19 mart 2020 10:08
599

Koronavirusla bağlı Sumqayıt sakinlərinə - MÜRACİƏT

Ölkəmizin hər yerində olduğu kimi Sumqayıt şəhərində də Koronavirusa qarşı aparılan tədbirlər davam edir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, qabaqlayıcı tədbirlər həyata keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb. Komissiya tərəfindən şəhər sakinləri arasında maarifləndirici tədbirlər həyata keçirilir, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhər sakinlərinə müraciət edərək ictimai yerlərdən uzaq durmağı, ictimai nəqliyyatlardan az istifadə etməyi, vacib olmayan səfərləri ləğv etməyi tövsiyə edir.

"İki sahil" Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı yaradılmış komisiyanın şəhər sakinlərinə müraciətini təqdim edir:

Hörmətli şəhər sakinləri,

Məlum olduğu kimi, 2019-cu ilin dekabr ayından Çinin Uhan şəhərində ilk qeydə alınan Koronavirus epidemiyası dünyanın 150-dən çox ölkəsində qeydə alınıb və yayılmaqdadır. Ölkəmizdə, eləcə də şəhərimizdə Koronavirusa qarşı aparılan tədbirlər ən yüksək səviyyədə davam edir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır.

Şəhərimizdə Koronavirus epidemiyasına yoluxmanın və yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə aşağıdakı tövsiyyələri nəzərə almağınız sizdən xahiş olunur:

1. Ev şəraitində əsas proflaktik tədbirlərə ciddi riayət edin ( sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə te-tez əllərinizi yuyun, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasda olmayın)

2. Özünüz və ailə üzvləriniz insanların sıx toplaşdığı yerlərə(ticarət və əyləncə mərkəzlərinə, parklara, meydanlara, şənlik mərasimlərinə və s. ) hər hansı kütləvi tədbirlərə, ekskursiyalara və ya səyahətə getməkdən çəkinin.

3. Televiziya kanallarında bu təhlükəli epidemiya ilə bağlı maarifləndirici verilişlərə baxmağınız çox vacibdir.

4. Hər hansı qripəbənzər simptomlar müşahidə olunarsa ( hərarət, öskürək, ürəkbulanma, qusma, başağrıları, ümumi halsızlıq, tənginəfəslik, boğulma və s.) mütləq həkimə müraciət edin.

5. Siz bununla həm özünüzü, həm də ailə üzvlərinizi və bütövlükdə ictimaiyyətin sağlamlığını qorumuş olursunuz.