18 aprel 2019 11:08
2701

Mobil telefonlar: həyatımızın ayrılmaz parçası

Müasir insanı mobil telefonsuz təsəvvür etmək çətindir. Bu kiçik əşya bizim varlığımızı və həyat ritmimizi tamamilə dəyişib. İnsanların çoxu təsəvvür belə edə bilmir ki, düşünülən işləri telefonsuz necə etmək olar. Ölkələr nə qədər çox inkişaf edibsə, oranın əhalisinin mobil telefondan asılılığı da o qədər artır. Əlbəttə dünyada elə ölkələr də vardır ki, onların sakinləri telefonun nə olduğundan ümumiyyətlə, xəbərsizdir.

Aşağıda mobil telefon istifadəsi ilə bağlı maraqlı faktlarla tanış ola bilərsiniz:

1. Bir müddət əvvəl Şimali Koreyada mobil əlaqə qadağan idi. Telefondan istifadəyə qanunla qadağa qoyulmuşdu. Qadağa təkcə yerli əhaliyə deyil, turistlərə də tətbiq olunurdu. Mobil telefonla tutulan insana hətta ondan istifadə etməsə belə həbs cəzası verilirdi.

2. Ümumi statistik göstəricilərə görə, bütün dünya üzrə hazırda 3,3 milyard işlək mobil telefon var. İl ərzində 125 milyon telefon cihazı zibilliyə atılır. Dünyada mobil telefon istifadəsinə görə lider koreyalı yeniyetmələr və tələbələrdir. Tədqiqatlara görə, onlar gün ərzində 100 mesaj göndərə bilərlər, lakin bununla yanaşı təhsil səviyyəsi də orada güclüdür. Telefonların sayına görə isə Hindistan birinci yerdədir. Hindistanda hər beş şagirddən birinin telefonu var. Bunun əksi Afrikada müşahidə olunur, belə ki orada mobil telefonun yalnız böyüklər üçün olduğunu düşünürlər.

3. Mobil telefonla ilk zəngi 1973-cü ildə gənc alim Martin Kuper etmişdi. Həmin vaxt o “Motorola” şirkətində çalışırdı. Telefonda mesaj üçün 160 simvolun yaradılması fikri isə ilk dəfə  alman mühəndisi Fridhelm Hillbrauntun ağlına gəlib. O düşünüb ki, bu qədər simvol fikri insanlara çatdırmaq üçün kifayət edir. Bu məsələ ilə bağlı tədqiqatlar və araşdırmaların nəticəsi mühəndisin fikrini təsdiq etdikdən sonra 160 işarə standart olaraq qəbul olundu.

4. Səsvermədə mobil cihazlardan istifadəyə görə nə qədər təəccüblü olsa da Estoniya liderdir. Bu ölkənin səsvermə hüququ olan istənilən sakini məntəqəyə gəlmədən mobil vasitə ilə səsini seçdiyi namizədə verə bilər. Bülleten, blank və s. doldurmağa ehtiyac olmur. Estoniyadan sonra digər dövlətlər də bu üsula maraq göstərməyə başlayıblar.

5. Yaponiyada telefondan müxtəlif məqsədlər üçün geniş istifadə edilir. İnsanların 50%-dən çoxu fanar kimi istifadə edir. Bəziləri real hadisələri telefona qeydə alaraq roman yazır. Belə romanlar orada çox məşhurdur. Yapon analitiklər yaxın gələcəkdə elektron kitabların kağız kitabları üstələyəcəyini düşünür. 

6. Rusiyada sorğu zamanı bəlli olub ki, 35 yaşdan aşağı insanların 75 %-i səhər evdən çıxan kimi mütləq ciblərində telefonun olub-olmadığını yoxlayırlar. İnsanların 90%-i son pullarını belə mobil balansı artırmağa xərcləyirlər. İnsanların 50%-i isə mobil telefon vasitəsilə şəkil, video çəkməklə pul qazandıqlarını bildiriblər.

Nubar Süleymanova, “İki sahil”