21 oktyabr 2020 19:04
826

Maska tax, məsafə saxla, gigiyenik qaydalara əməl et

Payız mövsümünə xas olan respirator xəstəliklərin artdığı bir məqamda  pandemiyaya qarşı mübarizə ikiqat  diqqətli olmağı tələb edir. Bütün dünya dövlətlərini bürüyən, ən güclülərin belə qarşısında aciz qaldığı koronavirusa yoluxanların sayının artması  narahatlıq doğurur.

Millətindən, dinindən, qüdrətindən asılı olmayaraq hamı COVID-19-un qarşısında ağ bayraq qaldıranlar çıxış yolları axtarır, peyvəndlərin tapılması istiqamətində axtarışlar intensivləşir, mütəxəssis rəyləri öyrənilir. Epidemioloji vəziyyəti təhlil edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru  Hans Kluge virusa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsini, sərt addımların atılmasını   zəruri hesab edir. İnsanların ictimai yerlərdə sıxlıq halında toplanmasının, maskasız gəzməyin  pandemiyanın yayılmasında rolunu xüsusilə qeyd edən ÜST rəsmisi  bildirir ki,  pandemiyaya qalib gəlmək üçün hər kəs başqalarına qarşı da diqqətli olmalı, ictimai qınaq halları artırılmalıdır.  Müharibə şəraitində yaşayan Azərbaycan vətəndaşları ictimai qınağa xüsusilə diqqət yetirməli, bununla da cəbhədə vuruşan əsgərlərimizə dəstək olmalıdırlar.

ÜST-ün açıqlamasında qeyd olunduğu kimi, virus əleyhinə vaksinanın tapılması haqqında danışmaq tezdir.  Avropa bölgəsində  10 gündə  virusa yoluxanların sayının 6 milyondan 7 milyona yüksəlməsi  Təşkilatın payızda COVID-19-a yoluxma hallarının artacağı barədəki proqnozunu təsdiqləyir. Hazırda başlıca məqsəd insanlar arasında  yoluxma hallarının qarşısını almaq,  ölümlərin sayını azaltmaqdır.  İnsanlarda qorxu, təlaş yaradan virusa qarşı mübarizənin ilk mərhələsi kimi,  dövlətlərarası əlaqələr donduruldu,  gediş-gəlişə məhdudiyyətlər qoyuldu, bütün ölkələrdə karantin rejimləri, komendant saatları tətbiq edildi. Parklar, küçələr  tənhalaşdı. Müxtəlif dillərdə səslənsə də  «məsafəni qoru», «evdə qal» kimi  xatırlatmalar bütün xalqların əməl etdiyi  bəşəri çağırış kimi hamı tərəfindən qəbul edildi. Dövlətlər, insanlar arasında  məsafələr uzaqlaşsa da, mənəvi məsafələr yaxınlaşdı, başqalarına dəstək bəşəri ideya kimi genişləndi.

Pandemiyaya qarşı mübarizənin kompleks şəkildə  təşkil olunduğu ölkəmizdə ilk günlərdən atılan addımlar, həyata keçirilən məqsədyönlü  tədbirlər nəticəsində yeni yoluxma halları nisbətən azalsa da, hazırda bu xəstəliyi göstərən statistik rəqəmlər  həyəcan təbili çalır.  Nazirlər Kabineti yanında yaradılmış  Operativ Qərargahın xəstəliklə bağlı günədlik açıqlaması da göstərir ki,  COVID-19-la mübarizədən az itki ilə çıxmaq üçün hər bir vətəndaş  nəzərdə tutulan  gigiyenik qaydalara əməl etməli, özünü və ətrafındakıları qorumalıdır.

Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün  ayrılan xəstəxanalarda yaradılan şəraitin nəticəsidir ki, başqa ölkələrə nisbətən ölkəmizdə ölüm halları  azdır. Bu da səbəbsiz deyil. İlk günlərdən təhlükənin qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyü ölkəmizdə müasir tipli modul xəstəxanaların açılması, “Yeni klinika”nın, Fövqəladə Hallar Nazirliyinin inşa etdiyi  hospitalın istifadəyə verilməsi, xəstəliklə mübarizənin əsas şərtlərindən olan tibbi maskalar, həkimlər üçün nəzərdə tutulan qoruyucu geyimləri istehsal edən müəssisələrin açılması, nəqliyyat vasitələrinin hərəkətlərinə qoyulan məhdudiyyətlər,  paytaxtın küçə və meydanlarında, ictimai binaların həyətlərində aparılan dezinfeksiya işləri  profilaktik tədbir kimi  səmərəsini verir.  

Müxtəlif  ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının çarter reysləri ilə Azərbaycana gətirilməsi, onların karantin rejimində saxlanılması təmin edilib.  Təsis edilən Koronavirusla Mübarizəyə Dəstək Fonduna  toplanılan vəsait xəstəliklə mübarizə istiqamətində görülən işlərə sərf olunur. Ölkəmizə  koronavirusun genofonunu öyrənə bilən avadanlıqlar gətirilib.

Təbii ki,  koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına da zərbə vurmuşdur. Azərbaycanda iqtisadi sabitliyi, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə vəziyyətini sabit saxlamaq üçün  dövlət tərəfindən xeyli vəsait ayrılmış, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə  hazırlanmış  Tədbirlər Planında  nəzərdə tutulan tədbirlər  həyata keçirilir.  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin oktyabrın 21-nə olan  məlumatına görə yeni yoluxma hallarının 700-ü ötməsi  təhlükənin artan riskindən xəbər verir. Belə ki, hər kəs vətəndaşlıq məsuliyyətini daha da artırmalı,  özünə və ətrafındakılara qarşı diqqətli olmalı, «Maska tax, məsafə saxla, gigiyenik qaydalara əməl et» sözlərini unutmamalıdır.
 

 Xuraman İsmayılqızı, «İki sahil»