14 fevral 2020 13:46
905

Misir arxeoloqları 83 qədim qəbir abidəsi aşkar ediblər

Misir arxeoloqları ölkənin Dakahlia vilayətinin Ümm Əl-Xelqan rayonunda 83 qədim qəbir abidəsi aşkar ediblər. Qədim Abidələr üzrə Ali Şurasının baş katibi Mustafa Vəziri jurnalistlərə müsahibəsində bildirib ki, bu tapıntılar Aşağı Misirdə Buto sivilizasiya adlanan dövrə - eramızdan əvvəl dördüncü minilliyə aiddir. Onun sözlərinə görə, küpə qəbirlər bu ərazidə olmuş üçüncü Naqada dövründən qalıb. Vəziri əlavə edib ki, bundan əvvəl bu cür məzarları Misirin Tal əl-Fərxa rayonunda Polşa arxeoloqları aşkar ediblər.

AZƏRTAC “Egypttoday” portalına istinadla xəbər verir ki, ərazidə kiçik sərdabalar, onların içərisindən müxtəlif əşyalar, o cümlədən qızılla örtülmüş daşlar tapılıb. Qiymətli tapıntılar Fustat ərazisində yerləşən Misir Sivilizasiyası Milli Muzeyinə aparılacaq. Bu unikal muzey Qahirənin Fustat rayonundakı Babilistan Qalasının yaxınlığında yerləşir və orada 50 mindən çox artifakt nümayiş etdiriləcək. Onun açılışı Giza ehramlarının yaxınlığında, Böyük Misir Muzeyi ilə eyni vaxtda – cari ildə olacaq. Muzeylərdə mumiya və qədim qəbir abidələri, 22 fironun mumiyası nümayiş etdiriləcək. Artıq II Ramzes, Sqeqnenre Tao, Tutanxamon və digərlərinin mumiyaları Böyük Misir Muzeyinə gətirilib.