10 fevral 2020 13:28
392

Misir terrorizmə qarşı vahid Afrika qoşununun yaradılmasını təklif edib

Əddis-Əbəbədə keçirilən Afrika İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının 33-cü sammitində çıxış edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi terrorizmə qarşı vahid Afrika qoşununun yaradılmasını təklif edib. O, bu məsələni müzakirə etmək üçün ölkəsinin Qahirədə xüsusi toplantı keçirməyə hazır olduğunu bildirib.

Misirin Afrika İttifaqına sədrliyi dövründə terrorizmə və ekstremizmə qarşı mübarizədə böyük uğurlar əldə olunub. Prezident əs-Sisi qeyd edib ki, Afrika ölkələri daha yaxşı gələcək naminə terror bəlasının qarşısını almalıdırlar. Misirin dövlət başçısı xatırladıb ki, hazırkı sammit də məhz “Silahlar sussun. Afrikanın inkişafı üçün daha yaxşı şərait” mövzusunda keçirilir.

Sammitin sonuncu iclasında Misir Prezidenti Afrika İttifaqına sədrliyi Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramazofaya təhvil verib. //AZƏRTAC