, könüllülər hərəkatının xüsusi əhəmiyyəti var: “Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün “ASAN xidmət” bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. “ASAN xidmət” yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır”.

Demək olar ki, bu gün ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Bu gənclər müstəqilliyimizin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində, dövlətin qarşısında duran vacib problemlərin həllində öz sanballı töhfələri ilə fəallıq göstərirlər.

“ASAN xidmət” könüllüləri təşkilatının sədri Səbinə Cabbarova bildirdi ki, ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Ölkə başçısının gəncləri düzgün yola istiqamətləndirməsi, gəncliyə xüsusi diqqət və qayğı göstərməsi ölkəmizin sürətli inkişafına böyük təsir göstərib. Eyni zamanda, gənclər siyasəti gənclərin yeni inkişaf modeli kimi təqdim edilən könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb. Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərdə könüllülər öz vəzifələrini layiqincə yerinə yetirirlər.

Fərhad İbadlı diqqətə çatdırdı ki, gənclər siyasətinin düzgün həyata keçirilməsi dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirməklə yanaşı, onun həyata keçirməyə çalışdığı siyasətin dəstəklənməsinə və müvəffəqiyyətlə reallaşmasına gətirib çıxarır. Çünki gənclər dövlətin gələcək idarəçiləridir. Azərbaycan Prezidenti İlham Əliyev gənclərin potensialından tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə mütəmadi olaraq Fərman və sərəncamlar imzalayır. Gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Könüllü  Könül Qurbanova qeyd etdi ki, Azərbaycan tək-tək ölkələrdəndir ki, burada fəal gənclər siyasəti həyata keçirilir.  Azərbaycan gənci təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda ən müasir təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə çalışır və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Könüllü Murad Hüseynli bildirdi ki, ölkəmizdə dövlət qulluğuna qəbul olunan gənclərin sayı artmaqda olduğunu vurğuladı. Bildirdi ki, son illər dövlət orqanlarına işə qəbul edilənlərin 70 faizə qədərini gənclər təşkil edir. Ölkə başçısı  İlham Əliyevin apardığı dövlət gənclər siyasəti Azərbaycan gənclərinin cəmiyyətdə rolunu, onların ölkəmizin inkişafında iştirakını və məsuliyyətini daha da artırmışdır. Mən də bir gənc könüllü olaraq dövlət başçımızın biz gənclərə göstərdiyi etimadı doğruldacağıma söz verirəm.

Könüllü Bəyaz Mirseyidzadə bildirdi ki, bu gün Azərbaycan gəncləri öz potensialına görə heç də digər ölkə gənclərindən geridə qalmırlar, əksinə, irəlidədirlər. Hazırda  Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyanın istənilən  ölkəsinə nümunə ola bilər. Azərbaycan gəncləri müxtəlif bilik və idman  yarışlarında, olimpiadalarda yüksək nəticələr göstərirlər. Mötəbər idman yarışlarında gənclərimiz Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandırırlar.

Könüllü Aqşin Məmmədov isə qeyd etdi ki,  Azərbaycan gəncliyi ona göstərilən böyük etimadı yüksək qiymətləndirir, dövlət və xalq qarşısında öz vəzifə və məsuliyyətini yaxşı dərk edir. Hesab edirəm ki, gəncliyin ölkə başcısı İlham Əliyevin  ətrafında sıx birləşməsi ilə Azərbaycan daha böyük uğurlara imza  atacaq.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”