28 may 2020 20:51
1162

Misirdə karantin rejimi sərtləşdirilir

Misir hökumətinin mayın 28-də keçirilən iclasında Baş Nazir Mustafa Mədbuli COVID-19 virusunun sürətlə yayılmasının qarşısını almaq üçün karantin rejiminin daha 15 gün müddətinə sərtləşdiriləcəyini bildirib.

Ramazan bayramından sonra insanların səhər saat 08:00-dan axşam 18:00-dək evdən çıxmalarına icazə veriləcək. Bundan başqa, tibbi maskalar taxmayanlara qarşı cərimələr tətbiq olunacaq. Hökumətin qərarında restoran, kafe, kazino, gecə klubları, barlar, ticarət mərkəzləri, əyləncə məkanları və mağazaların da iyunun 15-dək bağlı olacağı qeyd olunub.

Baş Nazir universitetlərin tibb fakültələrinin müəllim və tələbələrinin də ali təhsil müəssisələrinin xəstəxanalarında koronavirus xəstələrinin müalicəsinə cəlb olunacağını bildirib. O əlavə edib ki, bütün bu zəruri tədbirlər pandemiyanın daha çox yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilir.

Qeyd edək ki, Misirdə indiyədək yeni növ koronavirusa 19 min 666 yoluxma halı qeydə alınıb, 816 nəfər isə həyatını itirib. //AZƏRTAC