18 may 2020 17:18
271

Korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə davam etdirilir

Son vaxtlar respublikamızda korrupsiya və rüşvətxorluq hallarına qarşı ciddi mübarizə aparılması, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edən vəzifəli şəxslərə qarşı tədbirlərin görülməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və göstərişlərinə uyğun olaraq zəruri tədbirlər həyata keçirilir. Hazırda bu istiqamətdə aidiyyəti qurumlar, o cümlədən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xüsusi əməliyyatlar keçirilməklə korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılır. Mövzu ilə bağlı ölkə başçısı çıxışlarında daim vurğulayır ki, bu sahədə görülən tədbirlər respublikamızda korrupsiyanın, rüşvətxorluğun kökü tamamilə kəsilənə qədər davam etdiriləcək. Çünki, korrupsiya və rüşvətxorluq dövlətimizin əsaslarına zərbə vuran, ana sütununu dağıdan ən əsas məsələlərdir.

Ölkə prezidenti öz çıxışlarında hər zaman məmurlara müraciət edərək, onları düzgün və ədalətli olmağa çağırmışdır. Ancaq dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq bəzi vəzifəli şəxslər rüşvət və korrupsiya hallarına son qoymayaraq mənəviyyata sığmayan hərəkətlər etmişlər. Sözü gedən məmurların bu xəyanətləri həm hüquqi, həm də mənəvi baxımdan  bağışlanmaz cinayətdir. Koronavirusla mübarizə aparıldığı bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı mənimsəmək həm də böyük vicdansızlıqdır. Belə bir vəziyyətdə imkansız vətəndaşların ərzaq paylarını, maaşlarını mənimsəyənlər isə şübhəsiz ki, ən ciddi cəzaya layiqdirlər. 

Korrupsiya və rüşvətxorluğa qarşı DTX tərəfindən Ağstafa, Yevlax, Biləsuvar, İmişli və Neftçala rayonlarında, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrində, Mədəniyyət Nazirliyində və DSX-da müxtəlif vaxtlarda əməliyyatlar keçirilmişdir. Bu əməliyyatlar xalqımıza və məmuralara bir daha göstərdi ki, heç bir dövlət orqanında toxunulmazlıq yoxdur və məmurların toxunulmazlıq iddiası sadəcə mifdən ibarətdir,  hər kəs qanun qarşısında bərabərdir və hər bir şəxs  qeyd-şərtsiz qanunlara tabe olmalıdır.  Qeyd edək ki, Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi  bu  vəzifəyə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdırmışdır.

Bu gün də hər bir məmur dövlətimizin başçısının xəbərdarlığından nəticə çıxarmalı və Prezidentimizin məmurlarda görmək istədiyi keyfiyyətləri özlərində aşılamalıdırlar. Əks halda, onlar qanunun gücü ilə qarşılaşacaqlar. Cənab Prezident məmurlarda görmək istədiyi keyfiyyətləri Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib: “Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır.” Bəli, hər bir dövlət məmuru Cənab Prezidentin qoyduğu prinsiplərə əməl etməli və dövlət siyasətinin əsası olan vətəndaşlara xidmət və ədalət prinsipini öz vəzifələrində tətbiq etməlidirlər.

Bu gün bütün Azərbaycan ictimaiyyəti cənab Prezident tərəfindən aparılan anti-korrupsiya əməliyyatlarını izləyir və təqdir edir. Vətəndaşların məmmunluğunu ölkə başçısına ünvanlanan çox saylı məktublarda da görmək mümkündür. Qeyd edək ki, ölkədə korrupsiyadan uzaq, şəffaf mühitin yaradılması üçün vətəndaşlar da öz üzərinə düşən məsuliyyəti dərk etməli və bu mübarizədə hökumət-vətəndaş əməkdaşlığını təmin etməlidirlər. Bu sözsüz ki, hər birimizin vətəndaşlıq borcudur.

Xəyalə Cavanşirli,
Pirallahı rayon sakini