08 iyul 2020 18:47
1369

Mehriban Əliyeva şəhid ailələrinin ev problemini nəzarətə götürdü

Mingəçevir şəhərində yaşayan, 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş gizirlər Adil Adilzadə və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən dərhal müsbət münasibət bildirilib.

Bu barədə Azvision.az -a “Zəfər”Şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova məlumat verib.

"Hər iki ailə uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Bizim təşkilata qəza vəziyyətində olan evlərinin təmiri ilə bağlı ünvanlanmış müraciətlə əlaqədar Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verdik.

Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzində bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək.

Mehriban xanımım bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə apardığımız bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmayıb. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır.

Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə sayğı duymaya, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. Şəhid ailələri adından göstərilən diqqət və sayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk", - deyə S.Orucova bildirib.