28 fevral 2019 10:52
968

“Məzlumların” özlərinin törətdikləri faciəyə ağlamaq şousu

Sumqayıt hadisələrinin növbəti ildönümü ərəfəsində hər zaman təxribatçılıq ampluasında olan işğalçı Ermənistanın mediasında məlum olaylarla bağlı “köhnə təranələr”dən ibarət yazılar dərc olunur. Sumqayıtdakı iğtişaşların səbəbkarları və oradakı qırğının birbaşa icraçıları olan ermənilər bu olaylarla bağlı işıq üzü görən yazılarda hər zaman olduğu kimi “adımı sənə qoyum...” prinsipi  ilə hərəkət etməyə üstünlük veriblər.

Tarixə qısa ekskurs etsək, Sumqayıt hadisələrini ermənilərin özlərinin təşkil etdiklərinin şahidi olarıq. Azərbaycan ərazilərini ələ keçirmək planının tərkib hissəsi kimi erməni ekstremistləri tərəfindən həyata keçirilən Sumqayıt  hadisələri  adıçəkilən şəhərə yerləşdirilən və Azərbaycan dilini yaxşı bilən ermənilərdən təşkil olunmuş təxribatçı qruplar tərəfindən həyata keçirilib. 

Sumqayıt hadisələri 1988-ci il fevralın  19-dan etibarən İrəvanda  “Ermənistan türklərdən təmizlənməlidir!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlarla keçirilən kütləvi mitinqlərin məntiqi sonluğu idi. İrəvanda azərbaycanlılara qarşı kütləvi qətllər, qarətlər və deportasiyalar həyata keçirildiyi  zaman həm də Sumqayıt faciəsinin planı cızılırdı. Məqsəd isə beynəlxalq aləmə  guya azərbaycanlıların İrəvandakı mitinqlərin qisasının  Sumqayıtda alınması ilə bağlı təhrif edilmiş “siyasi tablo” təqdim etmək idi. Ancaq tarixi əbədilik  saxtalaşdırmaq mümkün deyil,  həqiqət gec-tez üzə çıxır. Sumqayıtdakı  qırğınının əsl səbəbkarlarının və qətllərin müəlliflərinin ermənilər olduğu indiyədək ad və soyadlarla  arxivlərdə qalmaqdadır.

Sumqayıt hadisələrinin  31-ci ildönümü ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Tvitter” hesabında növbəti sərsəmləməsini yayımlayıb. Ermənistanın baş naziri 1988-ci il fevralın 27-29-da Sumqayıtdakı qırğında ölən ermənilərin xatirəsini yad etməyə çağırıb.

“Armeniasputnik”in verdiyi məlumata görə, baş nazir sosial şəbəkədəki sayıqlamasında guya vaxtilə Dağlıq Qarabağdakı dinc aksiyalara cavab olaraq  Sumqayıtda ermənilərin öldürülməsini və deportasiya edilməsini qeyd edib. Qeyd edək ki, baş nazir bu sarsaq fikirlərini “Bir daha heç vaxt” həştəqi ilə paylaşıb.

Siyasətdən bixəbər üzdəniraq baş nazirin  tarixi  saxtalaşdırmaq cəhdləri, əlbəttə, mümkün deyil. Çünki işğalçı ölkənin rəhbərinin Dağlıq Qarabağdakı “dinc aksiyalar” adlandırdığı mitinqlər ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınları, onların evlərinin, məktəblərin, maddi mədəniyyət abidələrinin, məscidlərin və dini inanc yerlərinin yandırılması, qarət olunması və yerlə-yeksan edilməsi ilə müşayiət olunurdu.

İşğalçı dövlətin rəhbərinə Vaqif Arzumanlı və Nazim Mustafanın həmmüəllifi olduqları “Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq” kitabından qanlı Sumqayıt  faciəsinin araşdırılması zamanı ortaya çıxan tarixi faktları təqdim etmək  yerinə düşərdi:   “Sumqayıt qırğınları” proqramının icraçılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Qriqoryan adında erməninin olması (öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, “Sumqayıt qurbanları”nın xatirəsini “əbədiləşdirmək” üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndidə qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun “vəhşi” obrazını yaratmaq məqsədini güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanmışdı.”

İşğalçı ölkənin”lragir” saytında da bugünlərdə yayımlanan “Xocalı: hərbi əməliyyatların episentrində” sərlövhəli yazıda da Sumqayıt hadisələri ilə bağlı qondarma fikirlər və  sərsəmləmələr  yer alıb. Xocalı soyqırımının birbaşa  günahkarlarından olan Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın 2000-ci ildə Tomas de Vaala verdiyi müsahibədən bir hissənin təqdim olunduğu yazıda   Azərbaycan xalqına qarşı bəşəri cinayətlər törətmiş adıçəkilən əliqanlı qatilin dolayısı ilə Xocalıda Sumqayıt hadisələrinin qisasının alındığını qeyd etməsi bir daha sübut edir ki, əslində Sumqayıt hadisələri erməni separatizminin tərkib hissəsidir, məqsədli şəkildə erməni quldurları tərəfindən gerçəkləşdirilib.

Ermənistan tərəfinin bu qanlı faciəyə hansı don geyindirməsindən asılı olmayaraq, ermənilərin bu faciədə məsuliyyət daşıdığını nə qədər inkar etsələr də, tarix həmişə əsl həqiqəti öz yaddaşında saxlayacaq.

Sevinc Abdullayeva, “İki sahil”